Azərbaycan Prezidentinin Birinci Türkoloji Qurultay haqqında sərəncamları - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Yalnız Azərbaycanın deyil, bütün türk dünyasının bu il 100 illik yubileyini çox böyük təntənə ilə qeyd etdiyi Birinci Türkoloji Qurultay nə təcavüzkar çarizm dövründə, məsələn, XX əsrin əvvəllərində, nə də sovet hakimiyyətinin "güclənərək" irticaçı xarakter aldığı 30-cu (və ondan sonrakı) illərdə keçirilə bilərdi. Türk xalqlarının milli maraqlarının, türk ziyalılarının bu maraqları elmi əsaslarla həyata keçirmək iddialarının məhsulu olan Qurultayı, çox əlamətdardır ki, dövrün (və dünyanın) həm mədəni-intellektual, həm də siyasi-ideoloji qüvvələri dəstəkləmişlər.

Bizim günlərdə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini azaltmağa, az qala, birbaşa sovet təhlükəsizlik orqanları tərəfindən keçirildiyini sübut etməyə çalışan bəzi "araşdırıcılar" peyda olmuşlar ki, onlar sovet dövrünə hər cür analitizmdən uzaq mücərrəd bir epoxa kimi baxırlar. Halbuki bu dövrün kifayət qədər mütərəqqi mərhələləri olmuşdur.

Sovet hakimiyyəti 20-ci illərdə hər nə qədər sinfi mübarizə eyforiyasına qapılsa da, geniş xalq kütlələrinin savadlanması, türk xalqları arasında maarifin, elmi biliklərin yayılması sahəsində böyük işlər görmüşdür. Hər bir etnik-mədəni sistemin ayrılmaz üzvi tərkib hissəsinə çevrilmiş dini-mənəvi dəyərlərə qarşı cəbhə açsa da, xalqları orta əsrlər geriliyində saxlayan xurafat və fanatizmi aradan qaldırmağa nail olmuşdur. Və Birinci Türkoloji Qurultayın keçirilməsi də bu və ya digər siyasi-ideoloji konyukturu ilə yanaşı, tarix səhnəsinə yeni çıxmış, hələ əsl simasını göstərməyə imkan tapmamış hakimiyyətin ümumən təqdirəlayiq işlərindən biri olduğuna görə, heç şübhəsiz, layiqincə dəyərləndirilməli, türk xalqlarının iradəsinin bilavasitə məhsulu kimi tədqiq (və təbliğ) edilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultay haqqında ilk sərəncamı 2005-ci ilin noyabr ayının 9-da olmuşdur. Qurultayın 80 illik yubileyi münasibətilə verilmiş sərəncamda göstərilir ki, "Qurultay türkdilli xalqların tarix və etnoqrafiyasının, dil və ədəbiyyatlarının aktual problemlərinin həllində mühüm rol oynamış, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoymuşdur. Qurultayda müzakirə obyekti olan problemlər arasında türk dillərinin əlifba, orfoqrafiya və terminologiyası məsələləri xüsusi yer tutmuş, bu sırada isə yeni əlifbaya keçidi təmin etmək başlıca məqsəd olmuşdur".

Əlbəttə, türk xalqlarının (və türkologiyanın) yüz illər boyu yığılıb qalmış ən müxtəlif problemlərinin bu və ya digər dərəcədə müzakirə olunmasına rəğmən, hər kəsə əvvəlcədən məlum idi ki, əsas məsələ əski ərəb əlifbasından yeni latın əlifbasına keçiddir. Əlifba məsələsinin Qurultayda bu qədər cəsarətlə (və bütün miqyası ilə) qoyulması təsadüfi deyildi. Sərəncamda qeyd olunduğu kimi, "əlifba islahatı məsələsi Azərbaycanda XIX əsrdən başlayaraq, Mirzə Fətəli Axundov başda olmaqla, dövrün tərəqqipərvər ziyalılarının diqqət mərkəzində dayanmışdır. Həmin dövrdən etibarən Azərbaycan mədəniyyətinin inkişafını müəyyənləşdirən Avropayönümlü maarifçilik hərəkatının nümayəndələri latın qrafikası əsasında tərtib olunmuş əlifba uğrunda mübarizə aparmışlar".

