Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olub, burada mövcud olan muzey ekspozisiyaları, tədris proqramları, yaradıcılıq dərnəkləri və həyata keçirilən mədəni layihələr barədə ümumi məlumat əldə edib. Mərkəzin mədəni, elmi və humanitar sahələrdə fəaliyyəti ilə tanış olublar.
Özbəkistanda Azər Turanın Xalid Səid Xocayevdən bəhs edən kitabı təqdim edilib
Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində görkəmli türkoloq, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevə həsr olunmuş "Xolid Said Xo'jayev" kitabının təqdimatı keçirilib. Özbək dilinə tərcümə edilən kitabın müəllifi Azər Turandır. Eyni zamanda, Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzi açılıb.
Tədbirdə çıxış edən universitetin rektoru Sanjar Adilov Azərbaycan və Özbəkistan münasibətlərinin ortaq tarixə və mədəni köklərə əsaslandığını vurğulayaraq, bu əlaqələri bir-birini tamamlayan iki qardaş xalqın qarşılıqlı inkişaf modeli kimi dəyərləndirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli söyləyib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. "Kitab Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunub və bu kimi təşəbbüslər prezidentlər - İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu nəşr, eyni zamanda türk dünyasının ortaq elmi irsinin öyrənilməsi və təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir", - deyə A.Marifli əlavə edib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışlarında kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. Diqqətə çatdırılıb ki, alim özbək əsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edib.
Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, kitabın özbək dilinə tərcüməçisi Marufcan Yoldaşov Xalid Səid Xocayevin Birinci Türkoloji Qurultaydakı fəal iştirakından bəhs edərək, onun türkoloji fikrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Kitabın müəllifi Azər Turan deyib: "Mən özümü xoşbəxt müəlliflərdən hesab edə bilərəm. 18 il əvvəl Azərbaycanda Xalid Səid Xocayev barədə ilk kitabın müəllifi oldum. İndi isə burda - Daşkənd yaxınlığında Xalid Səidin doğulduğu Çırçıkda özbək dilində "Xalid Səid Xocayev" kitabım təqdim olunur. Bu işin gerçəkləşməsinə səbəb olan hər kəsə minnətdaram".
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin "Xarıbülbül" teatr truppasının üzvləri çıxış ediblər.
Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb
Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzi açılıb.
Mərkəz tələbələrin Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də elmi müzakirələrin və birgə layihələrin həyata keçirilməsi üçün mühüm akademik platforma rolunu oynayacaq.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qeyd edib ki, yeni yaradılan mərkəz Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, fotomateriallar və müxtəlif tədris vəsaitləri ilə təmin edilib. Akademik vurğulayıb ki, Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. "O, özbək əsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr etmiş və türkoloji elmin inkişafına mühüm töhfələr vermiş alimlərdən biri kimi tarixdə özünəməxsus yer tutub.
Onun irsi bu gün də aktuallığını qoruyur və türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir. Bu cür mərkəzlərin yaradılması isə gənc nəslin bu irslə daha yaxından tanış olması və elmi biliklərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə R.Hüseynov əlavə edib.
Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan seminar keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə "Birinci Türkoloji Qurultay - uzaq keçmişimizdən uzaq gələcəyə" adlı elmi-praktik seminar keçirilib.
Görkəmli özbək əsilli Azərbaycan alimi, dilçi və ictimai xadim, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunan seminar Qurultayın 100 illiyi münasibətilə təşkil olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilib.
Tədbirin əvvəlində Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru, professor Qudratilla Omonov Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib. O, universitetin rektoru, professor Gülçöhrə Rixsiyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib.
Sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının alimlərini bir araya gətirərək dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində yeni mərhələnin əsasını qoyub. Bu Qurultay türkoloji tədqiqatların sistemli inkişafına təkan verərək, ortaq elmi platformanın formalaşmasına xidmət edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Qurultayın tarixi və ideoloji önəminə toxunub. Qeyd edib ki, bu mövzu bu gün də aktuallığını qoruyur və türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Birinci Türkoloji Qurultay yalnız eyni dili paylaşan xalqların toplantısı deyil, müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi genişmiqyaslı elmi platforma olub", - deyə bildirən akademik Rafael Hüseynov vurğulayıb ki, həmin dövrdə alimləri birləşdirən əsas amil türkçülük ideyası olub və bu ideya türkoloji elmin formalaşmasında mühüm rol oynayıb. O, həmçinin qeyd edib ki, Mahmud Kaşğarinin "Divanü-Lüğat İt-Türk" əsəri türkoloji elmin, eləcə də linqvistika, etnoqrafiya və tarix sahələrinin inkişafı üçün fundamental əsas yaradıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov isə çıxışında Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin təsadüfi olmadığını deyərək bildirib ki, həmin dövrdə Azərbaycanda latın əlifbasına keçid prosesi artıq başlamışdı və Qurultayın əsas məqsədlərindən biri bu əlifbanın bütün türk xalqları arasında tətbiqinin müzakirəsi idi. Akademik Nizami Cəfərov əlavə edib ki, Qurultayda bir sıra mühüm məsələlər müzakirə olunub, lakin sonrakı dövrdə baş verən repressiyalar bu proseslərin davamlı inkişafına mane olub.
Tədbirdə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova vurğulayıb ki, Birinci Türkoloji Qurultay çərçivəsində əlifba, ədəbiyyat və tarixlə bağlı mühüm məruzələr təqdim edilib, Türk xalqlarının ortaq dil və mədəni irsi geniş şəkildə müzakirə olunub. Onun sözlərinə görə, bu kimi tədbirlər həmin irsin yenidən dəyərləndirilməsi və müasir elmi mühitdə aktual şəkildə təqdim olunması baxımından mühüm önəm daşıyır.
Filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, publisist Azər Turan "Türk xalqlarının tarixində ilk elmi toplantı" mövzusunda məruzəsində bildirib ki, "1925-ci ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay beynəlxalq əhəmiyyətinə görə tarixdə bənzərinə təsadüf olunmayan nadir elmi toplantıdır. O həm də türk humanitar dairələrinin beynəlxalq əhəmiyyətli ilk elmi, mədəni və ideoloji qurultayı, yaxud türklərin XX yüzildə ilk mədəniyyət dekadası kimi də təhlil oluna və dəyərləndirilə bilər. Alman alimi Paul Vittek Türkoloji Qurultaydan dərhal sonra dərc olunan məqaləsini "Bakıda Türk Xalqları Qurultayı" adlandırırdı. Mən ideoloji qurultay deyəndə nəyi nəzərdə tuturam? Çünki bu qurultay öz ətrafında təkcə dilçiləri deyil, SSRİ türklərinin siyasi-ideoloji təsisatlarını da əhatə edirdi."
Seminar çərçivəsində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova, professorlar - Rüstəm Şaripov, Həmidulla Baltabayev, Adhambek Alimbekov, Marufjon Yoldaşov; filologiya elmləri doktoru Salima Rustamiy, dosent Cumali Şabanov və digərləri çıxış edərək Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərindən bəhs ediblər.
Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri - Daşkənddə beynəlxalq konfrans
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Daşkənddə "Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Özbəkistan Milli Pedaqoji Universitetində baş tutan konfransda hər iki ölkədən ictimai xadimlər, parlament nümayəndələri, tanınmış alimlər və tələbələr iştirak ediblər. Universitetin rektoru Hilola Umarova tədbiri açaraq bildirib ki, Nizami Gəncəvi və Əlişir Nəvai irsi qardaş xalqların ümumi sərvəti olmaqla ədəbi dialoqun etibarlı əsasını təşkil edir. O, universitetin türkologiyanın inkişafına, eləcə də Azərbaycan elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırdığını deyib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək, Azərbaycanın klassik ədəbi irsinin qardaş Özbəkistanda böyük maraqla qarşılandığını bildirib, bu ölkədə Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığına xüsusi maraq olduğunu vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Nizami Gəncəvinin adını daşıyan universitetdə təhsil alan 20 minə yaxın tələbənin sabahın güclü Özbəkistanını, güclü Türk dünyasını daha da qüvvətləndirən kadrlar olacağına əminliyini ifadə edib. O, gələcəkdə Özbəkistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm dayaqlardan birinin bu universitet olacağına inamını bildirib.
