Bu danılmaz həqiqətdir ki, söz insanın daxili dünyasını açmaq vasitəsidir. Yaradıcılıq isə şəxsiyyətdən başlayır. Özü daxilən zəngin, duyumlu, müdrik, həssas, kövrək, yeri gələndə haqq sözü deməyi, hadisələri dəyərləndirməyi, mənalandırmağı bacarmayan, mənəvi-əxlaqi saflıq nümunəsi olmayan insan özgələrə nə verə, nə öyrədə bilər ki?! Ulu Füzuli təsadüfi demirdi ki, kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz…
Eləsi var ki, özü daxilən zəngin olsa belə, iç dünyasını açmaq gücündə deyil. Elələri də var ki, həm daxilən zəngindir, həm də bu zənginliyi üzə çıxarmaq, doğmalarla, əzizlərlə, duyumlu insanlarla bölüşmək, ürəklərin sarı siminə toxunmaq gücündədir… O qələm adamı xoşbəxtdir ki, daxili dünyasını sözlə ifadə eləyə bilir və əməkdar mədəniyyət işçisi, gözəl şairimiz Əşrəf Veysəlli məhz belə insanların sırasındadır.
Əşrəf müəllimlə tanışlığımın tarixçəsi çox uzundur, 1966-cı ildən bir şəhərdə yaşayırıq, bir yerdə oturub-durmuşuq, bir yerdə poeziya gecələrində çıxışlar eləmişik. Xeyli yaş fərqimiz olsa da, Əşrəf müəllimin səmimiyyəti, sadəliyi, təvazökarlığı bu fərqi elə ilk gündən unutdurub. Söhbətimiz alınıb, zarafatlarımız uc-uca calanıb… Getdiyimiz görüşlərdə, çıxış elədiyimiz tədbirlərdə dəfələrlə onun oxuduğu şeirlərin oxucular tərəfindən necə hərarətlə qarşılanmasının şahidi olmuşam. "Yarımçıq qalmış dərs haqqında ballada" şeirini Əşrəf Veysəllinin ifasında o qədər dinləmişəm ki, elə bil o şeiri indi də onun səsində dinləyirəm, indi də alovlu alqışları eşidirəm. Səciyyəvi bir detal üzərində qurulan bu şeirdə ayrılıqda "a", ayrılıqda "t" yazan qızın heç cür "ata" sözünü yazmaq istəməməsi bu balaca qəhrəmanın daxili dünyasını açmaq vasitəsinə çevrilir. Məsələdən xəbərsiz müəllimin israrından sonra gözüyaşlı uşağın "atam atıb, müəllim" deməsi ürəkləri göynədir, onun iç dünyasındakı etirazın, təlatümün təzahürünə çevrilir:
Qəlbinin bir küncünə
Sığınaraq o çiçək
Kövrəldi, köks ötürdü.
Sanki elə bu zaman
Onun nankor atası
Öz qızının yanından
Ögey qızla ötürdü…
Qız istədi çağırsın,
Qız istədi desin ki,
Ata, ata, ay ata,
Əllərini istəyən
Əllərim yetim qalıb,
Aylarım yetim qalıb,
İllərim yetim qalıb...
"Qız istədi desin ki" anaforası ilə davam eləyən bu şeirdə o qədər ürək göynədən, insanı kövrəldən məqamlar var ki… "Qız istədi desin ki, heç bir şey istəmirəm, istəyir könlüm səni. Barı küçəmizə gəl, bir kərə görüm səni" - misraları ata həsrəti çəkən uşağın daxili dünyasının aynasına çevrilir. Bu şeirdə elə bil Əşrəf Veysəllinin çox sevdiyi şair Əli Kərimin "Qaytar ana borcunu" şeirinin ruhu, ritmi var…
Əşrəf müəllimin yaşantıları onun poeziyasında yüksək şəkildə öz əksini tapıb. Bu mənada Əşrəf Veysəllinin şeirləri onun keçdiyi ömür yolunun poetik salnaməsi, silinməz izləridir. Çoxları bilməsə də, bu gözəl insanın illərlə uzanan övlad həsrəti, nəhayət, arzularına qovuşması məni bir dost kimi sevindirib. Tale elə gətirib ki, hələ dünyaya gəlməmişdən adını Səadət qoyduğu qızının müəllimi olmuşam Əşrəf müəllimin. "Övlad ailənin güzgüsüdür" prizmasından yanaşanda öz balam kimi sevdiyim Səadət bu gözəl insanın görmədiyim tərəflərini mənə göstərib… Sonra Əşrəf müəllimin ömrünün ixtiyar çağında o biri övladları ilə bağlı söylədiyi sözlər, xüsusən, "Şahin dostluq eləməli oğuldur" söyləməsi məni çox duyğulandırıb…
Övladları ilə sıx-sıx görüşə bilməsəm də, xoşbəxtəm ki, onun mənəvi övladları ilə - şeirləri ilə daim dostluq eləyirəm. Özü də bəri başdan deyim ki, mən hər adamın şeirini oxuyanlardan deyiləm. Meyarım belədir: hər şeydən əvvəl, şair istedadlı olmalı, yeni söz deməyi bacarmalı, dilin incəliklərini bilməli, mənəvi-əxlaqi saflıq, ədəb-ərkan, təvazökarlıq nümunəsi olmalıdır. Bu sadaladığım bütün keyfiyyətləri Əşrəf Veysəllidə görmüşəm və görməkdə davam eləyirəm… Şair dostumu təvazökar eləyən ədəbiyyatımızı, poeziyamızı yaxşı bilməsi ilə birbaşa əlaqəlidir. Seyid cəddinə arxayın olduğu kimi təkcə istedadla böyük uğurlar qazanmaq olmur. Bunun üçün çox oxumalı, çox öyrənməlisən, özünü başqaları ilə müqayisə etməyi bacarmalısan…
...Canımda Füzuli yanğıları var,
Verə bilməmişəm imtahanımı...