Azərbaycanda yeni əlifbaya keçid bütün intellektual-mədəni mütəşəkkilliyi ilə birlikdə, yalnız ideya olaraq qalmamış, Azərbaycan Xalq Cümhuriyyəti illərində həmin ideyanın gerçəkləşməsi üçün ciddi tədbirlər görülməyə başlanmışdır. Lakin Cümhuriyyətin süqutu yeni əlifbaya keçidi ləngitmişdir. Bununla belə Mirzə Fətəlinin amallarına (və Avropayönümlü maarifçilik hərəkatına) sadiq qalan Azərbaycan ziyalıları sovet dövründə də mübarizəni davam etdirmişlər. "Hələ 1922-ci ildə Azərbaycan Hökumətinin qərarı ilə (xatırladaq ki, bu, böyük Azərbaycan ziyalısı, milli dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü olmuşdur - N.C.) yaradılmış Yeni Türk Əlifba Komitəsinin səyləri nəticəsində 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətlənmiş, bu isə yeni əlifbaya keçidlə bağlı tərəddüd edən türkdilli xalqların daha mütəşəkkil fəaliyyətinə təkan vermişdir".

Sərəncamda haqlı olaraq göstərilir ki, "bu baxımdan, türk dünyasında uzun illər ərzində aparılan mübahisə və müzakirələrə son qoymuş Türkoloji Qurultayın artıq dünya türkologiyasının mərkəzinə çevrilən Bakıda keçirilməsini qanunauyğun hal hesab etmək mümkündür".

Görünür, burada biri digəri ilə sıx bağlı iki mühüm məsələ üzərində dayanmağa ehtiyac var. Birincisi ərəb əlifbasından latına keçiddir, ikincisi bu tarixi hadisənin məhz Bakıda yerinə yetirilməsidir.

Əslində, ərəb əlifbasından imtina və latının qəbulu elə bir mübahisəyə səbəb olmamalı idi. Ancaq bu təbii (və dərhal icra edilməli) tələb heç də asan olmayan iki ciddi maneə ilə qarşılaşdı: 1) o zamana qədərki kifayət qədər zəngin yazılı ədəbi irsdən imtina edilməsi və 2) islam dininin əlifbasına (və beləliklə, islam dininə) laqeydlik göstərilməsi (sovetlər bunu heç zaman gizlətmədiklərinə görə elə əvvəlcədən dindarların qəzəbinə düçar olmuşdular). Birinci maneə barədə Qurultayın özündə xeyli sərt danışıldı, ikincisi isə bilavasitə ideoloji problem olduğundan, bir növ, çox da açılıb-ağardılmasa da, hiss olunurdu ki, birincidən daha güclüdür.

Qurultayın təşkilatçısı rolunda çıxış edən sovet ideoloqları ərəb əlifbasına qarşı mübarizənin dindarlıq əleyhinə hərəkatın tərkib hissəsi olduğunu arabir yada salırdılar. Bu isə, heç şübhəsiz, geniş xalq kütlələri arasında paradoksal münasibətin yaranmasına gətirib çıxarırdı: bir tərəfdən, kütlələr öz dinlərindən ayrılmaq istəmirdilər, digər tərəfdən isə, həmin dinin gətirdiyi əlifba onların savadlanmasına mane olurdu.

Hakimiyyət inqilab eyforiyasının təsiri altında "köhnəlik"lə "yenilik" anlayışları arasında mahiyyəti heç də tam mənasında aydın olmayan geniş bir cəbhə açmışdı. Və əslində, "köhnə" hesab edilən nə vardısa həyatın özü idi, "yeni" isə daha çox "ideal" olaraq təsəvvür edilirdi. Bir vaxtlar ərəb yazısına qarşı mübarizəyə qalxmış Mirzə Fətəli də məsələyə sadəcə texniki tərəfdən deyil, son dərəcə geniş mədəni-ideoloji mövqedən baxırdı. Və Qurultayda da ərəb əlifbasından imtina etməyin əsas çətinliyi məsələnin məhz bu cəhəti, yəni "türk ruhunun dərinliklərinə qədər işləmiş", onun daxili aləminin bir çox həssas guşələrinə hakim kəsilmiş mənəvi dəyərə arxa çevirmək idi.

