Şeirlər - Səbuhi RƏFİBƏYLİ

Dünya

Sən necə səbr edib, görk eləmirsən?

Düzə, doğrulara ərk eləmirsən?

Yalanı buraxıb, tərk eləmirsən,

Namərdin duz basır yarama, dünya.

 

Əzəldən bu könül incidi, küsdü,

Şirin ümidlərdən əlini üzdü.

Götürüb başını çöllərə düşdü,

Daha məni gəzmə, arama, dünya.

 

Sellənən yaşlara, selə yaşadım.

Ağarmış saçlara, telə yaşadım.

Ömrümü-günümü belə yaşadım,

Mən əl uzatmadım harama, dünya.

 

Yandırıb-yaxmısan, alışdırmısan,

Əyrini düzlərlə yarışdırmısan.

Sən özün qatmısan, qarışdırmısan,

Halalın qaraşıb harama, dünya

 

Nahaqqı sinirib, udub çeynəmək,

Doğruya şər artıb yalan söyləmək,

Təmanna dilənmək, maraq gözləmək

Bu yaşda yaraşar harama, dünya?

 

Baxışmağa

Şirin-şirin, nazlı-nazlı,

Gül ətirli bahar-yazlı.

Xoş sədalı, xoş avazlı

Söz istərəm danışmağa.

 

Bitməyəcək vüsal güçüm,

Xatırlayıb anmaq üçün.

Həzin-həzin yanmaq üçün

Köz istərəm alışmağa.

 

Gül üzünü görmək üçün,

Tellərini hörmək üçün.

Darıxmışam sevmək üçün,

Göz istərəm baxışmağa.

 

Məhəbbətindən

Dəydi dağa-daşlara,

Sel-sulara yaşlara.

Səpələndi saçlara,

Çən öz məhəbbətindən.

 

Gözlər-gözə dayandı,

Mən alışdım, o yandı.

Sevincimə qısqandı

Qəm öz məhəbbətindən.

 

Ağrı-acı duymadı,

Hey ağlatdı doymadı.

Darıxmağa qoymadı

Nəm öz məhəbbətindən.

 

Yaxınlaşdı düzümə,

Şirin söhbət, sözümə.

Üçüb qondu üzümə,

Şən öz məhəbbətindən .

 

Gah düz getdim, gah kəsə,

Həqiqətlə səs-səsə.

Pay ayırdım hər kəsə

Mən öz məhəbbətimdən.

 

Şeir yazmağa

Kimsə dilə tutub başımı qatmaz,

İlham pərilərim hayıma çatmaz.

Nə kağız , nə qələm əlimə yatmaz,

Bu gün həvəsim yox şeir yazmağa.

 

Toxunmur üzümə həzin küləklər,

Könlümü oxşamır açan çiçəklər.

Qəlbdən uzaq düşüb arzu-diləklər,

Bu gün həvəsim yox şeir yazmağa .

 

Kefsizəm, lap ruhdan düşmüş kimiyəm,

Əlləri ümiddən üzmüş kimiyəm.

Həyatdan inciyib-küsmüş  kimiyəm,

Bu gün həvəsim yox şeir yazmağa.

 

Mənə

Seyr edib doyunca baxsaydım əyər,

Bir kərə səsini duysaydım əyər,

Yaş olub gözündən axsaydım əyər,

Bir ömür həsrətin yetərdi mənə.

 

Şirinlik duyulmaz söhbət-sözümdə,

Düyanın dəyəri itər gözümdə.

Bir sevinc, xoşbəxtlik gülməz üzümdə,

Dünya başdan-başa kədərdi mənə.

 

Ürək kövrələcək, gözlər dolacaq,

Bu dillər, dodaqlar səni soracaq.

Sanma ki, yaşamaq asan olacaq,

Sənsizlik ölümdən betərdi mənə.

Gəncə


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!