Fevralın 27-də AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar. Konfrans iştirakçıları, həmçinin “Türk şəhidliyi” abidəsini ziyarət edib, bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsini anıblar.
Daha sonra tədbir iştirakçıları AMEA Rəyasət Heyətinin foyesində Birinci Türkoloji Qurultaya həsr olunmuş məlumat bazası, virtual sərgi, eləcə də AMEA-da yubileylə bağlı nəşr olunmuş kitablarla tanış olublar.
Konfrans Birinci Türkoloji Qurultayın təşkilində yaxından iştirak etmiş Türk dünyasının görkəmli şəxsiyyətlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb, bu mötəbər tədbir münasibətilə qonaqları Akademiyada görməkdən məmnunluğunu ifadə edib.
Akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı ildə AMEA-da məhz bu tarixi zalda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə olub. Qurultayda türk xalqlarının dili, tarixi, ədəbiyyatı, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı gələcəyə yönəlmiş mühüm qərarlar qəbul edilib, Türk dünyasının tanınmış alim və ziyalıları bir araya gəlib.
“Qurultayın ən böyük tarixi nailiyyətlərindən biri mürəkkəb siyasi şəraitə baxmayaraq latın qrafikalı ortaq türk əlifbasının qəbul edilməsi olmuşdur”, - deyən AMEA rəhbəri bu mötəbər tədbirin türkologiya elminin əsas istiqamətlərini müəyyənləşdirdiyini bildirib. Qeyd edib ki, Qurultayın elmi irsi bu gün də öz aktuallığını qoruyub saxlayır.
Akademik İsa Həbibbəyli Bakı şəhərinin XIX əsrin sonlarından Türk dünyasında elmi-mədəni inkişafın mərkəzlərindən biri olduğunu, Azərbaycanın zəngin elmi və mədəni potensialının region üçün önəmli nümunə təşkil etdiyini vurğulayıb. O, müstəqillikdən sonra Azərbaycanın latın qrafikasına keçidi rəsmi şəkildə həyata keçirən ilk türk dövlətlərindən biri olduğunu xatırladıb.
AMEA prezidenti bildirib ki, 11 sentyabr 2024-cü il tarixində Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən keçirilmiş “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzrə ümumi razılıq əldə edilib. Bu, Türk dünyasında ortaq mədəni və elmi məkanın formalaşması baxımından mühüm addım hesab olunur.
“Dövlət başçısının imzaladığı Birinci Türkoloji Qurultayın 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları Türk dünyası alim və mütəfəkkirlərinə göstərilən yüksək diqqət və ehtiramın nümunəsidir”, - deyə bildirən akademik İsa Həbibbəyli bu təşəbbüslərin Türk dünyasında elmi-mədəni əməkdaşlığın, birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
O, konfransda təqdim ediləcək məruzələrin türkologiya elminin inkişafına təkan verəcəyini, elmi əlaqələrin güclənməsinə imkan yaradacağını bildirib, əldə olunan nəticələrin həm ölkədə, həm də beynəlxalq səviyyədə sülh və qardaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən Türkiyənin Yunus Emre İnstitutunun prezidenti, professor Abdurrahman Aliy Birinci Türkoloji Qurultayı ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış mühüm hadisə kimi dəyərləndirib. O, Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyaların müasir şəraitdə uğurla gerçəkləşdiyini söyləyib.
Professor Abdurrahman Aliy bildirib ki, türk dilinin beynəlxalq miqyasda yayılması, ortaq mədəni irsin qorunması və elmi fəaliyyətlərin dəstəklənməsi əsas prioritetlərdəndir. O, Yunus Əmrə İnstitutu tərəfindən türkologiyanın sadəcə bir elm sahəsi kimi deyil, tarixi irsi, mədəni qarşılıqlı təsiri, diplomatik baxışı, dil və təhsil siyasətlərini əhatə edən, çoxşaxəli və strateji bir istiqamət kimi qiymətləndirildiyini söyləyib. Vurğulayıb ki, ortaq məqsədlər ətrafında birləşmiş türkologiya camiəsi beynəlxalq müstəvidə daha güclü və təsirli mövqe formalaşdıra bilər.
