İkinci məqalə
Konsepsiyada əks olunan Azərbaycanın müasir mədəniyyət modeli elmi-fəlsəfi baxış kontekstində
"Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasına əsasən Azərbaycanın müasir mədəniyyət modeli milli kimliyə söykənən, eyni zamanda qlobal çağırışlara açıq olan sistemli və çoxşaxəli inkişaf modeli kimi müəyyən olunur. Lakin bu modeldə ifadə olunan fəlsəfi yanaşma prizmasından dəyərləndirdikdə, onun mahiyyəti daha dərin - yaddaş, zaman və mənəviyyatın vəhdəti kimi üzə çıxır. Bu baxışa görə mədəniyyət yalnız institusional və ya sosial sahə deyil, xalqın tarixi yaddaşını daşıyan, onu zamanlararası davamlılıqda qoruyan canlı bir sistemdir.
Bu mənada, Azərbaycanın müasir mədəniyyət modeli ilk növbədə milli-mənəvi dəyərlərin, tarixi irsin və kollektiv yaddaşın qorunmasına söykənir. Mədəniyyət burada sadəcə keçmişin qorunması deyil, həm də keçmişlə gələcək arasında fasiləsiz əlaqənin təmin olunması funksiyasını daşıyır. İrs və varislik prinsipi bu modelin əsasını təşkil edir və mədəniyyətin davamlılığı məhz bu əlaqənin pozulmaması ilə şərtlənir. Beləliklə, mədəniyyət milli kimliyin daşıyıcısı olmaqla yanaşı, onu zamanın dəyişən şərtləri daxilində yenidən mənalandıran bir mexanizm kimi çıxış edir.
Eyni zamanda bu model mədəniyyəti cəmiyyətin digər sahələrindən təcrid olunmuş şəkildə deyil, təhsil, elm, innovasiya və iqtisadiyyatla üzvi əlaqədə olan bir sistem kimi nəzərdən keçirir. Bu yanaşma mədəniyyəti yalnız estetik və ya mənəvi sahə kimi deyil, bütövlükdə sosial inkişafın aparıcı amillərindən biri kimi təqdim edir. Lakin burada əsas fərqləndirici cəhət ondan ibarətdir ki, mədəniyyət maddi inkişafın tərkib hissəsinə çevrilməklə yanaşı, onun üzərində dayanan mənəvi baza rolunu da qoruyur.
Konsepsiyanın nəzərdə tutduğu müasir model eyni zamanda inklüziv və açıq xarakter daşıyır. Mədəniyyətə çıxışın genişləndirilməsi, onun müxtəlif sosial təbəqələr və coğrafi məkanlar üzrə əlçatanlığının təmin olunması mədəniyyətin ümumbəşəri mahiyyəti ilə səsləşir. Bu baxımdan mədəniyyət ideoloji və ya sosial məhdudiyyətlərdən kənarda duran, bütün cəmiyyət üçün ümumi mənəvi sərvət kimi qəbul edilir.
Qlobal müstəvidə isə bu model mədəniyyətlərarası dialoqa və qarşılıqlı təsirə açıqdır. Lakin bu açıqlıq milli kimliyin zəifləməsi deyil, əksinə, onun daha güclü şəkildə təqdim olunması və beynəlxalq mühitdə təsdiqi kimi başa düşülür. Beləliklə, mədəniyyət diplomatiyası milli yaddaşın və dəyərlərin qlobal müstəviyə çıxarılması vasitəsinə çevrilir.
Rəqəmsallaşma və innovasiya da bu modelin mühüm komponentlərindəndir. Müasir texnologiyalar vasitəsilə mədəniyyətin yeni ifadə formalarının yaranması, onun daha geniş auditoriyaya çatdırılması təmin olunur. Lakin bu prosesdə əsas məqsəd yalnız texnoloji yenilik deyil, mədəni məzmunun qorunaraq yeni formalarda təqdim edilməsidir. Yəni forma dəyişsə də, mahiyyət - yaddaş və mənəviyyat - sabit qalır.
Nəhayət, bu model uzunmüddətli və dayanıqlı inkişaf prinsipinə əsaslanır. Mədəniyyət burada qısamüddətli layihələr və ya epizodik fəaliyyət sahəsi deyil, strateji planlaşdırma və institusional davamlılıq tələb edən sistem kimi dərk olunur. Bu yanaşma mədəniyyətin zamandan kənar, davamlı və əbədi xarakteri ilə uzlaşır.
