"Bakı meydanlarında şair heykəllərin boynu bükülü, üzlərinə tariximin rəngi çəkilib".
Çoxdan yazdığım "Şair heykəlləri" adlı şeirin bu misraları məni heyrətləndirən bir müşahidədən doğulmuşdu.
Gerçəkdən də, Bakıdakı şair heykəlləri - Nizamidən, Nəsimidən üzü bəri, hamısı böyük kədər, dərd abidəsi kimi yaradılıb. Heykəltəraşlar şairlərimizin obrazlarını doğru olaraq belə görüblər. Başqa cür onlar özlərinə bənzəməzdilər...
Hansının kitabını açırsan, misralardan qəm süzülür. Dünyanın nizamsızlığının, öz xalqının acı taleyinin, müharibələrin, ədalətsizliyin, cəhalətin, ümidsizliyin, itirilmiş dəyərlərin, sərvətə qurban gedən sevgilərin, ayrılıqların bitib-tükənməz acısı, qəmi... Çarə sözə qalıb. Bütün dərdlərini sözə yükləyiblər. Onlar üçün - "öləni, itəni, vətən əldən çıxanda vətəni" əvəz edən şeir olub.
Azərbaycanın görkəmli qələm ustalarından biri, görkəmli şair, dramaturq, nasir, publisist, ictimai-siyasi xadim kimi yaxşı tanınan və sevilən, gənclik dostum Hidayət həyatın çox sınaqlarından keçib, sevinc də görüb, dərd də; ancaq ilk tanışlığımızda gözlərinin dərinliyində və sözündə gördüyüm kədər heç vaxt silinib getməyib. Mənə elə gəlir ki, bizi bağlayan da taleyin və kəndlərimizin üzümüzə həkk elədiyi o silinməz ağrı-acı idi. Zəngəzurdan və Yardımlıdan Bakıya gətirdiyimiz ən "etibarlı", ən "vəfalı" yoldaş da elə qəm yükü idi və bu günə qədər bizi tərk etməyib.

...1963-cü ilin yayında Azərbaycan Dövlət Universitetinin Nizami, 49-da yerləşən binasında filologiya fakültəsinə imtahan verən abituriyentlər arasında az danışan, mübahisələrə qoşulmağı xoşlamayan, amma bütün müzakirə mövzuları haqqında özünəməxsus, aydın, əsaslı mülahizələri olan və həmin mülahizələri səmimi və təsirli şəkildə ifadə edən arıq, ucaboy bir oğlan da vardı. İmtahanlararası günlərdə toplaşan kimi ədəbiyyatdan, tarixdən sual-cavab və mübahisələr başlanardı, imkan düşəndə, yəni söhbət açılanda hansı məktəbi bitirdiyimiz, haradan gəldiyimizlə də maraqlanardıq.
Bu anlaşmanı genişləndirən ayrı bir özəllik ikimizin də özümüzə güvənməyimiz idi, kitabdan qorxmayan, hər imtahana girəndə o dünyaya gedib-gələn uşaqlardan fərqli olaraq biz həyəcan-filan duymurduq, qollarımızı yelləyə-yelləyə gəlir, tut ağaclarının altında imtahanlardan çox Azərbaycanın tarixindən, mədəniyyətindən, bölünməsindən danışırdıq; o vaxt xəstəlik dərəcəsində cəmiyyətin bütün təbəqələrini əhatə edən futbol azarkeşliyi bizi də yoluxdurduğundan vaxtımızın bir hissəsi oyunların təhlilinə, növbəti görüşlər haqqında mülahizələrə sərf olunurdu və bütün bunlarla yanaşı imtahanlardan gülə-gülə, "əla" qiymətlərlə çıxırdıq. Həmin il universitetin şərqşünaslıq fakültəsində yeni ixtisaslar açılmışdı və ora tələbə çatışmadığına görə bizdən soruşmadan filologiyada yüksək bal topladığımıza görə məni ərəb tərcüməçiliyinə, Hidayəti fars tərcüməçiliyi bölmələrinə keçirmişdilər. Buna baxmayaraq, bir neçə ay sonra yenidən filologiya fakültəsinə qayıtdıq və hətta yataqxanada da bir otaqda qalası olduq... Bakı həyatının astanasında tanış olmuşduq, bu tanışlıq ömrümüz boyu davam edən dostluğa çevrildi.