Əlbəttə, Qurultay iştirakçıları müzakirə olunan məsələlərə o qədər də romantik, yaxud emosional yanaşmır, hər bir məsələdə soyuqqanlı, realist olmağa çalışır, elmi prinsiplərə əsaslanmağa üstünlük verirdilər. Xüsusilə, qəbul olunan qərarın praktik tərəfi önəmli idi ki, bu baxımdan Azərbaycanın, eləcə də Dağıstan və Şimali Qafqazın latına keçid təcrübəsi böyük əhəmiyyət kəsb edirdi. Və hər kəsə aydın idi ki, əgər Qurultay Bakıda keçirilirsə, deməli, latına keçid qaçılmazdır. Zəngin sosial-mədəni mühiti, universiteti, elmi-tədqiqat mərkəzi olan bir şəhərdə məsələnin obyektiv müzakirəsinin təşkili bir də ona görə şübhə doğurmurdu ki, burada V.Bartold, M.Köprülüzadə, B.Çobanzadə kimi dünya şöhrətli türkoloqlar çalışırdılar. Nəhayət, Birinci Türkoloji Qurultay üçün iş yeri olaraq Bakının seçilməsi ən azından Yaxın Şərqə bir mesaj idi.

Sərəncamda göstərilir ki, "Qurultaydan sonra yeni əlifbanın tətbiqi xüsusilə geniş vüsət alsa da, təəssüf ki, 1940-cı ildə siyasi motivlərə görə qəti olaraq dayandırılmışdır".

Yeri gəlmişkən, Birinci Türkoloji Qurultaya həsr edilmiş ədəbiyyatda bu məsələ də, tamamilə təbii olaraq, geniş müzakirə (və mübahisə) mövzusudur. Bəziləri qətiyyətlə bildirirlər ki, guya latına keçid əlifba dəyişikliyində birinci mərhələ imiş, hakimiyyətin gizli planı bir müddətdən sonra kirili qəbul etmək imiş. Əlbəttə, bu, baş vermiş hadisəyə səthi (və konyuktur!) yanaşmaqdan başqa bir şey deyil. Zahirən belə görünə bilər ki, əgər on il sonra kiril qəbul edilirsə, deməli, onun barəsində əvvəlcədən hər hansı şəkildə qərara bənzər bir şeyin olması ağıla batandır... Ancaq Qurultayın "Stenoqrafik hesabat"ı, həmin günlərin mətbuatında gedən məlumatlar, "məxfi" qrifli arxiv materialları deməyə əsas verir ki, latın əlifbası bütövlükdə tam səmimiyyətlə qəbul olunmuş, hətta latına keçidin əsas "mühəndis"lərindən biri olan professor N.F.Yakovlevin rəhbərliyi altında 1929-1930-cu illərdə alimlər kollektivi rus yazısının latına keçirilməsi ilə məşğul olmuşlar. Bu isə o deməkdir ki, türk dilləri əlifbalarının latından kirilə dəyişdirilməsi fikri yalnız 30-cu illərin əvvəllərindən sonra meydana çıxmış, heç şübhəsiz, sovet hakimiyyətinin siyasi- ideoloji xarakterində baş verən kəskin dəyişikliklərlə bağlı olmuşdur. Belə ki, 30-cu illərin ortalarında artıq get-gedə daha qəti şəkildə görünürdü ki, "dünya kommunist hərəkatı" bütünlüklə tənəzzülə uğramaqdadır, ona görə də "hərəkat" özünün son - "rus-sovet" səngərinə çəkilməli oldu. Və nəticə etibarilə SSRİ-də 20-ci illərin kommunist beynəlmiləlçiliyi, eləcə də millətlərin öz müqəddəratını təyin etmək hüququ sürətlə rus şovinizmi ilə əvəzləndi.

