"Azərbaycan mədəniyyəti-2040": XXI əsrin qlobal çağırışları kontekstində Azərbaycanın mədəniyyət strategiyası (Əvvəli ötən saylarımızda) - Sərxan XAVƏRİ, Hikmət QULİYEV, Səfa QARAYEV

 

Üçüncü məqalə

 

Virtual reallıq kontekstində Azərbaycan-2040 Konsepsiyası

 

Konsepsiyada diqqəti cəlb edən və müasir dövrdə mədəniyyət sahəsində əsas çağırışlardan biri də qloballaşma prosesinin yaratdığı dərin transformasiyalardır. Qloballaşma, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə şərtlənir və bu proses mədəniyyətlərin qarşılıqlı təsirini, inteqrasiyasını və bəzi hallarda toqquşmasını qaçılmaz edir. Bu kontekstdə daha güclü və dominant mədəni modellərin daha zəif mədəni sistemləri sıxışdırmaq və ya assimilyasiya etmək potensialı yaranır. Bu isə milli identikliyin qorunmasını yalnız mədəni deyil, həm də strateji məsələ kimi aktuallaşdırır.

Nəzərə almaq laızmdır ki, milli identiklik təkcə dil və etnik mənsubiyyətlə məhdudlaşmır. O, kollektiv mədəni yaddaş, davranış modelləri, gündəlik ünsiyyət kodları və qeyri-formal bilik sistemləri ilə sıx bağlıdır. Bu baxımdan, qloballaşmanın yaratdığı əsas risklərdən biri məhz bu dərin strukturlara - ailə mühitində formalaşan və ənənəvi institusional mexanizmlər (ailə mühiti, ağsaqqallıq, ağbirçəklik və s.) vasitəsilə ötürülən dəyərlərə yönəlir. Ailə, ağsaqqal və ağbirçək institutları, eləcə də sosial mühit daxilində formalaşan qeyri-rəsmi sosial nizamlayıcı mexanizmlər yalnız sosial münasibətləri tənzimləmir, həm də mədəni yaddaşın və davranış mədəniyyətinin daşıyıcıları kimi çıxış edir. Mədəniyyət konsepsiyasında irəli sürülən qloballaşma şəraitində milli identikliyin qorunması, eləcə də milli-mənəvi dəyərlərin yaşadılması, habelə ənənəvi ünsiyyət modellərinin qorunması məsələsi, düşünürük ki, ənənəvi institusional modellərin müasir şəraitdə yaşadılmasını zəruri edir. Hazırki çağda aparılan sosioloji və demoqrafik araşdırmalar onu göstərir ki, ənənəvi ailə quruluşu transformasiya olunmuşdur. Belə ki, hazırki çağda istər mühafizəkar, istərsə də liberal olmağından asılı olamayaraq, sosial-iqtisadi faktorlar ailələrin ənənəvi strukturunu dəyişməyə nail olmuşdur. Artıq baba-nənə, ata-ana və oğul-qızlardan ibarət olan, yəni üç nəslin birləşdiyi, ənənəvi tərbiyə və bilik sisteminin mövcud olduğu ailə modeli, ən yaxşı halda, ata-ana və övladdan ibarət olur. Bu təkcə fərdlərin sayının azalması deyil, bu, əlsində, ənənəvi ünsiyyət və münaisbət sisteminin formalaşan təcrübə və bilik əsasında ötürlməsi mexanimzinin sıradan çıxmasıdır. Şübhəsiz ki, bunun səbəbləri çoxdur, lakin qarşıda duran əsas məsələ bir zamanlar ailə institutu və yaxud digər ənənəvi institutusional sistemlər tərəfindən icra olunan funksiyaların yeni strukturlar tərəfindən milli identikliyin qorunması çərçivəsində təmin edilməsidir. Mədəniyyət konsepsiyasının "görməli" işlərdən biri məhz bu məsələdir.  

