Moldovada Azərbaycan yazıçılarının hekayə antologiyası nəşr olunub

Moldovada “Atama məktub” – Azərbaycan yazıçılarının hekayə antologiyası” nəşr edilib.

Akademik İsa Həbibbəylinin “Poeziya ölkəsində nəsr” adlı geniş giriş yazısı ilə açılan antologiyada Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Əjdər Ol, Elçin Hüseynbəyli, Etimad Başkeçid, Məqsəd Nur, Fəxri Uğurlu, Mübariz Cəfərli, İlqar Fəhmi, Alpay Azər, Mübariz Örən və digərləri də daxil olmaqla 32 müəllifin əsəri yer alıb.

Antologiyada görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin rəsm əsərlərindən və gənc fotoqraf Orxan Əzimin fotolarından istifadə olunub.

Son 50 ildə rumın dilində bu həcmdə Azərbaycan nəsri ilk dəfə təqdim olunur. “Editura Junimea” nəşriyyatında çap edilən antologiyadakı hekayələri rumın dilinə Nikolay Spetaru, Aleksandr Vakulovski, Qriqori Kiper, Nikolay Rusu, Mixaela Perciun, Mariya Pilkin, Vsevolod Klorney, Kladua Partole, İvan Pilkin, Dumitru Krudu, Anatol Moraru,Qalayku-Paun və Qalina Trifan çeviriblər.

Antologiyanın çap olunması 2017-ci ilin may ayının 3-də qərara alınıb. Belə ki, həmin tarixdə Moldova Yazıçılar Birliyi ilə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında Moldova Azərbaycanlıları Konqresinin vasitəsilə Kişineuda Əməkdaşlıq Memorandumu imzalanıb.

Antolgiyanın əvvəlində Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Moldova Mədəniyyət, Təhsil və Tədqiqatlar naziri Monica Babucun fikirləri də yer alıb. Son 50 ildə Azərbaycan nəsri rumın dilində, Moldovada bu həcmdə ilk dəfədir ki, çap olunur.

Kitab martın 1-də start götürəcək “Moldova Ədəbiyyatı Günləri” çərçivəsində AYB-də saat 14-də nəzərdə tutulan tədbirdə təqdim ediləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!