Yataqxanada bir yerdə qaldığımız günləri, uşaqlıq xatirələrinə və Azərbaycanın gələcəyinə köklənmiş söhbətlərimizi xatırlayıram. Yeni yazdığımız şeirləri isti-isti bir-birimizə oxuyardıq. Hidayət yeni yazılarını son dərəcə səliqəli xətlə iri bir dəftərə yazardı. O dəftərdə Arazı, Mığrısı, Aldərəsi, Maralzəmisi, Xəllərgə yaylağı, Ələngəz dağı, "başqa cür çıxan" günəşi, saya gəlməyən gözəllikləri ilə sirli bir Zəngəzur dünyası vardı.
Sonra Hidayət qiyabiyə keçib Ermənistana qayıtdı. Qayıtdı ki, kənddəki evi sahibsiz qalmasın, Ermənistandakı Azərbaycan-Türk mühitini öz uca boyuyla bir az da ucaltsın, məktəb direktoru olsun, Azərbaycanca çıxan respublika qəzetinə yeni bir ruh qatsın, Cəfər Cabbarlı adına Yerevan Azərbaycan Dövlət Dram Teatrının direktoru kimi o sənət ocağını yaşatsın, bağlanmağa qoymasın, Bakıdan oralara yolu düşən ziyalıların üz tutduğu ünvan olsun, Ermənistanın Əməkdar Mədəniyyət Xadimi rütbəsinə yüksəlməklə İrəvanın qədim türk mədəniyyəti havasını canlandırsın, erməni ziyalılarını haqqında hörmətlə danışmağa vadar eləsin, Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsinə başçılıq etsin, orda Azərbaycan türkcəsində kitablar buraxsın, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan fakültəsində dərs desin və s. Həmin illərin bütün mürəkkəb, acılı-şirinli yaşantıları Hidayətin şeirində, nəsr və publisistikasında, bədii məktublarında əksini tapmışdır. Bu əsərlərin hər biri ayrıca araşdırma mövzusudur. Hidayət əyani təhsildən ayrıldı, ancaq bizdən ayrılmadı. Dostluğumuz və yaradıcılıq əlaqələrimiz davam etdi. İrəvanda yaşaya-yaşaya Azərbaycanda tanındı, nəşr edildi və sevildi...
Onun evi İrəvanda bir Azərbaycan Mədəniyyət Mərkəziydi, Azərbaycan Ocağıydı. O, qədim türk-oğuz torpaqlarının keçmişi ilə bu günü arasında canlı bir körpüydü.
O vaxt İrəvanı Hidayətsiz təsəvvür edə bilmirdik. "Burda səni tapmaqdan asan iş yoxdur, - deyirdim. - Şəhərə çıxmısansa, küçənin bu başından baxsan, o başında səni görmək olar, çünki İrəvanda səndən uca adam yoxdur", deyirdim. Amma onun ucalığı həm də ruh və mənəviyyat ölçüsüydü. Bu baxımdan o, Ermənistanın ən uca kişisiydi. Həmin ovqatla 1977-ci ildə İrəvanda Hidayətə "Qonaq" adlı bir şeir də yazmışdım:
Mənzilin İrəvanın ən uca bir yerində,
Araratla üz-üzə,
gədiyin üzərində.
Boyunu görmək olmur, dağlara baxır şəhər,
Evinə çatmaq üçün zirvəyə qalxır şəhər.
Yoluna qoşulmağa dağ dolanır küçələr...
Asta-asta buğlanar tünd məxməri çayımız,
Şahmat taxtası üstə düzülüb alayımız.
Bir yanında Xəzərin,
bir yanında Səhərin,
Ürəyində Bakıyçın darıxan şeirlərin.
Pəncərəni geri aç,
şəhərə yaxşı baxaq,
Hər şey elə doğmadır,
bilmirəm, kimdi qonaq?!
Yəni elə o vaxt da bilirdin və deyirdin ki, bu yurdlar bizimdir, onun əsl sahibi Hidayətdir, qonaq biz yox, ermənilərdir: dünyanın böyük dövlətləri iki yüz ildir bizim torpaqlarımızı qoparıb, bizi məhv edib ermənilərlə dövlət qurmaqla məşğuldur.
