İlham RƏhimli
Sonra gec olar
Bir neçə ildir Bakının dağüstı məhəllələrində - Yuxarı dağlıq, Aşağı dağlıq, Abdulla Şaiq, Mirzə Fətəli, Murtuza Muxtarov, "Sovetski" küçələrinin ərazisi daxil olmaqla, söküntü işləri aparılır. Sökülən yerlərdə planlı şəkildə yaraşıqlı, göz oxşayan park, yaşıllıq zolağı, çəmənliklər salınır. Gözəldir, söz ola bilməz. Ancaq sökülən binalar arasında Bakının qədim simasını füsunkarlıqla xatırladan ikimərtəbəli kiçik binalar da var. Məncə, peşəkar memarlardan ibarət xüsusi komissiya yaradıb həmin qurumun qərarı ilə ərazidəki binalardan daha yaraşıqlı, daha fundamental olanlarını, memarlıq nümunələrinə malik tikililəri seçib saxlamaq mümkündür. Sonra onlar parkın xarakterinə uyğun şəkildə təmir edilər, xüsusi cığırlarla bir-birinə yol salınar. Bu cazibəli, yaraşıqlı, göz oxşayan, görkəmcə fərqlənən, eyni zamanda Bakıya, geniş mənada Abşerona məxsus memarlıq elementləri ilə seçilən, yaşıllığa tamlıq gətirən, göz oxşayan həmin binalarda aşağıdakı filialları yaratmaq olar.
Məsələn: Rəssamlar İttifaqı tabeliyində sərgi salonu, Teatr Xadimləri İttifaqına məxsus kiçik teatr səhnəsi, Milli Tarix Muzeyinin, Milli kitabxananın, Xalça muzeyinin, Kukla teatrının, Akademik Filarmoniyanın, Uşaq filarmoniyasının, Musiqi muzeyinin filiallarını, yığcam diyarşünaslıq muzeyi və s. Həmin məkanlarda parka gələnlər, xüsusən, uşaqlar üçün bir-birindən maraqlı tədbirlər, konsertlər, sərgilər, sənət adamları ilə görüşlər, məktəblilərin əl işlərinin sərgilərini keçirmək, uşaqlar üçün kitabların təqdimatını təşkil etmək olar. Təbii ki, bu tədbirlər, əsasən, pulsuz keçirilə, azad girişlə ola bilər. Fikrimcə, nəticədə parkda canlılıq artar, şəhərimizin qonaqları geniş məkanda bir neçə incəsənət ocağı, milli mədəniyyət nümunələri ilə tanış ola bilərlər.
Çox istərdim ki, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, eləcə də paytaxt sakinləri bu məsələ ilə bağlı öz fikirlərini bildirəydilər.
Unutmayaq ki, sökmək həmişə tikməkdən qat-qat asan olur. Amma sökülənin yanğısını, itkisini, şəhərin simasında xarakterik bədii-estetik məzmun daşıyan səciyyəvi binalarının ağrı-acısını heç nə ilə əvəzləmək olmur. Zənnimcə, belə yaşıllıq məkanı ilk növbədə öz milli xüsusiyyətləri ilə seçilməlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