Akademik Rafael Hüseynov qeyd edib ki, təxminən, XI əsrdən başlayaraq XVIII əsrə qədər Nizami təxəllüsü ilə şeirlər yazan bir çox şairlər olub: "Elə Nizami dövründə Nizami Əruzi Səmərqəndi var idi, XIII-XIV əsrlərdə də Nizami təxəllüslü şairlər az olmayıb. Lakin bütün bu şairlərin arasında Nizami Gəncəvi hamıdan yüksəkdə dayanır və Nizami adının yanında həmişə onun nisbəsi, doğulub boya-başa çatdığı şəhərin adı - "Gəncəvi" kəlməsi olub". Alim vurğulayıb ki, Nizami Gəncəvinin irsinin və adının düzgün şəkildə təqdim olunması, eləcə də bu universitetin ünvanında tam halda göstərilməsi vacibdir.
Daha sonra akademik Rafael Hüseynov "Şərq ədəbiyyatında "Xəmsə" ənənəsi və Nizami-Nəvai səsləşmələri" mövzusunda məruzə ilə çıxış edib. O, Nizami Gəncəvinin yaratdığı xəmsəçilik məktəbindən bəhs edərək Nəvainin türkcə dahi gəncəlinin beşliyinə ilk bütöv cavab yazan şair olmasından danışıb, iki qüdrətli şairin yaradıcılığındakı kəsişmə nöqtələri üzərində dayanıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai türk mədəniyyəti məkanında yalnız mövcud olmamış, eyni zamanda bu məkanı formalaşdırmış böyük şəxsiyyətlərdir. Onun sözlərinə görə, Nizami Gəncəvinin əsərləri dil baxımından fərqli olsa da, onun düşüncə tərzi və yaradıcılığı türk mədəniyyətinin dərin izlərini daşıyır və bu irs türk dünyasının ortaq mənəvi sərvəti kimi qiymətləndirilməlidir.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova "Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində fəlsəfi-humanist ideyalar sistemi" mövzusunda təqdimatla çıxış edərək, hər iki mütəfəkkirin yaradıcılığında insan, ədalət və mənəvi dəyərlərin əsas yer tutduğunu qeyd edib. Bildirib ki, bu irs müasir dövrdə də aktual olaraq qalmaqda davam edir və elmi baxımdan geniş şəkildə araşdırılmalıdır.
Filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, publisist Azər Turan çıxışında Nizami və Nəvainin ortaq nöqtəsi olaraq Əfrasiyab amilinə diqqəti cəlb etdi. Bildirdi ki, Nizami "Biz Əfrasiyabıq!" - deyə özünün milli kimliyini dolayısı ilə deyil, birbaşa ifadə edib. "Xəzər dağından Çin suyuna qədər, Türklərlə doludur bütün bu yerlər", deyən şairin qənaətinə görə, bugünkü Özbəkistan da, Azərbaycan da türk Əfrasiyabın torpaqları, böyük Turanın əraziləriydi. Əlişir Nəvai isə Əfrasiyabın nəsil şəcərəsi barədə məlumat verirdi. Məsələn, Nəvai tarixdə ilk dəfə yazırdı ki, "Afrosiyob oni bazi debdurlarkim, Puşhang binni Tur binni Faridun oğlidur". Nəvainin "Tarihi-Müluki-Əcəm" əsərində Alp Ər Tonqanın, yəni Əfrasiyabın oğlu Ərcasp türk padşahı olaraq tanıtdırılır: "Arjaps binni Əfrasiyab kim türk padişahı erdi". Nizami ilə Nəvainin Əfrasiyab məqamında birləşməsi, həmfikir olması artıq türk düşüncəsinin ortaq qaynaqlara istinad etdiyinin göstəricisidir.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu cür konfransların təşkilinin Azərbaycan ilə Özbəkistan arasında ədəbi və elmi əlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. Qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilərin irsinin birgə şəkildə araşdırılması türk dünyasında ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.