Zəngəzur, Mığrı (və ya Meğri) tarixin xatırlamadığı çağlardan bəri tərtəmiz türk yurdu, boyda-buxunda Hidayətə bənzəyən kişilərin vətəni, ötən əsrin 20-ci illərində, hətta xəyanətkar bolşevik siyasətçi və tarixçilərin də "qeydsiz-şərtsiz Azərbaycan torpağı" olduğunu etiraf etdikləri bu ulu bölgəmiz əlimizdən alınandan, yüzlərlə kəndi yandırılandan, on minlərlə türk əhalisi qətl ediləndən sonra orda möcüzəylə köçdən qopub qalanların taleyi, aqibəti, ovqatı başqa necə ola bilərdi?! Ötən əsrin 30-cu, 40-cı illərində Zəngəzurun türk-azəri əhalisi Səməndər quşu kimi öz külündən yenidən doğulurdu. Erməni vəhşiliklərinin şahidi olmamış yeni nəsil yetişirdi. Yetişirdi ki, yeni faciələr yaşayıb, yeni vəhşiliklər görüb, Zəngəzuru yenidən tərk etsinlər və bu dəfə izləri-tozları da silinsin ordan, külləri göyə sovrulsun.
Hidayət bütöv vətənin nəğməkarıdır, lakin Zəngəzur öz acı taleyi ilə həmişə onun oxuduğu nəğmələrin şah bəndidir:
Burda min illərdir yaşayır ellər,
Tarixin alınmaz şöhrət yoludur.
Ən zərif nəğmələr, ən şirin dillər,
Ən təmiz məhəbbət zəngəzurludur.
Hidayət uşaqlığından bu acı həqiqətləri bilən, ata-babalarının itən dünyasının ağrıları içində böyümüş və bütün ömrü boyu bu ağrını ürəyində yaşatmış bir adamdır. Bakıya gələndə Zəngəzuru gətirirdi və yaşadırdı ürəyində, Ermənistan deyilən qədim yurdumuza qayıdanda Azərbaycanı...
Hər ömrün sonu var, amma söz də, sözün müəllifi də ölümsüzdür. O, şeirlərinin birində özünü "çiçəkli, meşəli, qayalı Zəngəzur torpağı" sayır. Bu torpaq əbədi olduğu kimi, ona həsr edilən şeirləri də əbədidir.
Hidayət başqa bir dövlətə bağlanmış doğma torpaqlarımızı həmişəlik itirməyin əlamətlərini gəncliyindən hiss edir və Zəngəzuru bütün gözəllikləri, adət-ənənələri, unudulmaz insanları, acılı-şirinli xatirələri, ona yaşatdığı ehtiyacları, Bakı-Təbriz sevgisi ilə, yaralarını sağaldaraq əvvəlki şöhrəti və gücünə qovuşmaq arzusu ilə şeirə köçürməyə çalışırdı.
Hidayətin ədəbiyyatımız qarşısında xidmətləri çoxdur. Ancaq bir xidməti də var ki, ayrıca dəyərləndirilməlidir. Bu da şair ilhamı, istedadı ilə, ictimai-siyasi xadim, dövlət məmuru obrazının bir-birini tamamlamasıdır. Belələri o qədər də çox deyil. Bu məsələdə taleyimizin oxşarlığından bunun nə demək olduğunu yaxşı bilirəm. Şair hiss adamı olmaqla yanaşı, yüksək intellekt və mükəmməl bilik sahibi, yaxşı təşkilatçı, dövlət xadimi, bacarıqlı diplomat, ən mürəkkəb şəraitlərdə, ən yüksək uluslararası toplantılarda öz xalqını təmsil etməyi, ən yüksək kürsülərdən millətinin sözünü deməyi bacarmalıdır. Tarixdə buna aid misallar çoxdur. Bizdə isə belə bir yanlış təsəvvür var ki, ədəbiyyat adamı ciddi siyasətlə məşğul ola bilməz, yaxud peşəkar siyasətçi ədəbiyyatdan tam uzaqdır.
Çətin uşaqlıq illəri, atasızlıq, hər gün üzləşdiyi yad, soyuq mühit onu erkən böyütmüşdü, elə gənc vaxtı da ciddiydi; öz işinə münasibətdə də, dostluqda da.