Təbii ki, rəqəmsallaşma və virtuallaşma bu ənənəvi institutların funksiyalarını transformasiya edən əsas amillərdəndir. Ünsiyyətin klassik formaları - üzbəüz, kontekstual və kollektiv xarakterli modellər - getdikcə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən, sürətli, fraqmentar və alqoritmik filtrdən keçmiş kommunikasiya formaları ilə əvəz olunur. Bu dəyişiklik mədəni transmissiyanın mahiyyətini də dəyişir. Ənənəvi yaddaş ötürülməsi yerini informasiya axınının sürətli istehlakına və seçilməsinə verir. Nəticədə, kollektiv təcrübə fərdiləşmiş informasiya mühitində parçalanır, yaddaş isə "yaşanan və ötürülən təcrübə"dən "axtarılan və əldə olunan məlumat"a transformasiya olunur.

Son dövrlərdə süni intellekt texnologiyalarının inkişafı bu prosesləri daha da mürəkkəbləşdirib. Süni intellekt artıq yalnız informasiya vasitəçisi deyil, həm də mədəni məzmun istehsalçısına çevrilir. Bu isə mədəniyyətin mahiyyəti ilə bağlı yeni suallar doğurur: mədəni məhsulun autentikliyi necə müəyyən olunacaq? Alqoritmik şəkildə yaradılan mətnlər, obrazlar və narrativlər ənənəvi folklor yaradıcılığı ilə hansı münasibətdə olacaq? Daha da önəmlisi, mədəni seçimlərin və üstünlüklərin formalaşmasında alqoritmlərin rolu nə dərəcədə olacaq?

Bu kontekstdə Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifə qlobal inteqrasiya ilə milli-mənəvi dəyərlərin qorunması arasında optimal balansın təmin edilməsidir. Qloballaşmadan kənarda qalmaq mümkün olmadığı kimi, milli kimliyin və mədəni özünəməxsusluğun zəifləməsi də strateji baxımdan qəbuledilməzdir. Ona görə də burada əsas məsələ qarşıdurmadan qaçmaqla uyğunlaşma və sintez modellərinin işlənib hazırlanmasıdır. Bu isə yalnız inzibati qərarlarla deyil, elmi əsaslandırılmış yanaşmalarla mümkündür.

 

Konsepsiyada elmi yanaşma

 

Bu baxımdan, hesab edirik ki, Konsepsiyasının icrasında elmin və alimin rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəniyyət siyasətinin effektivliyi onun elmi biliklərlə nə dərəcədə inteqrasiya olunmasından asılıdır. Sosial-antropoloji folklorşünaslıq yanaşması burada mühüm metodoloji baza təqdim edir. Bu yanaşma folkloru yalnız mətnlər və janrlar sistemi kimi deyil, sosial münasibətlərin, kollektiv yaddaşın, bilik istehsalının və identiklik formalaşmasının dinamik mexanizmi kimi təhlil etməyə imkan verir. Bu isə mədəniyyət siyasətinin daha dərindən anlaşılmasına və daha effektiv modellərin hazırlanmasına şərait yaradır.

"Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası yalnız inzibati və ya siyasi sənəd kimi deyil, eyni zamanda elmi əsaslara söykənən strateji çərçivə kimi formalaşdırılmışdır. Lakin -də ifadə olunan fəlsəfi yanaşma prizmasından bu elmi xarakter daha geniş məna kəsb edir və təkcə metodoloji dəqiqliklə deyil, həm də yaddaş, zaman və idrakın vəhdəti ilə müəyyən olunur. Bu baxışa görə elm sadəcə ölçmə və təhlil vasitəsi deyil, mədəniyyətin daxili məntiqini, onun tarixi davamlılığını və mənəvi qatlarını dərk etməyin əsas vasitəsidir.

Konsepsiyada müşahidə olunan sistemli və analitik yanaşma mədəniyyətin ayrı-ayrı sahələr üzrə deyil, bütöv bir sistem kimi öyrənilməsini nəzərdə tutur. Bu, mədəniyyətin tarixi yaddaş, sosial münasibətlər və mənəvi dəyərlərlə bağlılığını nəzərə alan elmi baxışdır. Beləliklə, mədəniyyət yalnız cari vəziyyətin təsviri ilə məhdudlaşmır, onun keçmişdən gələn qanunauyğunluqları və gələcəyə yönəlmiş inkişaf trayektoriyası da elmi şəkildə təhlil olunur.