Beləliklə, fəlsəfi baxımdan Azərbaycanın müasir mədəniyyət modeli milli yaddaşa söykənən, zamanlararası davamlılığı təmin edən, mənəvi dəyərləri qoruyaraq onları müasir və qlobal mühitdə yenidən təqdim edən bütöv bir sistem kimi çıxış edir. Bu modeldə mədəniyyət həm keçmişin yaddaşı, həm bu günün reallığı, həm də gələcəyin mənəvi istiqaməti kimi vahid bir strukturda birləşir.
Mədəniyyətin davranış sinergiyası
Davranış mədəniyyəti etik qaydalarla yanaşı, qloballaşma və gündəlik həyatdakı dəyişikliklər fonunda cəmiyyətin mədəni quruluşunun dinamik və çoxşaxəli hissəsini özündə ehtiva edən fenomen kimi sosial-antropoloji tədqiqatlarda mühüm yer tutur. Bu mənada "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasında sözügedən istiqamətin ayrıca sahə kimi müəyyənləşdirilməsi göstərir ki, sənəddə mədəniyyət anlayışı yalnız klassik etik-estetik çərçivə ilə məhdudlaşdırılmır, əksinə, gündəlik həyat praktikalarını, sosial davranış modellərini və kommunikativ münasibətləri əhatə edən, antopoloji əsaslı etno-mədəni davranış sistemi kimi nəzərdə tutulur. Bu yanaşma mədəniyyətin yalnız incəsənət və ədəbiyyat kimi elitar sahələrlə məhdudlaşmadığını, əksinə, fərdin sosial davranışında, ünsiyyət modellərində və ictimai münasibətlər sistemində özünü reallaşdıran çoxkomponentli fenomen olduğunu təsdiqləyir.
Mədəniyyətşünas və folklorşünas baxış bucağından davranış mədəniyyəti kollektiv yaddaşın və simvolik kodların gündəlik praktikada fəaliyyət göstərən aktual bölümü kimi qavranılır. Müasir antropoloji tədqiqatlar göstərir ki, davranış formaları sadəcə qaydaların təkrarı deyil, mədəni mənanı yenidən yaradır. Bu davranışlar vasitəsilə cəmiyyət öz kimliyini qoruyur və gələcək nəsillərə ötürür. Bu baxımdan davranış mədəniyyəti milli identikliyin yalnız estetik və ideoloji deyil, həm də praktik və empirik səviyyədə qavranılmasını təmin edən əsas anlayışlardan biri kimi çıxış edir. Bu mənada davranış mədəniyyəti kollektiv dəyərləri formalaşdırır, onları cəmiyyət daxilində yayır və zamanla yeni məna ilə zənginləşdirir. Bu xüsusiyyətlərin elmi əsaslarla öyrənilməsi bu istiqamətdə milli mədəni sistemin elmi-fəlsəfi dərki və təbliği istiqamətində yeni imkanlar yarada bilər.
Davranış mədəniyyətinin öyrənilməsi kontekstində tətbiqi folklorşünaslığın metodoloji imkanları xüsusi aktuallıq kəsb edir. Müasir folklorşünaslıq mədəniyyəti passiv yaddaş kimi deyil, davranış modellərinin sosial və emosional ehtiyaclara uyğun formalaşdığı canlı sistem kimi izah edir. Bu sistem keçmişi bu günlə üzvi şəkildə əlaqələndirməklə yanaşı, gələcəyin inkişaf istiqamətlərinin formalaşmasına da əsas yaradır.