Konfrans çərçivəsində Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun bölmə müdiri, filologiya elmləri namizədi Salimaxon Eşonova "Xəmsə"nin banisi Nizami Gəncəvinin Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundakı əsərləri", Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru İbrahim Yoldaşev "Nizami Gəncəvi və Əlişir Nəvai: ustad-şagird ənənələri", universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mubara Omonova isə "Nizami Gəncəvi irsinin Əlişir Nəvai yaradıcılığına təsiri" mövzularında məruzələrlə çıxış ediblər.
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovun çıxışı
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti və "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində Daşkəndə gələn Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov universitetin professor-müəllim heyəti və tələbələri qarşısında "Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturoloji kontekstində" mövzusunda mühazirə oxuyub.
Rafael Hüseynov çıxışında Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar və tarixi əlaqələrin tarixindən və bu günündən danışıb.
Azərbaycan yaradıcı insanlarının doğurduğu irsin son 1500 il ərzində Türküstandan Hindistana, Anadoludan Əndəlüsə, Qafqazdan Çinədək uzanan geniş ərazilərdə yayılaraq ümumi mədəni inkişafa əhəmiyyətli təsir göstərdiyini vurğulayan Rafael Hüseynov bu qənaətini ayrı-ayrı şəxsiyyətlər və əsərlərin timsalında şərh edib.
IX-X əsrlərdən başlayaraq, XX əsrədək Yaxın və Orta Şərqdə yaradıcılıqları məktəbə, ənənəyə çevrilmiş məşhur azərbaycanlılardan söz açan akademik onların yadigar qoyduğu mirasın mənəvi zənginləşməyə xidmət etməsi ilə yanaşı, daim xalqlarımızın yaxınlaşması, təmasların dərinləşməsi üçün mühüm körpü vəzifəsi daşıdığını bildirib.
Rafael Hüseynov, həmçinin Azərbaycan dühasının müsəlman Şərqi intibahının formalaşmasında aparıcı rolu üzərində dayanıb, Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Əbu Bəkr Əcəmi Naxçıvani, Səfiəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Sultan Məhəmməd, Mirzə Fətəli Axundzadə və digərlərinin timsalında Azərbaycanın Mərkəzi Asiyada ortaq elmi-mədəni dəyərlər şəbəkəsinə münbit təsirindən danışıb.
Məktəb, yol yaradan, əsərləri ilə bütün müsəlman Şərqinə və Türk dünyasına üz tutan görkəmli azərbaycanlılar sırasında akademik Rafael Hüseynov xüsusi olaraq Cəlil Məmmədquluzadədən söz açıb, elə bu məruzə səslənərkən 120 yaşı tamam olan "Molla Nəsrəddin" jurnalının tarixi missiyası üzərində dayanıb.
Məruzənin ardınca özbək və azərbaycanlı gənclərin ifasında rəqslər və nəğmələrdən ibarət konsert proqramı təqdim edilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin "Xaribülbül" teatr truppası və "Qarabağ Zəfəri" rəqs ansamblı çıxış edərək tədbirə özünəməxsus bir ruh qatdı.
Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Azərbaycanlı alimlər Özbəkistanın ali təhsil müəssisələrində mühazirələr oxudular
Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Mədəniyyət Laboratoriyası" layihəsi çərçivəsində mühazirələr və ustad dərsləri təşkil edildi.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetində akademik Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin deputatı Elnarə Akimova və publisist Azər Turan Azərbaycan mədəniyyəti, ədəbi hərəkatlar və ədəbiyyatda türk birliyi ideyası mövzularında mühazirələr oxudular.
Yunus Rəcəb adına Özbəkistan Milli Musiqi və İncəsənət İnstitutunda dosent Aynur İbrahimovanın iştirakı ilə keçirilən ustad dərsində folklorun qorunması, qeyri-maddi mədəni irsin əhəmiyyəti və iki ölkə arasında mədəni əlaqələr müzakirə edildi.
Dərslər interaktiv mühitdə keçirildi, iştirakçıların sualları cavablandırıldı və faydalı tövsiyələr verildi. Bu cür layihələr Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsinə, ortaq dəyərlərin təşviqinə və gənclərin təhsilinin artırılmasına mühüm töhfə verir...

.jpeg)


.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