Azərbaycan xalqının taleyinin digər türk xalqlarının taleyindən "ayrıldığı" sovet dövründə Azərbaycan ziyalılarının müqavimətlərinə işarə edən sərəncamda deyilir ki, "xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə dilimizin inkişafı yeni mahiyyət kəsb etmişdir. Bu proses Azərbaycan dilinin tərəqqisində növbəti mərhələlərin başlanğıcı olmuşdur. Həmin illərdən etibarən Azərbaycan dilinin istifadə dairəsi genişlənmiş, onun tədrisi və tədqiqi ilə məşğul olan müəssisələrə xüsusi qayğı göstərilməyə başlanmışdır. Azərbaycan dili sabiq Sovet İttifaqı xalqlarının dilləri arasında öz ölkələrinin konstitusiyası ilə təsbit edilmiş azsaylı dövlət dillərindən biri olmuşdur".

Məsələ burasındadır ki, Heydər Əliyev sovet dövründə Azərbaycanda yalnız dövlət yox, həm də millət xadimi missiyasını həyata keçirmiş, Azərbaycan dilinin, ədəbiyyatının və incəsənətinin sağlam etnik-mədəni köklər üzərində inkişafı üçün bütün mövcud imkanlardan istifadə etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqındakı sərəncamının əsas hissəsi bu sözlərlə bitir: "Müstəqillik illərində dilimiz, sözün əsl mənasında, dövlət dili statusu qazanmışdır. Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 nömrəli və Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli 552 nömrəli müvafiq fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilə bilər".

Hələ 1970-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində Sovet Türkologiyası kafedrasının açılmasına, Bakıda Azərbaycan EA-nın (SSRİ EA ilə birlikdə) "Sovet türkologiyası" jurnalının nəşrinə nail olan respublika rəhbəri əmin idi ki, bu təsisatlar ölkədə türkoloji araşdırmaların miqyasını genişləndirməklə yanaşı, Azərbaycanın türk dünyasına inteqrasiyası üçün əvəzsiz imkanlar yaradacaqdır. Doğrudan da, çox keçmədi ki, Sovetlər Birliyi dağıldı, Türk Birliyi isə həm mədəni, həm iqtisadi, həm də siyasi sahədə ardıcıl uğurlar qazanmağa başladı. Heç də təsadüfi deyil ki, sovet dövrünün ən tanınmış türkçüsü (və türkoloqu) Oljas Süleymenov "Heydər Əliyev mənim siyasi və ümumtürk dünyagörüşümü formalaşdırıb" deyə möhtəşəm bir etirafda bulunmuşdur.

Heydər Əliyevin türkçülük (və türkoloji) baxışları Birinci Türkoloji Qurultayda bütün aydınlığı ilə ortaya çıxan belə bir danılmaz həqiqətə əsaslanır ki, türk dünyası özünəməxsus diferensial keyfiyyətlər qazanmış müstəqil xalqlardan, dövlətlərdən və mədəniyyətlərdən ibarətdir, ancaq onları ortaq köklər, adət-ənənələr, oxşar xüsusiyyətlər birləşdirir. Ulu Öndər 1996-cı ildə Daşkənddə Türkdilli dövlət başçılarının forumunda iştirak edərkən demişdir: "Bizim əlbir səylərimiz sayəsində milli mədəniyyətlərimizin və mənəvi irsimizin inkişafı sahəsində yaranmış gözəl əməkdaşlıq razılıq hissi doğurur. Dahi mütəfəkkirlərimizin, ədəbiyyat və incəsənət klassiklərimizin yaradıcılığı, "Dədə Qorqud", "Manas", "Alpamış" kimi min illik tarixə malik eposlarımız bizim ümumi mədəni sərvətimizdir".

Azərbaycan Prezidentinin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqındakı 18 fevral 2016-cı il tarixli sərəncamı on il əvvəlki sərəncamın sadəcə təkrarı yox, yeni siyasi, sosial-mədəni şəraitin tələblərinə uyğun davamı (və inkişafı)dır. Sərəncam bu tarixi sözlərlə başlayır: "Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanması XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi".