Eyni zamanda Konsepsiyada beynəlxalq metodoloji yanaşmaların nəzərə alınması mədəniyyətin qlobal kontekstdə dərk olunmasını təmin edir. Lakin bu prosesdə əsas məqsəd xarici modellərin mexaniki tətbiqi deyil, milli mədəniyyətin özünəməxsusluğunu qorumaqla onu ümumbəşəri inkişaf qanunauyğunluqları ilə uzlaşdırmaqdır. Bu, elmin universallığı ilə milli yaddaşın vəhdətini təmin edən yanaşma kimi çıxış edir.

Konsepsiyanın elmi xarakteri həm də onun ölçülə bilən hədəflər və mərhələlər əsasında qurulmasında özünü göstərir. Mədəniyyət sahəsində konkret indikatorların müəyyənləşdirilməsi bu sahənin idarə olunmasını daha rasional və proqnozlaşdırılan edir. Bununla yanaşı, bu cür yanaşma mədəniyyətin yalnız abstrakt dəyərlər sistemi deyil, həm də konkret nəticələr doğuran sosial institut kimi dərk olunmasına xidmət edir.

Mədəniyyətin elm, təhsil və innovasiya ilə inteqrasiyası da Konsepsiyanın mühüm elmi istiqamətlərindən biridir. Bu yanaşma mədəniyyətin yalnız irsin qorunması ilə məhdudlaşmadığını, eyni zamanda yeni biliklərin və yaradıcı potensialın formalaşmasında iştirak etdiyini göstərir. Bu mənada elm və mədəniyyət qarşılıqlı şəkildə bir-birini tamamlayan və inkişaf etdirən sahələr kimi çıxış edir.

Empirik və statistik metodların tətbiqi isə mədəniyyətin iqtisadi və sosial təsirinin ölçülməsinə imkan yaradır. Lakin fəlsəfi baxımdan bu yanaşma yalnız kəmiyyət göstəriciləri ilə kifayətlənmir, eyni zamanda mədəniyyətin keyfiyyət ölçülərinin - mənəvi təsirinin və yaddaşdakı rolunun da nəzərə alınmasını tələb edir. Çünki mədəniyyətin mahiyyəti təkcə statistik göstəricilərlə deyil, onun insan şüurunda və cəmiyyət həyatında oynadığı rol ilə müəyyən olunur.

Beləliklə, Konsepsiyanın elmi xarakteri yalnız metodoloji və analitik alətlərlə deyil, mədəniyyətin zaman, yaddaş və mənəviyyat kontekstində dərk olunması ilə tamamlanır. Bu yanaşma mədəniyyət siyasətinin sübutlara əsaslanmasını təmin etməklə yanaşı, onu daha dərin - fəlsəfi və humanitar müstəviyə yüksəldir. Nəticədə, Konsepsiya elmi əsaslandırılmış olmaqla yanaşı, mədəniyyətin daxili mahiyyətini anlamağa yönəlmiş kompleks və bütöv bir strateji sənəd kimi çıxış edir.

 

Konsepsiyanın həyata keçirilməsində elmin vəzifələri

 

"Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasının həyata keçirilməsində elm yalnız texniki və analitik vasitə kimi deyil, mədəniyyətin daxili məntiqini və tarixi davamlılığını dərk edən əsas qüvvə kimi çıxış edir. -də ifadə olunan yanaşmaya görə, mədəniyyət yaddaşın, zamanın və mənəviyyatın vəhdəti olduğu üçün onun düzgün istiqamətdə inkişafı da məhz elmi idrakın dərinliyindən və obyektivliyindən asılıdır. Bu baxımdan elm mədəniyyət siyasətinin sadəcə müşayiətçisi deyil, onun istiqamətverici və təminedici əsas dayağıdır.