Oxuya-oxuya qərib durnalar
Apardı qürbətə yarı canımı...
İndi o böyük Füzuli yanğısına başqa bir Füzuli yanğısı da əlavə olunub, düşmən tapdağı altında qalan doğma Füzuli, kimsəsiz qalan ev-eşik, doğmaların məzar tənhalığı, yolumuza göz dikən bulaqlarımız, çaylarımız… İndi vətəndən də qürbət qoxusu gəlir və bu qoxu Əşrəf Veysəlli poeziyasına əvəzolunmaz bir çalar, nisgil, göynərti gətirir.
Kim yandırdı yurdumuzu?
Bu sorğular yordu bizi.
Dərdli bilər dərdimizi,
Dərdsiz olan bilməz, ana.
Ürəyim bir himə bənddi,
Özü boyda ahdı, dərddi.
Hara getsək, evdir, kənddi,
Kəndimizdən olmaz, ana.
Əşrəf Veysəlli öz taleyinin şairidir, gördüklərini, duyduqlarını, həyat yollarında mərdi-mərdanə çəkdiyi əzabları, haqsızlığa etirazını, sevgisini, sevincini, ürək göynərtisini poetik misralara çevirir, elə buna görə də onun şeirlərini həyəcansız oxumaq mümkün deyil… Yad tapdağı altında qalan yurdun dərdini çəkən insanın ağrılarını, əzablarını bundan gözəl necə vermək olardı ki?!
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir...
Yurd ağrısı, yurd həsrəti onun poeziyasında elə yığcam, mənalı ştrixlərlə verilir ki, bədii sözün gücü dərdin ağırlığını bir az da artırır, insanın ürəyində mənəvi-əxlaqi üsyan dalğası yaradır:
...Hirsimdən gözlərim olub qan kimi,
Yenə də bəxtimin yatan vaxtıdır.
İndi Qarabağın Xuraman kimi
Özünü qayadan atan vaxtıdır...
Əşrəf Veysəlli poeziyasındakı ağrını, nisgili, itirdiklərimizin dəyərini anlamaq üçün onun "Qarabağda talan var" publisistik yazısından bir neçə cümlə oxumaq kifayətdir: "Ata-baba ocağım, ümidim, gümanım, arxam, dayağım, hər yay uşaqlarımın pənah gətirdikləri, heç vaxt məni dostlarımın yanında xəcalət qoymayan, həmişə ilıq nəfəsini sinəmdə duyduğum, əllərini ata əli kimi çiynimə qoyan Yuxarı Veysəlli kəndinin hər yolu, hər cığırı, hər döngəsi, hər gülü, hər tikanı mənim üçün müqəddəsdir. Göyərçin xəyallarımın, şirin xatirələrimin, sonsuz arzularımın beşiyi idi bu kənd"…
İndi beşiksiz qalan arzular şairin ürəyində anasız quzu kimi mələyir, dağı-daşı lərzəyə salır…
...O nədir qəlbimi yandırıb-yaxan?
O kimdir həsrətlə yollara baxan?
Ərləri şəhidlik taxtına qalxan
Cavan gəlinlərin saçı göynəyir...
Həyat həqiqətini görüb onu dəyərləndirmək, mənalandırmaq bacarığı sənətkarlığın ən mühüm məsələlərindəndir. Bu baxımdan yanaşdıqda da Əşrəf Veysəlli qibtə olunası söz adamıdır. Məsələn, oğlunun toy tədarükünü görmək üçün Nemət Veysəllinin anası, Əşrəf müəllimin isə bibisi Nənəxanımın avtobusun içində yanıb kül olması faktı ürək göynədici bir həyat hadisəsidir. Bu fakt əsasında yazılan şeiri həyəcansız oxumaq olmur, bibi ilə xəyali söhbət fonunda nakam qadının mükəmməl bədii obrazı yaradılır. Bütün bu hazırlıqdan sonra şair öz şeirini belə bitirir:
Daş dodaqlı bir sükut məclis boyu uzanar,
Eh, onun məşəqqəti hamımıza tanışdır.
Övladının yolunda bütün analar yanar,
Ancaq heç kəs onuntək yanıb kül olmamışdı...