Qurultay, həqiqətən, türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ olmuşdur. Belə ki, orta əsrlərin sonu, yeni dövrün əvvəllərində təbii-tarixi gedişatla müxtəlif xalqlara (millətlərə) bölünən türklər XIX əsrin ortalarından başlayaraq öz böyük ziyalılarının, ictimai-siyasi xadimlərinin, ideoloqlarının timsalında birləşməyə, xüsusilə, ortaq siyasi çıxarlarını birlikdə müzakirə etməyə müəyyən cəhdlər göstərmişlər ki, əslində, dövrün özünün xarakterindən gələn beynəlxalq konyukturlar bütün xalqları buna təhrik edirdi. Məsələn, Rusiya Dövlət Dumasının Müsəlman Deputatları fraksiyasının yaranması həmin cəhdlər içərisində ən mühümlərindən biri olmuşdur.

Onu da qeyd etməliyik ki, mütləq əksəriyyəti Rusiya imperiyasının müstəmləkəsi olan türk xalqlarının hansı problemi müzakirəyə çıxarılırdısa, siyasi müstəqilliyin yoxluğu amili ilə üzləşir və istər-istəməz inqilabi etirazlar doğururdu. Məlum idi ki, Rusiya türk xalqlarının nə ərəb əlifbasından imtinasına, nə də feodal-patriarxal keçmişdən uzaqlaşmalarına imkan verəcəkdi... Dəyişən ictimai-iqtisadi formasiyalar zəminində, nə qədər paradoksal görünsə də, 30-cu illərdən başlayaraq Sovet hökuməti də türklərə münasibətdə müəyyən qeyd-şərtlə Rusiyanın əvvəlki (türk xalqlarının yaddaşından hələ çıxmamış) imperialist (və şovinist) siyasətinə qayıtmaqla 20-ci illərin demokratizmi üzərindən xətt çəkdi.

Sərəncamda deyilir: "XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı". Və davam olunur ki, "bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçidi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı".

Əlbəttə, yüzilliyin sonlarına doğru latına qayıdış adi bir məsələ deyildi. Hər şeydən əvvəl, bu, Birinci Türkoloji Qurultayın yaratdığı (və müdafiə etdiyi) intellektual-mənəvi dəyərlərdən birinin bərpası idi. Belə dəyərlərə imperialist təcavüzü yenə də davam edir, bir sıra nəinki yarım müstəqil, hətta müstəqil türk xalqları da vaxtilə mötəbər nümayəndələrinin səs verib qəbul etdikləri, sonra özləri ilə birlikdə repressiyaya məruz qalmış milli (və beynəlxalq) əlifbaya qayıtmağa çətinlik çəkirlər. Söhbət xüsusilə qıpçaq türklərindən gedir.

Bu gün Türk Dövlətləri Təşkilatı yanında fəaliyyət göstərən Əlifba komitəsi bütün türk dillərinin fonetik özünəməxsusluqlarını, eləcə də indiyəqədərki yazı təcrübələrini nəzərdən keçirərək 34 hərfdən ibarət Ümumi türk əlifbası qəbul etmişdir. Hər bir türk xalqı öz xüsusi əlifbasını məhz bu ümumi əlifba əsasında quracaq ki, nəticədə bütün türk xalqlarının bir-birini oxuyub anlaması xeyli asanlaşacaqdır. Buraya Türk Akademiyasının terminoloji unifikasiya sahəsindəki uğurlu çalışmalarını da əlavə etsək, türk dillərinin qarşılıqlı əlaqə və inteqrasiyası işlərinin layihə gücündə aparıldığını düşünmək olar.

Azərbaycan Prezidentinin Birinci Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamında daha bir mühüm məsələyə toxunulur: "Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmalarının nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır".