Təsadüfi deyil ki, o, milli məsələlər üzrə dövlət müşaviri və ya Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri olanda da bu məsul vəzifələrin öhdəsindən bacarıqla gəldi; ucaldıqca xalqa daha da yaxınlaşdı, müstəqil dövlətin əsl vicdanlı məmurluğunun, milli ziyalılığın nümunəsini göstərdi.
Bu yazını yazarkən Hidayətin mənə bağışladığı orijinal əsərləri və tərcümələrdən ibarət on cildliyini bir də gözdən keçirtdim. Bu cildləri diqqətlə oxumaq bir yana, sadəcə vərəqləmək bəs edir ki, qələm qardaşımın necə çoxcəhətli, məhsuldar və şərəfli bir yaradıcılıq yolu keçdiyini görəsən. Bu baxımdan onun həyat və fəaliyyətinə işıq salan, zəngin yaradıcılığının salnaməsi olan və "Azərbaycanın görkəmli şəxsiyyətləri" silsiləsindən buraxılmış "Biblioqrafiyası" da diqqəti cəlb edir. Çünki burada Azərbaycanın və qonşu ölkələrin Hidayəti tanıyan bir sıra görkəmli ədəbiyyat, elm, sənət adamlarının, dövlət xadimlərinin onun haqqında böyük sevgi və ehtiramla yazılmış fikirlərindən nümunələr də yer alıb.
Cildlər də, biblioqrafiya da şair, sənətkar taleyi ilə vətəndaş və dövlət xadimi obrazının bir-birini necə tamamladığını göstərir. Şübhəsiz, Hidayət ilk növbədə şairdir. Haqqında yazanların da çoxu etiraf edir ki, ona olan sayğıları şeirlərindən başlanıb.
Bizim Hidayətlə dostluğumuzun təməlində də onun çətin uşaqlıq həyatı, Mığrı, ana, ilk sevgi, doğulduğu yerlərin gözəllikləri haqqında yazdığı və tələbə yataqxanasının balaca otağında dinlədiyim gənclik şeirlərindəki dərin səmimiyyət və gələcəyə ümid olmuşdu. Bu şeirlərdə bizim nəsildən olan kənd uşaqlarının ümumi taleyi vardı:
Soyuqda, şaxtada, boranda, qarda
bu köynək qış kürküm, pencəyim oldu.
Əlimdə qan sızan o cadarlar da
mahudlu, meşinli əlcəyim oldu.
Zəngəzurda dağıdılmış, Yardımlıda müharibədən sonra qəsdən köçürülmüş kəndlərin faciəsi:
Küləkli çöllərdə, qarlı havada
kəsə cığırları gəzən tapılmaz.
Göz yaşları qalan isti yuvada
təndirlər üşüyər, çörək yapılmaz.
Yurdun xoşbəxtliyi yolunda çalışmaq arzusu:
Təbrizimin harayına çatmasam,
Öz dərdimi el dərdinə qatmasam,
Beş zalımın biləyindən tutmasam,
Görən kim deyər ki, Hidayətəm mən?
Doğma Mığrının bu gün artıq xəritədən silinmiş gözəl guşələri:
Tağəmir - yaylağın, Xəllərdə dağın,
Aldərə zirvəsi, Kazım bulağın...
Tanışlığımızın ilk günlərində yazdığı və şeir məclislərində oxuduğu "Qara pencək" şeirinin sadə və səmimi misraları uzun illər keçsə də, yaddaşımdadır.
Şeir anasının "o pencəkdə nə var ki, onun üçün əsirsən?" sualına cavab olaraq yazılmışdı:
Axı mən necə deyim,
Quşbaşı qar yağanda
Bu qara pencəyi mən
Onun çiyninə salıb
Sağ-solunu kəsmişəm?!
Üşüyərsən, deyərək
Bu pencəkdə mən onu
Guya əzizləmişəm.
Bəlli olur ki, o sevgidən yadigar qalan yalnız bu pencəkdir.