Xüsusilə milli dövlətçilik və milli mədəni identikliyin qorunması və təbliği baxımından davranış mədəniyyətinin çoxşaxəli təzahürlərinin aktuallığı daha da artır. Bu kontekstdə davranış mədəniyyətinin ayrı-ayrı elementləri yalnız müəyyən davranış formaları ilə məhdudlaşmır, eyni zamanda özündə xüsusi mənəvi enerji daşıyan ünsiyyət tipologiyalarını ehtiva edir və nəticə etibarilə kimliyin sərhədlərini müəyyənləşdirən mühüm mədəni struktur kimi çıxış edir. Bu baxımdan qonaqpərvərlik, böyüyə hörmət, sosial məsuliyyət, fərd və kollektiv ünsiyyəti təmin edən davranış aktları, kollektiv həmrəylik kimi davranış stereotipləri folklor mətnlərində yalnız təsvir olunmur, eyni zamanda mənəvi güc olaraq təsdiq olunur. Bu isə folklorşünaslıq tədqiqatlarının tətbiqi potensialını artırır: folklor materialı əsasında davranış modellərinin genezisi, funksionallığı və transformasiya mexanizmləri təhlil oluna bilər. Beləliklə, tətbiqi folklorşünaslıq davranış mədəniyyətinin müasir sosial kontekstdə reaktuallaşdırılması üçün elmi əsas yaradan mühüm alətlər sisteminə malikdir.
Müvafq dövlər sənədi müstəvisində mədəni gücün reaktuallaşdırılması və milli maraqlar kontekstində bu gücdən istifadə vacib rol oynayır. Mədəniyyətə birləşdirici güc kimi yanaşma onu arxivlərdə və elitar sənət daxilində cəmlənə miras, irs kimi deyil, həm də gündəlik davranışlarda və sosial münasibətlərdə rol oynayan aktiv amil kimi dəyərləndirməyi tələb edir.. Bu resursun yenidən aktivləşdirilməsi cəmiyyətin daxili bütövlüyünü gücləndirir, sosial parçalanma risklərini azaldır və mədəni harmoniyanın formalaşmasına xidmət edir. Davranış mədəniyyəti bu prosesdə mədəni gücün praktik təzahür forması kimi çıxış edir və onun sosial müstəvidə effektivliyini təmin edir.
Müasir sosial-antropoloji yanaşmalar mədəniyyəti "gündəlik həyat mədəniyyəti" konsepti çərçivəsində təhlil edərək göstərir ki, mədəniyyətin əsas funksional yükü məhz gündəlik davranış praktikalarında cəmlənir. Bu yanaşmaya görə, ictimai məkanlarda davranış, nitq mədəniyyəti, sosial etiket, interpersonal münasibətlərin etik çərçivələri mədəniyyətin fundamental təzahür formalarıdır. Beləliklə, mədəniyyətin mədəni-estetik sahələrlə məhdudlaşdırılması onun real funksional mahiyyətinin daraldılması deməkdir. Davranış mədəniyyəti vasitəsilə mədəniyyət sosial həyatın bütün sahələrinə təsir edir və onları birləşdirir.. Bu mənada, müvafiq dövlət sənədinin "Davranış mədəniyyəti və bilgi mədəniyyəti" adlı bölümündə ona sərgilənən aşağıdakı münasibət elmi mövqe baxımından da xüsusi maraq doğurur:"Davranış mədəniyyəti və bilgi mədəniyyəti sağlam və inkişaf etmiş cəmiyyətin formalaşmasında əsas amillərdən biridir. Davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər fərdlərlə, qruplarla əlaqə və ünsiyyət qurmaqda, ətraf dünya ilə rəftarda ifadə olunan davranış formalarının məcmusudur. Bilgi mədəniyyəti isə elmin, təhsilin və maarifləndirmənin Azərbaycanın mədəniyyət dəyərlərinə əsaslanmaqla həyata keçirilməsini, fərdlərin və cəmiyyətin gündəlik həyatında informasiya daxil olmaqla bilgidən istifadəni istiqamətləndirən yanaşma, baxış və ifadə formalarının məcmusunu nəzərdə tutur. Azərbaycan Respublikasında bu sahələrin inkişaf etdirilməsi və funksionallığının təmin olunması məqsədilə müasir alətlərin və modellərin hazırlanması, effektiv tədbirlərin görülməsi şərtdir;"
