Solmaz İbrahimovanın təbriki - ANAR - 80

Hörmətli Anar müəllim! "Literaturnı Azərbaycan" jurnalının kollektivi Sizi - özünün sədaqətli və daimi müəllifini səksən illik yubileyi münasibətilə təbrik edir. Biz fəxr edirik ki, hamısı olmasa da, Sizin əksər əsərləriniz rus dilində ilk dəfə olaraq bizim jurnalımızda işıq üzü görmüşdür. Sevinirik Sizin - sonralar Moskvada "Hər axşam onbirdə" adı ilə ekranlaşdırılan, altmışıncı illər sovet cəmiyyətinin müxtəlif təbəqələri və nəsilləri tərəfindən rəğbətlə qarşılanan və sevilən "Mən, sən, o və telefon" hekayəniz bizim jurnalda nəşr olunub. Sizin ötən əsrin yetmişinci və səksəninci illər gənclərinin klassik həyat tərzini özündə əks etdirən, ülvi məhəbbət nümunəsinə çevrilən "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinizin ilk dəfə bizim jurnalda nəşr olunmasından qürur duyuruq. Əsərlərinizi oxuyan insanlar özlərini sizin müsbət qəhrəmanlarınıza bənzətməyə çalışırlar. Sizin yaradıcılığınız bir çox gənc yazıçılara nümunəvi təsir göstərmişdir. Bu proses bu gün də davam edir.

XXI əsrdə də sizin müxtəlif janrlarda yazdığınız əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanır. Son illər qələmə aldığınız "Ağ qoç, qara qoç", "Göz muncuğu" romanlarınız ölkəmizin hüdudlarından kənarda da böyük maraqla qarşılanmışdır.

Yazıçının şəxsiyyəti onun yaradıcılığından ayrılmazdır. Siz öz əsərlərinizdə neçə-neçə həyatda görmək istədiyiniz insanların obrazını yaratmısınız. Üslubundan, əsərlərindən tanınan, yazısı ilə əməli bir olan yazıçılardansınız. Biz əminik ki, klassiklərimiz kimi, daim yaşayacaqsınız.

Hörmətli Anar müəllim, bu yubiley günlərində əsərləriniz kimi Sizə də uzun ömür arzulayırıq. Şübhəsiz ki, tükənməz yaradıcılıq əhval-ruhiyyəsi, xalqımıza gərəkli olan yeni əsərlərinizi görmək ümidi ilə.

Solmaz İbrahimova   
"Literaturnı Azərbaycan" jurnalının baş redaktoru

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!