İllər keçdi, səsi də, sözü də, şeiri də, özü də möhkəmləndi. Akademik Yaşar Qarayevin müşahidə etdiyi kimi, "sadə, aydın, xəlqi dillə - üslubla, əsl səmimi, isti nəfəslə" yazdığı əsərləri ona oxucu sevgisi qazandırdı. "Arabası sınıq-salxaq yolçulara tay olmaram" misralarında işarə etdiyi kimi, "yerə-göyə sığmayan həyat eşqi"nin ardınca yüksəldi. Akademik Tofiq Hacıyev demiş: "Şairlikdən ictimai, milli fəaliyyətə başlayan şair siyasi kürsülərə, dövlətçilik xidmətlərinə qədər yol gedir".
Bu, Hidayətin ömür yolunun əsas cəhətidir.
Hidayətin şeirləri də, nəsr və publisistikası da onun öz taleyindən yaranmışdır, bu taleyi əks etdirir. Müəllif bütün əsərlərinin baş qəhrəmanıdır. Lakin bu baş qəhrəman millətinin bir parçası, böyük vətəndaş olduğuna görədir ki, bu əsərlər həm də bütövlükdə azərbaycanlıların, xüsusən, Qərbi Azərbaycan türklərinin tale nəğməsi kimi səslənir.
Bu baxımdan onun "Burdan bir atlı keçdi" və "Orda - Zəngəzurda mənim ürəyimin məzarı qalıb" əsərləri gözəl bir xatirə, milli yaddaş kitabı olmaqla yanaşı yurdumuzun itirilmiş bir parçasının tarixini, coğrafiyasını, etnoqrafiyasını, insanlarının xarakterini, üzləşdikləri çətinlikləri ensiklopedik qapsamıyla əhatə edən son dərəcə dəyərli bir əsərdir; bədii publisistikamızın ən uğurlu nümunələrindəndir.
Müəllif ömrünün səhifələri onun şeirlərində bir evin, yüz minlərlə insanın tale, sevgi, sevinc, gözəllik, dərd, ayrılıq, yurd itkisi, faciə sətirlərinə çevrilib.
Hidayətin poeziyası itirdiyimiz bir dünyanın gözəllik coğrafiyasını, mənəviyyat hüdudlarını göstərməklə yanaşı, həm də sözün bədiilik ölçüləri baxımından da o dağlar və yurdlar qədər safdır, təmizdir.
Gərək çıxmayaydım kəndimizdən heç.
Çapa verməyəydim beş-on şeirimi.
Özüm isidərdim öz nəfəsimlə
Öz doğma yurdumu, doğma yerimi.
Gərək öz dağımın telli sazında,
Gərək öz bağçamın ilkin yazında
Axaydı üzümə alnımın təri.
Onda itərdimi babamın qəbri?
Onda çatlardımı atamın qəbri?!
Bu bir şairin yox, bir elin etirafı və bütün tarixi səhvlərimizə işıq tutan bir ağıdır. Hidayətin "bayatı"larından başlamış, bir çox şeirində məni ən çox duyğulandıran ayrı bir cəhət də var. Qeyri-adi şair intuisiyası sanki bu yerləri, bu insanları nə vaxtsa itirəcəyini duyubmuş kimi əzizləyə-əzizləyə, oxşaya-oxşaya yaddaşına köçürüb.
Bu, faciəli bir poetik öncəgörənlikdir.
Baş əyirəm, beşiyim,
İlk yuvam, ilk keşiyim -
Borcunu qaytarammaz
Bugünkü ev-eşiyim...
Hidayətin şeirləri ilə publisistikası qoşa qanad kimidir; ikisi də eyni ruhdan, eyni sevgidən qanadlanıb. "Burdan bir atlı keçdi" kitabı Hidayətin Zəngəzurda, İrəvanda yaşadığı illəri, xatirə və yaşantılarını əks etdirir, bəzən tərcümeyi-hal səciyyəsi daşıyır, amma müəllifin ustalığı burdadır ki, öz ömürlüyünü yurdunun, elinin ömür yolunun bir parçası kimi görə və qələmə ala bilib.
