"Hanı Məlikməmməd ümidi - yollar?.." - İnqilab İsaq

Mehmetciyim

Türk və Azərbaycan əsgərlərinin

müqəddəs amalına

Mehmetciyim,

Can qardaşım…

Ana duaları

Başının üstündə

Yerin, göyün yiyəsi.

Buludlar qorxu çəkməz

Torpaq dopdolu sünbüllə

qılıncdan iti.

Tüstülərin, ocaqların

öz eli, öz obası…

Mehmetciyim,

Sən Vətəni sevgili səngər bildikcə…

Çiçəklər

Səs-səsə verib uğunar.

Baxışlarına təbəssümlə

Göy qurşağı toxunar.

Necəsən, anam, necəsən? -

Deyən dodaqların cavabı kimi.

Mehmetciyim,

Qanlı köynəyin

Göz yaşları qurutduqca

Çərpələng uçurar uşaqlar.

Axı, mavi örpəkli sükutda

Bəxtəvər yaşamalıdı insan,

Yaşamalıdı Bahar!

Neyləyim,

Güllələr açılır hələ də

Təbəssümə,

Gəlinciyə.

Sevincinsə fürsəti dar,

ölüm fürsəti genişdən-geniş

                              körpəyə - Zəhraya.

Dərdimi

aparım haraya?

Könlüm qanlı

Vətən sarıdan,

Amma yumruqlar

Düyünləndikcə

Əbədi vətənləşir bayraqlar.

Qəlbimi dolduran savaş kimi.

Sülh qoşunlu xilaskar -

Mehmetciyim,

Mehmetciyim!

 

Kimsə…

Həvəsim-nəfəsim dağ ətəyində

Bəndə od bəndəsi - yurda çıraqdı.

Taleyin ayrılıq sərhədlərində

Gəlişli-gedişli yollar sınaqdı.

 

Sönmüş ocaqların ahı kiriməz

Çınqısı şenliyə dönənə kimi.

Gözünə ağ daman o qara damlar

Ümid yeri idi dünənə kimi.

 

Xatirə ovutmaz, adama hərdən

Ögeylik göstərər, çaşar bu gün də.

Sinəmin dağı da bir köç yeridi,

Göz yaşı yaylıqla aşar bu gündən.

 

Kim bilmir zülmətdə işıq qapanır,

Çək-çevir etdikcə elə borc çıxır.

Hanı Məlikməmməd ümidi - yollar?

Hara dartınırsan, qara qoç çıxır.

 

Hər dərdin əlacı loğman sözü döy,

Adam var çarəsi bir yaz şivində.

Quru təsəlli də dada yetəndi,

Özünü itirib tapsan evində.

 

Dəmyə bitməyin də sevinci özgə,

Hər yetən kökündən güc tapmır axı.

Tanrı da günahı üzə vurmur ki,

Kimsə dirildəcək…

Sönən ocaqları, quruyan arxı.

 

Ana ətəyi

"Ana, elə yerə gedək orda göy olmasın."

Müharibəni lənətləyən bir uşağın dilindən

Qəzetlərdən

Kirpiyə yığılan od,

Kirpikdən yıxılan od…

Qopar qəflətdən, qopar,

Oyanar yuxusundan,

O yanar yuxusunda.

Dağ görməz, təpə görməz

Yanar, sular da, yanar.

Sahili ləpə görməz.

Sovrulub… Yermi göyə?

Göydən imdad diləməz.

İmdad ana ətəyi

Tanrı ətəyi kimi.

Sığınıb o ətəyə

Uşaq: - Gəl qaçaq deyər,

Yolumuz uzaq deyər.

Göylərdən ölüm yağır,

Göylər də olub yağı…

Quşlar qanadsız qalıb,

Yer, göy də adsız qalıb.

Yanar ana ətəyi

Körpəsinin ahından

Dinib dincəlməz uşaq.

Səma istəyər uşaq,

Sükut istəyər uşaq.

Ulduz-ulduz yuxulu

Yuxu istəyər uşaq.

Bir ana ətəyindən,

Bir ana ətəyindən…

 

Sabaha salam dedim

Sən küsdürən, aldadan

Məndə nə var ki, qadam?

Aldansam da aldadan,

Görüb gündoğan adam

Sabaha salam dedim.

 

Qəlbim pöhrə budama,

Qılınc çəkmə…

Bütövlüyə, bu tama

Sığındığım bu dama,

Şükür, bismillah deyib -

Sabaha salam dedim.

