Elnarə AKİMOVA
Hidayət Orucov bütün yaradıcılığı boyu İrəvan həqiqətlərini, Azərbaycanın müəyyən bir dönəminin tarixi proseslərini, öz dədə-baba yurdlarında yaşamış azərbaycanlıların ermənilər tərəfindən hər sahədə sıxışdırılmasını və nəhayət, Ulu Öndər Heydər Əliyevin əzmkar obrazını uğurla motivləyən mətnlər meydana qoydu. Tarix və insan məqamlarının dərinliklərinə varmaq, Heydər Əliyevin güzəştsiz milli mövqeyini bədii təcəssüm predmetinə çevirmək baxımından onun əsərlərinin ədəbiyyatımızda yeri və rolu hər zaman əlahiddə olacaq. Hər şeydən əvvəl ona görə ki, bizdə bu istiqamətdə bədii nümunə o qədər də çox deyil. Hidayət müəllimin əsəri hansı yöndən yanaşsaq, ərəfə mətnlərdəndir. Bu əsərə qədər Heydər Əliyevin iç dünyasının açıldığı, meydana qoyulduğu əsərlər nəsrimizdə demək olar ki, qələmə alınmamışdı. Yəni Azərbaycan həqiqətlərinin Heydər Əliyevin nəzərlərindən bu dərinlikdə açımı bədii-sənədli nəsrimiz üçün atipik hadisə idi və Hidayətin yazıçı kimi gücü məhz, Ümummilli liderin yaşantılarını, psixoloji təbəddülat məqamlarını dərin təcəssümündə verə bilməsində oldu.
Erməni-azərbaycan məsələsi, kəskinləşən münasibətlər fonunda Azərbaycan reallığı, mənəvi dəyərlərin qorunması uğrunda mücadilə, kişilik, ərənlik kultu, liderlik əzmi, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bütün bunların Azərbaycanın taleyinə təsiri... Hidayət müəllim qələmə aldığı əsərlərdə dövrün həm iştirakçısı, həm də onu təfərrüatıyla araşdıran, çevik ədəbi dili və manerasıyla prozanın dramaturgiyasında məharətlə nizamlayan müəllif oldu. Əsərində İrəvanda ermənilər tərəfindən xalqın başına gətirilən oyunların izlənilməsi var. Yazıçı bir yurdun taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə nüfuz edir. Amma proses tarixi bir dönəmin yenidən inikası səviyyəsində deyil, öz milli kimliyini və müəyyənliyini, tarixi statusunu aydınlatmağa çalışan fərdin düşüncəsinin strukturu şəklində gerçəkləşir.
Yazıçının çox sevdiyim "Burdan min atlı keçdi" İrəvanın - Azərbaycanın ağrıyan tarixinin romanıdır. Burada əsas istiqamətverici fon tarixdir. Bir də müəllifin yaşantılar sırası! Bəzən lirik ricətlərlə özünü qaçılmaz edən bu yaşantılar oxucunu duyğular önündə lallığa da sürükləyir: "Mığrı stansiyasından qatara minib, "Sovet Azərbaycanı" respublika qəzetinin dəvətiylə İrəvana getdiyim, heyranlıqla, həyəcanla, narahatlıqla dolu o bahar gecəsini indi də xatırlayıram. Arazın qırağıyla gecə qaranlığında ötüb keçdiyim doqquz saatlıq o yol yaddaşıma və qəlbimə unudulmaz səfər kimi həkk olunub. Və həmişə mənə elə gəlib - ömrümdə ən uzun, ən maraqlı, ən aydın, həm də naməlum bir iqlimə üz tutub getdiyim səfərdir - "Zəngəzur" qatarının o gecəki doqquz saatlıq yolu"...
"Min atlı"nın türküsünü əbədiləşdirən Hidayət müəllim!
"İqlimdən iqlimə" çapdığınız bu yolda son səfəriniz mübarək olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