Məlumdur ki, yeni dövrdə dünya şöhrətli ilk türkoloq azərbaycanlı Mirzə Kazımbəy olmuşdur. Ondan sonra, xüsusilə, Birinci Türkoloji Qurultayın keçirildiyi 20-ci illərdə Leninqrad, Moskva ilə yanaşı Bakı da türkoloji araşdırmaların mərkəzi olmaq iddiasında idi: burada B.Çobanzadə, N.Aşmarin, F.Ağazadə, X.S.Xocayev, Q.Qubaydullin, İ.Hikmət - az qala bütün türk xalqlarına mənsub türkoloqlar çalışırdılar. Çox təəssüf ki, 30-cu illərin repressiyaları həmin ənənənin qarşısını amansızlıqla aldı. Ancaq professor B.Çobanzadənin bilavasitə tələbələri M.Şirəliyev, Ə.Dəmirçizadə və M.Hüseynzadə 50-ci illərdən etibarən hər biri öz sahəsində və ümumiyyətlə türkologiya üzrə tanınmış mütəxəssislər hazırlaya bildilər ki, onlardan Ə.Abdullayev, Y.Seyidov, A.Axundov, A.Qurbanov, T.Hacıyev, M.Adilov və Ə.Rəcəbovun adları öndə gəlir. Bir sıra azərbaycanlı türkoloqlar isə Moskva, yaxud Leninqrad məktəbində yetişsələr də, onların əksəriyyətinin fəaliyyəti Azərbaycanla bağlı olmuşdur: F.Zeynalov, N.Hacıyeva, V.Aslanov, A.Məmmədov, K.Abdulla və b.

Sovet dövründə türkologiya daha çox dilçiliklə məhdudlaşır, nadir hallarda isə mifologiya, folklorşünaslıq və etnoqrafiya kimi sahələrə baş vururdu. Müstəqilliyin ilk illərindən buraya ədəbiyyatşünaslıq, tarixşünaslıq, sənətşünaslıq, hətta coğrafiya, iqtisadiyyat, fəlsəfə kimi elmlərin nüfuzu başladı ki, bu gün uğurla davam edir. Və Azərbaycan türkologiyasının ümumtürk, eləcə də dünya türkologiyasına inteqrasiyası, əlbəttə, ayrıca mövzudur.

Sərəncamın belə bir fikirlə yekunlaşması son dərəcə əlamətdardır: "Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir".

Birinci Türkoloji Qurultayın iştirakçısı olan görkəmli alimlər - B.Çobanzadə, A.N.Samoyloviç, X.S.Xocayev, V.Xuluflu, A.R.Zifeld-Simumyaqi, H.Zeynallı, R.Axundov və b. 30-cu illərdə müxtəlif ittihamlarla güllələnmişlər. Ancaq məlumdur ki, siyasi repressiya, yaxud "qırmızı terror" yalnız Qurultay iştirakçılarını, yaxud yalnız türkoloqları, türkçüləri əhatə etməmişdir. Birinci Türkoloji Qurultay iştirakçılarının da repressiyaya məruz qalması isə aydın göstərir ki, Qurultayın qərarları sovet ideologiyasını nəinki təmin etməmiş, hətta onun kəskin şəkildə dəyişən tələbləri qarşısına dəf olunmalı bir maneə olaraq çıxmışdır. Və bu da Qurultayın guya Sovet dövlət təhlükəsizlik orqanları tərəfindən keçirilməsi barədəki söz-söhbətin əsassızlığını göstərir.

Birinci Türkoloji Qurultayın 100 illiyi, əlbəttə, türk xalqlarının tarixində son dərəcə möhtəşəm hadisə olduğundandır ki, onu bir çox türk xalqları (və dövlətləri) qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı, heç də təsadüfi deyil ki, dövrümüzün siyasi, sosial və mədəni perspektivlərinə işıq salan bu sözlərlə başlanır: "Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyat və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır".