Türkiyəli professor qeyd edib ki, Qurultayın 100 illik yubileyi türk aləminin intellektual irsinin yenidən qiymətləndirilməsi, Türkologiyanın aktual məsələlərinin müzakirəsi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Daha sonra Birinci Türkoloji Qurultaya həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək XX əsrin əvvəllərinin türk xalqları üçün mürəkkəb və taleyüklü bir mərhələ kimi yadda qaldığını deyib. Bildirib ki, Birinci Türkoloji Qurultay böyük intellektual platforma kimi çıxış edərək, dil, əlifba, maarifçilik və mədəni irs məsələlərini sistemli şəkildə gündəmə gətirib.
Nazir müavini Türk dünyasında mədəni inteqrasiya ideyasının elmi əsaslarla müzakirəyə çıxarılmasının müasir dövrdə də aktuallığını qoruyub saxladığını, bu istiqamətin Prezident İlham Əliyev tərəfindən mədəni siyasətin prioritetlərindən biri kimi ardıcıl şəkildə dəstəkləndiyini söyləyib. Həmçinin vurğulayıb ki, qloballaşma, yeni çağırışlar, rəqəmsallaşma və süni intellektin sürətli inkişafı mədəniyyət anlayışına da yeni məzmun qazandırıb. Bu şəraitdə milli-mənəvi dəyərlərin qorunaraq yeni rəqəmsal mühitə uyğunlaşdırılması son dərəcə vacibdir.
Daha sonra Türkiyə Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam, Türkiyə Milli Təhsil nazirinin müavini dos. Celile Ören Ökten, AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Türkiyənin ölkəmizdəki səfiri prof. Birol Akgün, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə millət vəkili, AK Partiya sədr müavini, Türk Dövlətləri ilə əlaqələr üzrə başqan, prof. Dr. Kürşat Zorlu, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidenti, prof. Dərya Örs, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Dil Qurumunun rəhbəri, prof. Osman Mert, Xalq şairi Sabir Rüstəmxanlı, Türk Mədəniyyətini Araşdırma İnstitutunun direktoru, prof. Ahmet Bican Ercilasun və digərləri çıxış ediblər.
Çıxışlarda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, ideya əsaslarını və təşkilatçılarının elmi irsini müasir elmi yanaşmalar kontekstində təhlil etmək baxımından tədbirin önəmi qeyd edilib. Bildirilib ki, bu tədbir Türk dünyasının intellektual birliyini möhkəmləndirən, elmi dialoqu dərinləşdirən və yeni tədqiqatlara yol açan mühüm platformadır.
Daha sonra tədbir öz işini panel iclaslarla davam etdirib.
Beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gəlmiş tanınmış elm adamlarının məruzələri dinlənilib.
Konfrans çərçivəsində “Birinci Türkoloji Qurultayın çağırılmasının tarixi və ictimai zərurəti”, “Qurultayın təşkilatçıları və aparıcı simalarının türkologiya elminə töhfələri”, “Qurultay qərarlarının türk xalqlarının elmi və mədəni inkişafına təsiri”, “Türk dillərinin tədqiqi, əlifba və terminologiya məsələləri, metodoloji yanaşmalar, “Qurultay ideyalarının sovet dövründə və sonrakı mərhələlərdə inkişaf dinamikası”, “Müstəqillik dövründə türkologiyanın qarşısında duran çağırışlar, “Qlobal elmi mühitdə türkoloji araşdırmaların perspektivləri” və “Qurultayın az araşdırılmış pərdəarxası məqamları” istiqamətləri üzrə müzakirələr aparılıb.
Dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim ediblər.
Beynəlxalq elmi konfransın iştirakçılarının Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri nəzərdə tutulur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
