"Azərbaycan mədəniyyəti-2040": XXI əsrin qlobal çağırışları kontekstində Azərbaycanın mədəniyyət strategiyası - Sərxan XAVƏRİ, Hikmət QULİYEV, Səfa QARAYEV

 

Birinci məqalə

 

Müasir dövrdə Azərbaycanın sosial-mədəni və siyasi inkişaf mərhələsi yeni strateji yanaşmaların formalaşdırılmasını zəruri etmişdir. Xüsusilə, son illərdə ölkədə baş verən mühüm tarixi və geosiyasi hadisələr ölkənin mədəniyyət siyasətinin yenidən konseptual əsasda qurulmasını şərtləndirmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan mədəniyyəti-2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası həm daxili inkişafdan, həm də qlobal çağırışlardan irəli gələn kompleks bir sənəd kimi meydana çıxmışdır.

"Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyasının hazırlanması və icrası prosesində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi əsas əlaqələndirici və icraedici qurum kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, nazirlik Konsepsiyada nəzərdə tutulan strateji məqsədlərin həyata keçirilməsini təşkil edir, müxtəlif dövlət qurumları və maraqlı tərəflər arasında koordinasiyanı təmin edir.

Nazirliyin əsas rolu Konsepsiyada müəyyən edilmiş tədbirlərin sistemli və ardıcıl şəkildə icrasını yönləndirməkdən ibarətdir. Bu çərçivədə o, mədəniyyət sahəsində müasir idarəetmə modelinin formalaşdırılmasına, milli-mənəvi dəyərlərin qorunması və inkişafına, həmçinin mədəni irsin müasir yanaşmalarla təbliğinə rəhbərlik edir.

Konsepsiyanın müxtəlif sosial, mədəni, siyasi, ideoloji, elmi, hətta iqtisadi aspektlərdən qiymətləndirilməsi mümkündür. Bunların içərisində elmi dəyərləndirmə xüsusi əhəmiyyətə malikdir. Konsepsiyanın elmi dəyərləndirilməsi üçün isə, ilk növbədə, belə bir suala cavab vermək lazımdır ki, elmi-fəlsəfi baxımdan mədəniyyət nədir?

 

Mədəniyyətin fəlsəfi mahiyyəti: yaddaş, zaman və mənəviyyat vəhdəti

 

Mədəniyyət bəşər tarixində ən davamlı və ən mürəkkəb fenomenlərdən biri kimi çıxış edir. O, yalnız konkret bir dövrün və ya cəmiyyətin məhsulu deyil, eyni zamanda zamanlararası əlaqəni təmin edən, keçmişi gələcəyə bağlayan mənəvi sistemdir. Bu baxımdan mədəniyyət tarixi hadisələrin məcmusu olmaqdan daha çox, insanlığın yaddaşında formalaşan və davamlı şəkildə yenilənən dəyərlər bütövü kimi dərk olunmalıdır.

Milli və bəşəri yaddaşın qorunması və ötürülməsi mədəniyyətin əsas funksiyalarından biridir. Yaddaşın itirilməsi isə yalnız keçmişin unudulması deyil, həm də kimliyin zəifləməsi deməkdir. Mədəniyyət bu baxımdan kollektiv yaddaşın daşıyıcısı kimi çıxış edərək, nəsillər arasında mənəvi körpü yaradır. İrs və varislik prinsipi mədəniyyətin davamlılığının əsas şərtidir və bu əlaqə pozulduqda mədəni sistem də zəifləyir.

Mədəniyyət milli kimliyin əsas daşıyıcısıdır. Hər bir xalqın dünyagörüşü, mənəvi dəyərləri və tarixi təcrübəsi mədəniyyət vasitəsilə formalaşır və ifadə olunur. Bu səbəbdən mədəniyyətin qorunması və inkişafı yalnız estetik və ya humanitar məsələ deyil, həm də milli varlığın davamlılığının təmin olunmasıdır. Bir sözlə, mədəni bütövlük milli təhlükəsizliyin mühüm komponentidir. Müasir kulturoloji baxışlar göstərir ki, fiziki suverenliyin ən etibarlı qarantı məhz mədəni suverenlikdir. Bəşəriyyətin sosial tərəqqi təcrübəsi sübut edir ki, mədəni suverenliklə dövlət müstəqilliyi bir-birinə düz mütənasibdir.