Qurultay barədə mükəmməl təsəvvür formalaşdıran bu mülahizələr, bir tərəfdən, forumun tarixi missiyasının nədən ibarət olduğunu dəqiq izah edirsə, digər tərəfdən, onun qəbul etdiyi qərarların, məlum repressiyalara, siyasi-ideoloji maneələrə rəğmən, türk xalqlarının elminin, mədəniyyətinin, mənəvi həyatının sonrakı inkişafına həlledici təsirini, haqlı olaraq yüksək qiymətləndirir. Bu, bir də ona görə böyük əhəmiyyət kəsb etməyə bilməz ki, türk xalqlarının taleyində möhtəşəm rol oynamış forum haqqında gənc nəsil uzun on illər, demək olar ki, heç nə bilməmişdir. Onun əsas ideyaları müxtəlif yollarla "sovet türkologiyası" senzurasından keçə-keçə yayılsa da, elmi-nəzəri sistem olaraq bütün polemik tərəfləri ilə birlikdə yalnız Sovetlər Birliyinin süqutundan sonra geniş elmi ictimaiyyətə məlum olmuşdur.

Sərəncamda deyilir: "Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi".

Əvvəlki sərəncamlarda olduğu kimi, burada da türkoloji fikrin inkişafında Bakının rolunun lazımı səviyyədə dəyərləndirilməsi nə qədər önəmli olsa da, təkcə tarix baxımından əhəmiyyətli deyil, Azərbaycanın paytaxtı dünən olduğu kimi, bu gün də həm türkoloji araşdırmaların aparılması, həm də koordinasiya sahəsində diqqətəlayiq işlər görməklə yanaşı, həmin işlərin keyfiyyət və miqyasını dönmədən yaxşılaşdırır və genişləndirir.

Əsrin 30-cu illərindən (əslində, bir az da əvvəldən) başlayaraq, Sovet hakimiyyətinin (və beynəlxalq kommunist hərəkatının) rastlaşdığı "təbii maneələr" Birinci Türkoloji Qurultayın keçirildiyi 20-ci illəri "tarix"ə çevirdi. Və nəticədə "Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, Qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur".

Ona görə də müasir türkologiyanın qarşısında duran vəzifələrdən biri də 20-ci, 30-cu illər türkoloqlarının irsini dərindən öyrənmək, türk dilləri, ədəbiyyatları və tarixlərinin həm ümumi, həm də xüsusi tərəfləri kontekstində əsas analitik miqyasları ilə mənimsəyərək həqiqi biliyə çevrilməkdən ibarətdir. Burada söhbət yalnız ayrı-ayrı repressiya qurbanlarının adlarını, tərcümeyi-hallarını, hansısa arxiv künclərində "məxfi" qrifi altında toz basmış "dindirmələr"i yeri gəldi-gəlmədi gün işığına çıxarıb "effekt doğurmaq"dan getmir (əlbəttə, müəyyən səviyyədə bu cür, ancaq obyektiv, məlumatlar da lazımdır), ondan gedir ki, türkologiyanın müxtəlif sahələri üzrə irəli sürülmüş mülahizələr, ciddi elmi dəyərə malik müddəalar sistemli şəkildə öyrənilsin. Birinci Türkoloji Qurultayı bütünlüklə, "repressiyaşünaslığ"ın predmetinə çevirmək bütövlükdə türkologiya üçün çox böyük bir zərbə olardı. Halbuki Qurultayın məlum əyər-əskikləri ilə birlikdə, mövcud "Stenoqrafik hesabat"ı elə bir zəngin mənbədir ki, onun əsasında dövrün türkoloji mənzərəsini sadəcə bərpa etmək yox, oradan istər keçmişə, istərsə də gələcəyə möhkəm ideya təməlləri atmaq olar. Vaxtında nəşr olunmuş "Hesabat" tək türkoloji bilikləri yox, həmin biliklərə olan rəsmi-normativ münasibəti də dolğun əks etdirdiyinə görə əvəzedilməzdir. 

Sərəncam bu günün siyasi, ideoloji və mədəni əhval-ruhiyyəsini ifadə edən bu sözlərlə yekunlaşır: "Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır".

Cəsarətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultay haqqındakı sərəncamları türk xalqlarının tarixində (və taleyində) böyük rol oynamış bu möhtəşəm forumun mahiyyətinin, elmi, mədəni və siyasi dəyərinin dərindən dərk olunmasına əhəmiyyətli təsir göstərir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!