Hidayət: ucalığın meyarı - İFTİXAR

 

Bir yuxu kimi gəldi və yuxu kimi də getdi sandığım, görkəmli sənətkar - şair-dramaturq, publisist, tərcüməçi, teatr xadimi, diplomat, ictimai-siyasi və dövlət xadimi Hidayət Xuduş oğlu Orucovla vida günü sanki bir əfsanə ömrün unudulmaz xatirələrini bir lent yazısı kimi xəyalımdan anbaan keçirməyə başladı...

Hələ haqqında yazdığım ilk yazımdan o görkəmli şəxsiyyətin Qərbi Azərbaycanın paytaxt şəhəri İrəvandan boy verən uca qamətinə yaraşan uca amalları, milli-mənəvi dəyərlərlə cilalı yüksək əməlləri, İrəvandan öz təsiri ilə xüsusi diqqət çəkən Qərbi Azərbaycanın min-min atlılarından biri olan yorulmaz əməyi və tükənməz-istedadlı fəaliyyəti ilə Azərbaycan ədəbi, mədəni və ictimai mühitində əvəzolunmazlıq etalonu təsiri bağışlayan uca xislətli, nəcib xasiyyətli və ali mənəviyyatlı Hidayət müəllimin obrazını bütün kamilliyi ilə canlandırmağa çalışmışdım. Ancaq zaman keçdikcə, daha yaxından tanımağa başladıqca, belə insanlar dünyada az-az rast gəlindiyinə əmin oldum.

Hidayət müəllim həmişə ətrafındakı insanlara, xüsusən, sənət adamlarına könül dolu diqqət göstərir, onların hər birinə xüsusi qayğı ilə yanaşırdı. Mən özüm onun bu fenomenal cəhətinin, insanlara göstərdiyi yüksək münasibətin dəfələrlə şahidi olmuşam. Təbii ki, bütün bu cəhətləri onun genetik xüsusiyyətindən irəli gəlirdi. Hidayət müəllimin şəcərəsi Qərbi Azərbaycanda el dili ilə bir olan sanballı nəslin təmsilçilərini əhatə edir.

Hidayət Orucov nə qədər rəsmi elitanın nümayəndəsi olsa da, siyasi xadimlərlə yanaşı, həm də sadə təbiəti ilə sadə insanların, sənətkarların, əməyi və zəhməti ilə çalışaraq nümunəyə çevrilən təbəqənin iç dünyasının nümayəndələrindən idi.  Hidayət təxəllüsü ilə nəhəng ədibə çevrilmiş bu etalon sənətkarın yaradıcılığının əsas ana xətti milli təəssübkeşlik, milli mübarizə, milli-mənəvi dəyərlərin yaşadılması və təbliği, milli mənafeyin qorunması və ön plana çıxarılması kimi yüksək dəyərlərə bağlı hisslər və duyğular məcmusu idi. Çünki Hidayət bizləri özünə qan düşməni hesab edən millət arasında doğulub böyümüş, tarixən xalqımıza qarşı onların apardığı mənfur əməllərlə savağa sərf etdiyi əzmli bir ömürün yolçusu idi. Məhz bu əzmkar və mübariz ömür onun yaradıcılığını formalaşdırdığı kimi, şəxsiyyətini də anbaan uca meyarlarla yetkinləşdirmişdi. Hidayət müəllim hələ İrəvanda çalışdığı dövrdən etibarən tutduğu mövqe, göstərdiyi fəaliyyət və apardığı nümunəvi işlərlə belə bir müqayisə üçün kifayət qədər əsas yaradırdı. Belə əqidə ilə həyatını quran, yaşayan, yaradan Hidayətin bədii obrazı istər ədəbi mühitdə, istər ictimai-siyasi panoramda, istər sənət və sənətkarlıq müstəvisində, istər diplomatiya, istərsə də ümumən həyat kriteriyasına aid digər bütün sahələrdə məhz ucalıq rəmzini ifadə edir.

Hidayət müəllim haqqında yazdığım "Hidayət və teatr" elmi-publisistik monoqrafiyamda bu böyük şəxsiyyətin sadaladığım meyarlarını açmağa çalışmışam. Ancaq zaman irəlilədikcə yenə də nəyinsə hələ də öz əksini tapmadığını müşahidə etmək olur.

İrəvan Teatrının tarixinə həsr etdiyim elmi-publisistik monoqrafiyada isə onun teatr qurucusu olaraq həyata keçirdiyi unikal işlərinin canlı səhnələrini təcəssüm etdirməyə çalışdım və gerçək ondan ibarətdir ki, Hidayət müəllimin bu istiqamətdə göstərdiyi fəaliyyət sanki dövləti xidmət səviyyəsində bir fəaliyyət nümunəsidir...

Hidayət müəllim bütün həyatı boyu çox sayda mükafatlarla təltif olunmuşdur; həm dövləti xidməti, həm yaradıcılıq fəaliyyəti, həm də ictimai əlaqələrdə qazandığı nailiyyətlər münasibəti ilə. Ancaq onun ən böyük mükafatı ona Tanrı tərəfindən bəxş olunmuş, bütün mükafatlar fövqündə dayanan məhz uca könüllülük nişanıdır ki, bu mükafatın mənası övladları, bədii yaradıcılığı, qazandığı dostları,  insanlara göstərdiyi haqlı, ədalətli mövqe - ümumən, insanlıq fenomenidir.  

Hidayət müəllimin vida mərasimində, onun əbədiyyətə uğurlanması zamanı idrak yaddaşımın məlumatlar bazasından boy verən xatirələr mənə məhz Hidayətlə ayrılığın deyil, onun meyarlarının yeni təzahürdə yenidən doğuluşunun təəssüratı ilə sanki qarşı-qarşıya gəldiyimi təsəvvür etdirirdi. Həm ona görə ki, Hidayətin məlum şəxsiyyəti ucalığın rəmzi olaraq əbədiləşmişdir, həm də sanki yeni meyarların artıq bundan sonra meydana gələcəyini onun mənalı ömrü bizi bir daha öz isbatına doğru istiqamət aldığının şahidinə çevrirdi.

Önəmli olan məsələlərdən biri də odur ki, Hidayət müəllimin işıqlı yolunu, onun yaradıcılıq ideyalarını qorumaq və yaşatmaq üçün nümunəvi övladları, layiqli simsarları və məfkurə dostları vardır. Bu yolda mən də özümü müəyyən mənada mənəvi borca malik bir dost hesab edirəm.

Sözünü heç vaxt yerə salmadığım, xətrini həmişə uca tutduğum, şəxsiyyətinə, amallarına, əməllərinə və mərhəmətli ruhuna ehtiramla yanaşdığım sözü bütöv, özü real-meyar, unudulmaz insan, yeni dünyan uğurlu olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!