 

Azərbaycan milli mədəniyyətinin ümumi xarakteristikası

 

Azərbaycan milli mədəniyyəti folklorun mərkəzi rol oynadığı, zəngin bir inkişaf yolu keçmiş funksional və dinamik sosial-mədəni sistem kimi xarakterizə oluna bilər. Lakin  ifadə olunan fəlsəfi yanaşma bu təsviri daha da dərinləşdirərək mədəniyyəti sadəcə sosial mexanizm kimi deyil, yaddaş, zaman və mənəviyyatın vəhdətində mövcud olan canlı bir sistem kimi təqdim etməyə imkan verir.

Bu baxımdan Azərbaycan milli mədəniyyəti ilk növbədə etnik yaddaşa və tarixi ənənəyə söykənən, kollektiv şüurun daşıyıcısı olan bir mənəvi sistemdir. O, xalqın keçmiş təcrübəsini, dünyagörüşünü və həyat fəlsəfəsini özündə cəmləyərək nəsildən-nəslə ötürür. Bu ötürülmə yalnız informativ deyil, həm də mənəvi və estetik xarakter daşıyır, çünki mədəniyyət insanın davranışını, düşüncəsini və dəyərlər sistemini formalaşdırır.

Eyni zamanda bu mədəniyyət funksional xarakter daşıyır və cəmiyyətin sosial, etik və estetik ehtiyaclarını qarşılayır. Lakin onun funksionallığı yalnız praktik səviyyə ilə məhdudlaşmır, həm də insanın mənəvi kamilləşməsi və özünü dərk etməsi prosesinə xidmət edir. Bu baxımdan mədəniyyət həm sosial nizamın, həm də mənəvi inkişafın əsas dayaqlarından biri kimi çıxış edir.

Nəhayət, Azərbaycan milli mədəniyyəti çoxqatlı struktura malikdir və mifoloji, dini, fəlsəfi və estetik elementləri özündə birləşdirir. Bu çoxqatlılıq mədəniyyətin həm dərinliyini, həm də universallığını təmin edir və onu sadəcə sosial hadisə deyil, bütöv bir mənəvi sistem səviyyəsinə yüksəldir.

Beləliklə, Azərbaycan milli mədəniyyəti folklor və sənət vasitəsilə özünü ifadə edən, yaddaşa söykənən, zaman daxilində davamlılıq qazanan və mənəvi dəyərlərlə formalaşan canlı və bütöv bir mədəni sistem kimi çıxış edir.

 

Konsepsiyanın hazırlanmasını zəruri edən sosial-mədəni və siyasi şərtlər

 

Əvvəla, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, hüquqi və demokratik idarəetmə modelinin inkişafı, sosial rifahın yüksəlməsi və mədəni müxtəlifliyin qorunması istiqamətində əldə olunan nailiyyətlər yeni mərhələdə mədəniyyətin rolunu daha da artırmışdır. Müasir Azərbaycan cəmiyyətində mədəniyyət artıq yalnız mənəvi sahə kimi deyil, həm də sosial, iqtisadi və siyasi inkişafın mühüm amili kimi çıxış edir. Bu səbəbdən mədəniyyətin sistemli və uzunmüddətli strategiya əsasında idarə olunması zərurəti yaranmışdır.

Konsepsiyanın hazırlanmasını şərtləndirən əsas siyasi amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Qarabağın azad edilməsi ilə ölkə tarixində yeni bir mərhələ başlanmış, milli ideologiyanın və dövlət siyasətinin bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsində də yeni yanaşmaların formalaşdırılması zəruri olmuşdur. Bu proses yalnız fiziki ərazilərin deyil, həm də mədəni yaddaşın, tarixi irsin və milli kimliyin bərpasını gündəmə gətirmişdir.

İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni irsin bərpası, həmin ərazilərdə mədəni həyatın yenidən qurulması və bu məkanların ölkənin ümumi mədəni sisteminə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə mədəniyyət yalnız irsin qorunması vasitəsi deyil, həm də post-münaqişə dövründə sosial birliyin və milli həmrəyliyin möhkəmləndirilməsi aləti kimi çıxış edir.

Digər mühüm amil yeni geosiyasi reallığın formalaşmasıdır. Qarabağ münaqişəsinin həlli nəticəsində regionda yaranmış yeni güc balansı Azərbaycanın beynəlxalq mövqelərini gücləndirmiş, ölkənin regional və qlobal proseslərdə rolunu artırmışdır. Bu isə, öz növbəsində, mədəniyyət diplomatiyasının əhəmiyyətini yüksəltmiş, Azərbaycanın "yumşaq güc" potensialının genişləndirilməsini zəruri etmişdir.

Eyni zamanda, qloballaşma, rəqəmsallaşma və mədəniyyətlərarası qarşılıqlı təsirin güclənməsi kimi qlobal trendlər də milli mədəniyyət siyasətinin yenilənməsini tələb edir. Müasir dövrdə milli kimliyin qorunması ilə qlobal inteqrasiyanın uzlaşdırılması əsas çağırışlardan biridir. Konsepsiya məhz bu balansın təmin olunmasına yönəlmiş strateji çərçivə rolunu oynayır.

Beləliklə, "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası Azərbaycanın yeni tarixi mərhələsində - ərazi bütövlüyünün bərpası, post-münaqişə quruculuğu və yeni geosiyasi reallıqlar şəraitində formalaşmış sosial, mədəni və siyasi ehtiyacların məntiqi nəticəsi kimi meydana çıxmışdır. Bu sənəd ölkənin milli kimliyinə əsaslanan, eyni zamanda qlobal çağırışlara cavab verən müasir və dayanıqlı mədəniyyət modelinin yaradılmasına xidmət edir.

 

Elmi-fəlsəfi aspektdən "Azərbaycan mədəniyyəti-2040 Konsepsiyasının" əhəmiyyəti

 

"Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası sadəcə strateji sənəd deyil, mədəni yaddaşın qorunması və gələcəyə ötürülməsi mexanizmidir.

Əvvəla, mədəniyyət yaddaş daşıyıcısıdır. Bu baxımdan Konsepsiya milli yaddaşın qırılmasının qarşısını almağa xidmət edir. Tarix boyu baş verən ideoloji müdaxilələr və yaddaşın pozulması təhlükəsi fonunda bu sənəd irs və varislik əlaqəsini bərpa edən strateji çərçivə kimi çıxış edir.

İkincisi, mədəniyyətin zamandan üstün və davamlı sistem kimi təqdim olunması Konsepsiyanın uzunmüddətli xarakterini əsaslandırır. "Mədəniyyət-2040" yalnız cari problemlərin həllinə deyil, mədəniyyətin gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsinə yönəlir. Bu isə mədəniyyətin əbədilik və davamlılıq ideyası ilə tam səsləşir.

Üçüncüsü, Konsepsiya mədəniyyəti siyasi və ya dar çərçivəli təsirlərdən çıxarıb, onu milli və qlobal dəyərlərin vəhdətində inkişaf etdirilməli sahə kimi təqdim edir. Bu, mədəniyyətin bütövlüyünü və azad inkişafını təmin edən mühüm istiqamətdir.

Dördüncüsü, sənətin mədəniyyətin əsas ifadə forması kimi dəyərləndirilməsi Konsepsiyada da öz əksini tapır. Mədəniyyət siyasətinin əsas məqsədlərindən biri milli sənətin inkişafı, onun vasitəsilə yaddaşın və kimliyin qorunmasıdır. Bu, kitabda qeyd olunan "sənət - yaddaşın və zamanın aynasıdır" ideyasının praktik tətbiqi kimi çıxış edir.