Bu yanaşma göstərir ki, davranış və bilgi mədəniyyəti cəmiyyətin müxtəlif səviyyələrində fəaliyyət göstərən mədəni komponentləri vahid sistem daxilində birləşdirən funksional mexanizmlər kimi çıxış edir və onların qarşılıqlı təsiri nəticəsində bütöv mədəni mühit formalaşır. Bu qarşılıqlı əlaqə mədəni balans yaradır.. Mədəni harmoniyanın sinerjiyası müxtəlif mədəni komponentlərin, dil, davranış, estetik dəyərlər, sosial münasibətlərin qarşılıqlı təsiri nəticəsində yaranan balanslı və davamlı münasibət sistemdir. Bu sistem daxilində davranış mədəniyyəti əsas əlaqələndirici mexanizm kimi çıxış edir, çünki o, digər mədəni elementlərin gündəlik praktikada reallaşmasını təmin edir. Beləliklə, davranış mədəniyyətinin inkişafı mədəni harmoniyanın təmin edilməsi və bu harmoniyanın milli identikliyin qorunmasına yönləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Qloballaşma şəraitində davranış mədəniyyətinin rolu daha da aktuallaşır. Transmilli mədəni təsirlərin intensivləşməsi yerli davranış kodlarının deqradasiyası riskini artırır və bu, milli identikliyin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan davranış mədəniyyəti mədəni suverenliyin qorunmasının əsas alətlərindən biri kimi çıxış edir. Milli sima yalnız dil və irs vasitəsilə deyil, həm də gündəlik davranış normaları vasitəsilə qorunur və yenidən yaradılaraq yaşadılır. Bu isə davranış mədəniyyətini milli taleyin formalaşmasında fundamental faktor kimi dəyərləndirməyə əsas verir.
Türk dünyası kontekstində bu məsələ daha geniş mədəni dəyər çərçivəsi qazanır. Ortaq mədəni kodlar və davranış stereotipləri Türk xalqları arasında tarixi-mədəni fasiləsiz mövcudluğunun əsas göstəricilərindəndir. Bu baxımdan davranış mədəniyyəti yalnız milli identikliyin deyil, həm də ümumtürk mədəni identikliyinin formalaşmasında mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Türk dünyasının ayrılmaz hissəsi kimi mədəni identifikasiyası məhz bu ortaq davranış kodlarının qorunması və inkişafı vasitəsilə də gücləndirilə bilər. Bu isə mədəniyyət diplomatiyasının effektivliyini artıran mühüm amillərdən biridir.
Müasir yanaşmalar bu sahənin inkişafında təhsil və institutların rolunu xüsusi vurğulayır.. Təhsil sistemi və mədəniyyət industriyası bu sahədə əsas vasitəçi strukturlar kimi çıxış edir. Gənc nəsillərdə mədəniyyətə qarşı həssaslığın, qoruyucu reflekslərin və məsuliyyətli davranış modellərinin formalaşdırılması yalnız tədris proqramları ilə deyil, həm də mədəni mühitin bütövlükdə təşkil olunması ilə mümkündür. Qeyri-maddi mədəni irsin qorunması və mədəni ifadə müxtəlifliyinin təşviqi ilə bağlı elmi yanaşmalar da göstərir ki, mədəniyyətin davamlılığı onun gündəlik praktikada yaşadılması ilə şərtlənir.
Beləliklə, davranış mədəniyyəti müasir mədəniyyətdə əsas yer tutur. O, mədəniyyətin bütün digər sahələrini birləşdirən, onların sosial reallıqda təzahürünü təmin edən və milli identikliyin qorunmasına xidmət edən fundamental mexanizm kimi çıxış edir. Bu sahənin elmi əsaslarla tədqiqi, tətbiqi folklorşünaslığın imkanlarından səmərəli istifadə və mədəni gücün reaktuallaşdırılması mədəni suverenliyin təmin olunması və cəmiyyətin harmonik inkişafı baxımından prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməlidir.
Çox sevindirici haldır ki, müstəqilliyin yaratdığı imkanlar və milli maraqlar kontekstində hazırlanmış "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası müasir sosial-antropoloji nəzəri postulatlara əsaslanmaqla yanaşı, elmtutumlu məqsədləri də özündə ehtiva edən və mədəni gücün bütöv sinerjisini gələcək inkişafa yönəltməyi qarşısına məqsəd kimi qoyan strateji dövlət sənədidir. Bu sənəd mədəniyyətşünaslıqla bağlı bütün elmi istiqamətlərin vahid konseptual çətir altında milli maraqlar naminə daha əsaslı şəkildə səfərbər olunmasını və mədəni potensialın dövlət siyasəti kontekstində daha da sistemli işlənilməsi zəruriliyini göstərir.
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