Əşrəf Veysəllinin şeirlərində "Özü bir gün görməsə də həyatda, gün, ay", "həsrətinin odunu söndürmək üçün gözlərində çay", "düşən qışın, yağan qarın içində yaz , yay", "namərdlərin önündə alçalmadan qız - toy" böyüdən anaların bədii obrazı canlanır. Ənənəvi qoşma formasında belə, ən adi, dəfələrlə işlədilmiş qafiyələrlə belə yeni söz deməyin mümkünlüyünü görürük Əşrəf Veysəllinin bütün qoşmalarında… Bax, sənətkarlığı da elə burada, dilin incəliklərini bilmək, onu yerində işlətmək bacarığında axtarmaq lazımdır…
Yeri gəlmişkən, onu da deyim ki, Əşrəf Veysəlli poeziyasında ən aparıcı janr əsrlərin sınağından çıxan qoşmadır. Hansı mövzuda yazırsa-yazsın, Ə.Veysəlli öz duyğu və düşüncələrini qoşmaya etibar eləyə bilir. Hamının - ustad sənətkarlarımız Qurbaninin, Abbas Tufarqanlının, Vaqifin, Zakirin, Aşıq Alının, Aşıq Ələsgərin, Səməd Vurğunun, Hüseyn Arifin at oynatdığı bir meydanda öz sənət köhlənini səyirtməyi bacarması Ə.Veysəlli istedadının digər bir göstəricisidir. Şairin uğurlu gəraylıları da ədəbi irsdən yaradıcı şəkildə bəhrələnmə bacarığından xəbər verir:
Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb, mətləb anlayan,
Qədirbilən şairlərə.
...Əriyib sözə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə...
Əşrəf Veysəlli mədəniyyət evlərinin rəhbəri, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktoru, Sumqayıt şəhər Mədəniyyət şöbəsinin müdiri olanda da, Həmkarlar təşkilatına sədrlik eləyəndə də şair idi…
Təpədən-dırnağa şair, həssas, kövrək, səmimi, yeri gələndə sərt bir insan olan, böyük-kiçik yeri bilən, gözəl yumor duyumu ilə adamı maqnit kimi özünə çəkən Əşrəf Veysəllinin nəşr olunan kitabları barmaqla sayılacaq qədər azdır… Ancaq nə yaxşı ki, o, ilhamsız yaranan bircə şeirin belə müəllifi deyil…
Ə.Veysəlli şeirinin lirik qəhrəmanı haqsızlıqlar, ağrılar, əzablar, itkilər görəndə göynəyə-göynəyə dünyaya üsyan eləsə də, "nəvələrin gülüşüylə könlümüzü alan" dünyayla barışır, onun gözəlliyini etiraf etmək zorunda qalır:
Gözlərim gözəllik gəzər dünyada,
Dizlərim diz çökər daşda çeşməyə.
Mənim vaxtım olmaz gözəl dünyada
Pis şeylər haqqında fikirləşməyə.
Gəlin ürəyimdən bənövşə dərin,
Sinəm başdan-başa duyğudur, hissdir.
Bənövşə hisslərin, nərgiz hisslərin
Tanrının yanında xətri əzizdir...
Bu lirik qəhrəman nə qədər haqsızlıqlarla üzləşsə belə, son məqamda anlayır ki, əslində bütün pisliklərinə baxmayaraq, dünya gözəl, yaşamalı dünyadır. Həmin lirik qəhrəman əslində Əşrəf Veysəllinin özüdür. Gözəlliyə, saf duyğulara heç zaman laqeyd qala bilməyən incə ruhlu şairimizdir…
Hər bir təbiət elementinin obrazlaşdırılması sənətkarın əsas uğurları sayıla bilər. Əşrəf Veysəlli gözəl peyzajlar yaratmaq ustasıdır. Özü də ən əsas cəhət mənzərənin yaradılması yox, onun lirik qəhrəmanın daxili dünyasını necə açması, hiss-həyəcanlarını necə verə bilməsi ilə, təbiətə baxış bucağının yeniliyi və bu yeniliyi nə şəkildə əks etdirə bilmək bacarığı ilə əlaqəlidir.
Dolusuyla göylər bizi "daşladı",
Qaçıb girdik daldasına daşların.
Əmim oğlu bir "Heyratı" başladı,
Əli qaldı çənəsində dağların...
Əşrəfsiz Veysəlli, Veysəllisiz Əşrəf taleyi Əşrəfi də, Veysəllini də göyüm-göyüm göynədir… Neyləmək olar, bu da bir qismətdi… Allah Leyli Məcnun taleyi yaşayan Əşrəfi Veysəlliyə, Veysəllini Əşrəfə çox görməsin, onların bir-birinə qovuşmaq arzusunu gözümüzdə qoymasın…
Son ümid - son mənzilində,
Həsrət göyərib dilində.
Qocalığın sahilində
Ömrümüz gəmi axtarır...
Ömrünün səksəninci zirvəsinə ləyaqətlə gəlib çıxan şair qardaşımıza cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümid eləyirəm ki, Əşrəf Veysəllisiz, Veysəlli Əşrəfsiz qalmayacaq…
Rafiq Yusifoğlu
şair, əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!