Bakıda "Moldova Ədəbiyyat Günləri" başlayıb. Bu münasibətlə Moldova nümayəndə heyəti Azərbaycana təşrif buyurub.
Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qəbul edib. Görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edib.
Görüşdə səfər çərçivəsində həyata keçiriləcək layihələrin səmərəliliyinə ümidvar olduğunu qeyd edən Əbülfəs Qarayev diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir.
Nazir "Moldova Ədəbiyyatı Günləri"ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirib. O bildirib ki, qarşılıqlı layihələr ümumilikdə Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir.
Nazir Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki GUAM üzvü olan ölkələrin birgə layihələrində Moldova ilə əməkdaşlığın perspektivləri və ortaq layihələrin müsbət nəticələri göz önündədir. Azərbaycanda keçirilən mədəniyyət layihələrində Moldovanın aktiv iştirakından məmnunluğunu ifadə edən nazir Moldova incəsənət ustalarının mütəmadi olaraq Azərbaycanda keçirilən beynəlxalq musiqi, teatr və digər festivallarda iştirak etdiyinə diqqət çəkib.
Moldovanın Azərbaycandakı səfiri Georq Leuka Azərbaycan Yazıçılar Birliyinə və qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə minnətdarlığını bildirib. Ədəbiyyat günlərinin əhəmiyyətindən söz açan səfir onu da qeyd edib ki, il ərzində Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam Festivalı, "İpək yolu" beynəlxalq musiqi festivalında iştirak edəcək, çoxsaylı qarşılıqlı layihələr reallaşdırılacaq.
Görüşün sonunda nazir Əbülfəs Qarayev 65 illik yubileyi və dünya mədəniyyətinə verdiyi töhfələrə görə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanuya, Azərbaycan və Moldova arasında ədəbi və mədəni əlaqələrin inkişafında xidmətlərinə görə isə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova fəxri fərman və hədiyyələr təqdim edib.
Ardınca Moldova Yazıçılar İttifaqının sədri Arkadi Suçevyanu başda olmaqla Moldova ədibləri Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Birliyin sədri, xalq yazıçısı Anarla görüşüb.
Xalq yazıçısı Anar Azərbaycan ilə Moldova arasında ədəbi əlaqələrdən danışaraq qeyd edib ki, son zamanlar iki ölkənin yazıçılar ittifaqları arasında əlaqə intensiv hal alıb. Anar Bakıda Moldova Ədəbiyyatı Günlərinin təşkilinə və keçirilməsinə göstərdiyi dəstəyə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təşəkkür edib, ona AYB-nin fəxri üzvü vəsiqəsini təqdim edib.
Görüşdə qeyd olunub ki, yaxın günlərdə Moldovada da Azərbaycan Ədəbiyyatı Günlərinin keçirilməsi planlaşdırılır.
Görüşdə Moldovanın ölkəmizdəki səfiri George Leuka diqqətə çatdırıb ki, Moldova ilə Azərbaycan arasında uzun illərdir bütün sahələrdə sıx əlaqələr yaradılır. Səfir vurğulayıb ki, bugünkü tədbir dost ölkələrimizin xalqlarının bir-birinin mədəniyyətinə qarşılıqlı maraq göstərməsinin növbəti təsdiqidir.
Arkadi Suçevyanu Moldova Ədəbiyyatı Günlərinin yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edərək deyib ki, tanınmış Azərbaycan yazıçılarının bir sıra əsərləri artıq moldav dilinə tərcümə olunub və nəşr edilib. A.Suçevyanu AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş moldav yazıçılarının əsərlərindən ibarət məcmuəni təqdim edib. Tərcüməçilərin böyük iş gördüklərini vurğulayan qonaq onların zəhmətini yüksək qiymətləndirib. O, şair-tərcüməçi Səlim Babullaoğluna xatirə hədiyyəsi təqdim edib.
Sonra George Leuka və Arkadi Suçevyanu Moldova Yazıçılar İttifaqının fəxri üzvü döş nişanını Anara təqdim ediblər.
Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyində moldav şairlərinin şeirlərinə həsr olunmuş poeziya gecəsi keçirilib. Tədbirdə Azərbaycanın ədəbiyyat adamları, oxucular, poeziyasevərlər iştirak edib. Poeziya gecəsində "Ədəbiyyat günləri"nə qatılan və şeirləri Azərbaycan dilinə tərcümə olunan şairlərin əsərləri səsləndirilib.
Qeyd edək ki, martın 1-dən 3-dək davam edəcək Moldova Ədəbiyyat Günlərinin davamında İqor Volnitskinin "Mənə ölməyi öyrət" romanının müzakirəsi, imza mərasimi və digər bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!