Elmin əsas vəzifələrindən biri mədəniyyətin müxtəlif sahələri üzrə sistemli və məqsədyönlü tədqiqatların aparılmasıdır. Bu tədqiqatlar yalnız yeni biliklərin əldə edilməsinə deyil, həm də milli yaddaşın elmi şəkildə dərk olunmasına və qorunmasına xidmət edir. Eyni zamanda elm mədəniyyət siyasətinin hazırlanması və qiymətləndirilməsi üçün metodoloji baza yaradır, mədəni prosesləri ölçmək və təhlil etmək üçün indikatorlar və analitik mexanizmlər formalaşdırır. Lakin bu analitik yanaşma yalnız kəmiyyət göstəriciləri ilə məhdudlaşmamalı, mədəniyyətin mənəvi və keyfiyyət tərəflərini də əhatə etməlidir.

Mədəniyyətin elm, təhsil və innovasiya ilə inteqrasiyası da elmin mühüm funksiyalarından biridir. Bu proses mədəniyyətin yalnız irs kimi qorunmasını deyil, həm də yeni şəraitdə yenidən yaradılmasını və inkişaf etdirilməsini təmin edir. Elmi biliklərin dövlət siyasətində tətbiqi isə qərarvermə prosesinin daha obyektiv və sübutlara əsaslanan xarakter almasına şərait yaradır.

Bununla yanaşı, elm insan kapitalının formalaşdırılmasında mühüm rol oynayır. Mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması, onların peşəkar və elmi potensialının artırılması mədəniyyətin davamlı inkişafı üçün əsas şərtlərdən biridir. Beynəlxalq elmi əməkdaşlıq isə milli mədəniyyətin qlobal elmi və mədəni məkanla əlaqəsini gücləndirir, onun daha geniş miqyasda tanınmasına və inkişafına imkan yaradır.

Xüsusilə qeyd olunmalıdır ki, mədəni irsin tədqiqi və qorunması sahəsində elmin rolu əvəzsizdir. Tarixi-mədəni abidələrin araşdırılması, sənədləşdirilməsi və bərpası yalnız elmi yanaşma əsasında mümkün olur və bu proses milli yaddaşın qorunmasının əsas mexanizmlərindən biri kimi çıxış edir.

Nəticə etibarilə, "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası ölkənin mədəni inkişafı üçün strateji çərçivə təqdim edən mühüm sənəddir. Lakin bu sənədin real təsir gücü onun praktik mexanizmlərlə təmin olunmasından, müxtəlif səviyyələrdə izah və tətbiq olunmasından və elmi əsaslarla dəstəklənməsindən asılıdır. Müasir dövrün qloballaşma, rəqəmsallaşma və texnoloji transformasiya ilə xarakterizə olunan mürəkkəb reallığında mədəniyyət siyasətinin uğuru yalnız düzgün müəyyən edilmiş məqsədlərlə deyil, həm də bu məqsədlərə aparan yolların elmi və praktik baxımdan əsaslandırılması ilə müəyyən olunacaqdır.

Beləliklə, "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası qarşıda duran vəzifələri yalnız institusional inkişaf və idarəetmə müstəvisində deyil, daha geniş - milli yaddaşın qorunması, mənəvi dəyərlərin möhkəmləndirilməsi və mədəni davamlılığın təmin edilməsi kontekstində müəyyən edir. Bu baxımdan dövlətin əsas missiyası mədəniyyətin strateji inkişafını təmin edən çevik və sistemli siyasət formalaşdırmaqdan ibarətdirsə, alimlərin və elmi ictimaiyyətin vəzifəsi bu prosesə elmi əsaslar qazandırmaq, mədəniyyətin dərin qatlarını araşdırmaq və onu gələcək nəsillərə düzgün şəkildə ötürməkdir. Cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə həyata keçirilən bu proses nəticə etibarilə mədəniyyətin yalnız qorunan deyil, eyni zamanda yenilənən və inkişaf edən canlı sistem kimi mövcudluğunu təmin etməlidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!