Nəhayət, beşincisi, mədəniyyətin əxlaqi və mənəvi əsaslara bağlılığı Konsepsiyanın ən vacib istiqamətlərindən biri ilə üst-üstə düşür. Konsepsiya yalnız mədəni istehsalı deyil, həm də cəmiyyətin mənəvi səviyyəsinin yüksəldilməsini hədəfləyir. Bu isə mədəniyyətin sadəcə estetik deyil, eyni zamanda etik və tərbiyəvi funksiya daşıdığını təsdiqləyir.

Beləliklə, fəlsəfi baxış bucağından "Mədəniyyət-2040" Konsepsiyası aşağıdakı fundamental funksiyaları yerinə yetirən strateji sənəd kimi qiymətləndirilə bilər:

- yaddaşın qorunması və davamlılığın təminatı;

- irs və varislik əlaqəsinin bərpası;

- mədəniyyətin ideoloji təsirlərdən azad edilməsi;

- sənət və milli kimliyin gücləndirilməsi;

- mənəvi-əxlaqi dəyərlərin bərpası.

Ən fəlsəfi ümumiləşmiş şəkildə Konsepsiya mədəniyyəti tarixi yaddaşdan gələcəyə daşıyan və onun davamlılığını təmin edən milli-mənəvi inkişaf proqramıdır.

 

Ölkənin reallıqlarından doğan çağırışların ümumiləşdirilməsi

(fəlsəfi baxış kontekstində)

 

Müasir Azərbaycanın sosial, siyasi və mədəni inkişaf mərhələsi yeni çağırışlar formalaşdırmışdır ki, bu çağırışlar təkcə institusional və iqtisadi dəyişikliklərlə deyil, daha çox yaddaş, mənəviyyat və mədəni davamlılıq problemləri ilə bağlıdır. İfadə olunan yanaşmaya görə, mədəniyyətin əsas dayağı olan tarixi yaddaş və irsilik zənciri pozulduqda cəmiyyətin inkişafı da ziddiyyətli xarakter alır. Bu baxımdan mövcud çağırışların mahiyyəti yalnız idarəetmənin və ya maliyyə mexanizmlərinin təkmilləşdirilməsi ilə məhdudlaşmır, daha dərin - mədəniyyətin daxili bütövlüyünün qorunması ilə bağlıdır.

Mədəniyyət sahəsində əsas problemlərdən biri onun vahid və sistemli şəkildə idarə olunması ilə yanaşı, milli yaddaşın müasir inkişaf proseslərinə inteqrasiyasıdır. Qloballaşma və rəqəmsallaşma şəraitində Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin və ənənəvi mədəni formaların qorunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mədəniyyətin iqtisadi və sosial sahələrlə əlaqəsinin gücləndirilməsi, onun yalnız mənəvi deyil, həm də inkişaf amili kimi dərk olunması zərurəti meydana çıxır.

Bu kontekstdə ən mühüm çağırışlardan biri mədəniyyətin ötürücü funksiyasının,    yəni irs və varislik əlaqəsinin təmin edilməsidir. Cəmiyyətin mənəvi səviyyəsinin, davranış və düşüncə mədəniyyətinin inkişafı məhz bu əlaqənin qorunmasından asılıdır. Əks halda, mədəniyyət formal səviyyəyə enir və öz funksional mahiyyətini itirir.

Post-münaqişə reallıqları isə mədəni irsin bərpası və onun yenidən mədəni dövriyyəyə daxil edilməsi məsələsini ön plana çıxarır. Bu proses yalnız fiziki bərpa deyil, həm də həmin məkanların tarixi yaddaşının və mənəvi məzmununun yenidən canlandırılması kimi başa düşülməlidir. Bununla yanaşı, mədəniyyətin beynəlxalq müstəvidə təqdimatı və mədəniyyətlərarası dialoqun inkişafı milli kimliyin qlobal kontekstdə təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, mövcud çağırışlar mədəniyyətin idarə olunması, iqtisadi potensialının artırılması və rəqəmsallaşması kimi məsələlərlə yanaşı, daha fundamental olaraq onun yaddaş, mənəviyyat və davamlılıq funksiyalarının qorunmasını tələb edir. Bu çağırışların həlli mədəniyyətin yalnız inkişaf sahəsi kimi deyil, milli varlığın əsas dayağı kimi dərk olunmasından keçir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!