 

Şikaram qurd ovuna,

Odammı yurd ovuna?

Şumu işıq saçaqlı

Könlümün söz-sovuna

Sabaha salam dedim.

 

Qapı var… Bağlı gördüm

Düyünlü bağı gördüm.

Əllərimlə bar tutan

Yenə o bağı gördüm,

Sabaha salam dedim.

 

Kimdi o ötüb keçən,

Dərdimi örtüb keçən?

Şeytan oyaq olsa da,

Alnımdan öpüb keçən

Sabaha salam dedim.

 

Yaşadım…

Güldən tikan qopardım

Ağam, paşam söylədi.

Daş üstə daşı qoydum,

Yurda başam, söylədi.

 

Könül baxış ovladı,

Sevdalım, qadam - dedim.

Kölgəni barışdırıb,

Əl tutdum, adam - dedim.

 

Sınığam, sınıqları

Qəlbin oduna çəkdim.

Bütün ucalıqları

Vətən, adına çəkdim.

 

Əyildim, qara torpaq

Üzün ağ olsun, - dedi,

Bir pöhrə tumarladım,

Qəlbin bağ olsun - dedi.

 

Gecəni oyaq, oyaq…

Sabaha söz bağladım.

Ürəyimin ağrısı

Söz Laçınım, Bağdadım.

 

Yetənə yetmədim ha,

Daş dəydi… daş atmadım.

Baş-ayaq oyununda

Yaşadım, baş qatmadım.

 

Söz elə başa keçir

Canımda can şum-arat,

Bir çevirib yüz ağart.

Axırı ki, üz ağart,

Üz elə başa keçir.

 

Dənələ dən içindən,

Dərdimi dər içindən.

Qəmləri qəm içindən

Tez elə başa keçir.

 

Düyün aç o düyündən,

Bəlkə elə düyün mən?

İplik tutub göyündən,

Çözələ, başa keçir.

 

Binə tut köhnə yükdən,

Öz əlindən - güllükdən.

Köhnəni köhnəlikdən

Təzələ, başa keçir.

 

Bay olmaz qurdu tutan,

Yıxılmaz yurdu tutan.

Öləziməz ki tufan,

Köz elə başa keçir.

 

Yazdığım varaqdadı,

Bəxt-tale soraqdadı.

Ömür çox ayaqdadı,

Söz elə başa keçir.

 

Yuxuda da yuxumun

Belə oyaq, belə məsum

Kimsəm yox sənin kimi.

Saçımı dən-dən hörən

Bir qəm yox, qəmim kimi.

 

Gözün elə gözümdə

Azmış yolları tapır.

Xəbərli, ya xəbərsiz

Rahat bir küncə atır.

 

Canı cənnətdən qovar

Oxuduğun hər avaz.

Amma halımı görsə,

Qəm də utanar bir az.

 

Bu dərdləri, dərdimi

Unudasan bəlkə sən.

Yuxuda da yuxumun

Əzabını çəkirsən.

 

Bir ev işığı

Bir körpə səsinə buludu boylu,

Xəyalı binəli, xəyalı toylu.

Ata ocağıdı, o ata soylu

Qaməti, buxunu şaxdı o evin.

 

Könül ucaltdığı sirli saraydı,

Başının üstündə əqrəbi aydı.

Zaman dərə boyu kiriməz çaydı,

Tanrı saatıdı vaxtı o evin.

 

Adımın üstündə bu da yurd adı,

Ovcumda tutduğum babamın odu.

Ocağı çatılıb - ünvanı, odu,

İstisi, haniri, taxtı o evin.

 

Fikrindən keçəni hardan bilim ki?

Hələ bir körpədi ahıl deyil ki?

Bir yurd işığına dönübsə kim ki,

Demək gətiribdi bəxti o evin.

 

Ağlıma nə gəldi ki...

Yenə bir quş səsində

Kimsə ağlayır deyən.

Duman da elə duman,

Yolu bağlayıb deyən.

 

Payız xəzəl süpürür,

Qaş-qabağı oyunda.

Əli qalxmaz həsrətin

Kim oynayar toyunda?

 

Bəxtin də bəd üzündən

Açılmır sirr qapısı…

Tərs kimi dərdlərində

Növbəsizdi hamısı.

 

Kölgə… kimin kölgəsi?

Tanıdım bəyəm onu?

Ağlıma nə gəldi ki,

Könlümə deyəm onu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!