Hidayət İrəvanda çalışdığı illərin olayları fonunda ordakı Azərbaycan mühitini canlandırır, birgə çalışdığı insanların parlaq obrazlarını yaradır. Bu baxımdan kitabı görkəmli elm, sənət, mədəniyyət xadimlərinə, ziyalılara həsr etməsi, təəssüf ki, unudulmaqda olan insanlar haqqında silsilə portret oçerklər yazması və bu kitabda toplaması çox ləyaqətli işdir, əsl ziyalı işidir. Kitab informativlik baxımından çox zəngindir və təbii ki, birnəfəsə oxunan kitablardan deyil. Amma oxuduqca onun müəllifini yenidən tanıyır, yenidən sevirsən və düşünürsən ki, nə yaxşı bu kitab yazılıb, nə yaxşı belə qiymətli insanlar bir kitabda yan-yana canlandırılıb...
Kitabın əsl qiymətini müəllif özü verib. Müdrik bir fransız kəlamı düşdü yadıma: "Harada bir fransız yaşayırsa, o torpaq fransız ədəbiyyatında əbədiləşdirilməlidir".
Şair dostumun bir çox məktubları da var ki, siyasi publisistikanın öz vətəndaşlıq borcunu necə yerinə yetirməli olduğuna örnək sayıla bilər. Bu əsərlər dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində yazıçı sözünün necə mühüm rol oynadığını göstərir. Bu baxımdan onun oncildliyindən gürcüstanlı qələm dostu Cansuğ Çarkvianiyə məktubundan bir parçaya nəzər salmaq kifayətdir.
Hidayət yazır:
"Cansuğ, əziz dostum!
...Sözümün bu yerində Quramla 1994-cü il noyabr ayının sonlarında Tiflisdə, Yazıçılar Birliyində, onun soyuq otağında neçə saat çəkən isti söhbətimizi xatırlayıram. Qurama gileyləndim ki, bəzi gürcü müəllifləri mətbuatda, kitabda xalqlarımızı üz-üzə qoymağa cəhd edir, tarixi faktları saxtalaşdıraraq soydaşlarımızın guya gəlmə olduqlarını yazırlar. Quram çılğın halda "onlar gürcü deyillər, gürcü xalqının düşmənləridir!" dedi. Həmişə təmkinli olan Quramın həyəcanı da təbii idi. Gürcülər içində gürcü soyadı daşıyan və gürcü adı altında gizlənən, lakin öz xislətini dəyişməyən, xəyanətkar məlum qüvvələr var. Belələri, ilk növbədə, gürcülərin düşməni, təbii ki, Gürcü-Azərbaycan dostluğunun da qənimidirlər. Belə düşmənlər təəssüf ki, Azərbaycanda da yox deyildir, ölkənin, millətin halal çörəyini yeyə-yeyə, saf suyunu içə-içə dövlətinə, onun maraqlarına dönüklük eləyənlərə göz yummaq olmaz. Onları gərək Allah da bağışlamaya".
O, yaradıcılığında olduğu kimi, tutduğu vəzifələrlə bağlı apardığı bütün işlərdə, siyasi kitablarında, müsahibə və çıxışlarında da Böyük vətəndaşdır. Bir vaxt Zəngəzur üçün söylədiyi nəğmələri o, sonra bütöv Azərbaycan üçün oxumuşdur.
Dövlət müstəqilliyini əldə etmək, müharibə şəraitində, belə mürəkkəb coğrafi-siyasi mövqedə, bu qədər çox düşmən arasında gənc dövləti qorumaq çətin işdir. İyirmi beş ildir qolunu çirməyib bu işi görənlərlə, öz gücünü milli gücə qoşanlarla yanaşı, kənarda dayanıb dodaq büzməkdən, qüsur axtarmaqdan başqa peşəsi olmayanları da görürük. Hidayət isə ilk gündən tərəddüd etmədən, əsil şair ilhamıyla çiynini bu ağır yükün altına verən və öz səngərini əzmlə qoruyan, milli dövlətinə xidmət göstərməkdən zövq alan şəxslərdən biri olub. "Bu gün vəzifə kürsüləri rahatlıq üçün deyil" söyləyərək gecə-gündüz çalışıb. Buna görə də xalqının və dövlətinin yanında üzüağ və başıucadır. Keçdiyi yaradıcılıq yolu, ictimai mübarizə yolu həmişə adına yaraşıb: həmişə düz yolda olub.
Bu yol Azərbaycanın böyük gələcəyinə və bütövlüyünə gedən yoldur...
Son. Əlvida, əziz dost! Yaxşı ki bu qeydlərimi sənin sağlığında dərc etdirmişdim və sən də oxumuşdun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
