Vida yazısına başlıq qoymaq çox çətindir - Qulu MƏHƏRRƏMLİ

 

 

80-ci illərin sonlarında Hidayət Orucovla  Jurnalistlərin qurultayında tanış olub dostlaşanda o, "Gənclik" nəşriyyatının baş redaktoru, parlaq yaradıcılıq bioqrafiyası olan tanınmış qələm sahibi idi. Nəşriyyatda da dünya ədəbiyyatı ilə bağlı maraqlı layihələr həyata keçirirdi. Sadə, səmimi və dürüst insan idi və sonralar yüksək vəzifələrdə çalışanda da bu keyfiyyətlərini saxlamışdı.

Böyük vəzifələrin fərqli ab-havasının olması öz yerində, amma Hidayət müəllimi yaddaşlarda saxlayan daha çox onun milli adam olması, klassik ənənəyə əsaslanan bədii-publisistik yaradıcılığı və bir də cazibədar şəxsiyyəti idi. Yəni H.Orucov kimi adamların həyatı sübut edir ki, bir insanın ömrünün mənası tutduğu vəzifələrlə deyil, yazdığı əsərlərlə, şüurlarda yaratdığı mənəvi izlərlə ölçülür. Hələ Qarabağ hərəkatı başlayandan Hidayət Orucovun ictimai fəaliyyətində olduğu kimi, bədii və publisistik yaradıcılığında da o dövrün hadisələrinə həssas münasibəti, milli-mənəvi dəyərlərə bağlılığı və vətəndaş mövqeyi aydın görünürdü. Onun sakit və təmiz ab-havası ilə seçilən əsərlərində insan taleyi, vətən sevgisi, tarixi yaddaş və milli kimlik mövzuları xüsusi yer tutur, oxucunu düşündürən və mənəvi axtarışlara sövq edən bir fikir yükü vardır. Sözə, fikrə, ədəbi qayda və dəyərlərə məsuliyyətlə yanaşan qələm adamı kimi o, öz yaradıcılığı ilə bir neçə nəslin mənəvi dünyasının, həmçinin ədəbi-estetik zövqlərin formalaşmasına təsir etmişdi. Bu mənada Hidayət Orucovun ömür yolu milli amallara xidmətin, yaradıcılıq və vətəndaşlıq mövqeyinin vəhdəti idi. Onun qələmindən çıxan hər sətirdə dövrün ruhunu, xalqın duyğu və düşüncələrini, milli kimliyimizin dəyərlərini görmək mümkündür.

Məhz bu deyilənlərə görə Hidayət müəllimin vəfat xəbəri  ədəbi-mədəni mühitimizdə dərin kədər və təəssüflə qarşılanıb.

Allah rəhmət eləsin, ruhu şad olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!