Əlvida, İlbər! - ANAR

ANAR

 

Dünyanın bu qarışıq vaxtında Türkiyədən acıdan-acı bir xəbər gəldi: İlbər Ortaylı dünyasını dəyişib.

Uzun  illərdən bəri mənim ən yaxın, ən etibarlı dostlarımdan idi. Türkiyədə, Azərbaycanda, Moskvada, Strasburqda dəfələrlə görüşüb, çox məhrəm, səmimi söhbətlər etmişik.

Martın 13-də, ad günümdən bir gün əvvəl "Şərq-Qərb" nəşriyyatı çoxcildlik "Söz dünyası" kitabımın 5-ci cildini mənə təqdim etdi. Bu cildə türk dünyasının bir çox görkəmli yaradıcıları, alimləri haqqında yazılarım və onlardan bəzilərinin mənim barəmdə yazdıqları mətnlər daxildir. Bu yazılar sırasında İlbərin "Anar barədə" adlı son dərəcə dəyərli yazısı da var. Martın 14-də isə ağır bir xəbər aldım: İlbər vəfat eləyib.

Müxtəlif ölkələrdə yaşadığımız üçün az-az görüşürdük. Ancaq hər görüşümüzdə qarşılıqlı zənginləşər, qayğılarımızı bir-birimizlə bölüşər, fərəhli hadisələrə - o cümlədən, Qarabağın azad olunmasına birlikdə sevinərdik. 

Sonuncu dəfə İlbərlə Bakıda Elçinlə birlikdə görüşmüşdük. İlbər Elçinin də, mənim də dostumuz idi. Amma ilk növbədə Azərbaycanımızın etibarlı dostu, sevincimizə sevinən, kədərimizə kədərlənən idi. Əcdadları Krım tatarlarından olan İlbər bütün türk dünyasının dürüst tarixçisi, ardıcıl araşdırıcı və dəqiq tədqiqatçısı idi.

İndi nə Elçin var, nə İlbər. Allah itirdiyim dostlarımın hamısına rəhmət eləsin. Qəbirləri nurla dolsun bu nurlu insanların.

 

ANAR

16.03.2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!