Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Əməkdar elm xadimi Araz Dadaşzadə ədəbi-tənqidi fəaliyyətə 1956-cı ildə başlamışdı. Hekayələrini çap etdirmişdi. Bir çox bədii və sənədli filmlərin ssenari müəllifiydi. Dünya ədəbiyyatından tərcümələr etmişdi. Fundamental monoqrafiyaları nəşr olunmuşdu.
Dünya fəlsəfi fikrinə, dünya ədəbiyyatına və musiqisinə mükəmməl şəkildə bələd idi. Onun mükəmməl alim ömrü daha böyük hədəflərə hesablanmışdı. Yaşasaydı...
Yaşayaydı kaş!
Yaşasaydı, ən azından 90 illik yubileyini qədirbilən dostları, əzizləri, çoxsaylı fikirdaşlarıyla bir arada qeyd edəcəkdi. Amma lap gənc yaşlarından dünyanın hər üzünə bələd olan Araz Dadaşzadə ustad Cəfər Cabbarlının dil əzbəri olan aşağıdakı misralarından da xəbərsiz deyildi:
Ölmək, o geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir.
Hər süslü çiçək sonda saralmış, solmuş,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq.
Həyatın bu üzünə də aşina olduğundan məramını, həyat fəlsəfəsini, dərk etdiyi həqiqətləri gələcək nəsillərə daha mükəmməl şəkildə çatdırmağa çalışdı və nail oldu. Qısa bir ömür daxilində qibtəediləcək ədəbiyyat abidələrinə imza atmağın xoşbəxtliyini yaşadı.
Unudulmaz alimin 90 illiyi münasibətilə bir araya gələn dostları, ailə üzvləri və ruhdaşları da onun bu əbədiyaşar xoşbəxtliyindən dərin qədirbilənliklə söz açdılar.
Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev başda olmaqla, bir qrup qələm adamı ikinci Fəxri Xiyabanda görkəmli ədəbiyyatşünas alimin məzarını ziyarət etdilər.
Xatirə mərasimi AYB-nin Natəvan klubunda davam etdirildi.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dedi: "Böyük bir ziyalının, böyük bir insanın xatirəsini yad edirik. Araz Dadaşzadə mənim ən yaxın dostum və olduqca böyük ziyalı idi. O, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişmişdi. Mən həyatımda onun qədər əhatəli biliyə malik, mükəmməl insan görməmişəm. Musiqidən tutmuş ədəbiyyatşünaslıq elminə, fəlsəfi fikir tarixinə, dilçilik elminin incəliklərinə qədər bütün sahələr onun üçün mükəmməl araşdırma sahəsiydi. Mənim üçün Araz Dadaşzadənin xatirəsi çox əzizdi..."
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də görkəmli alimin ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətlərini eyni fikir ucalığından dəyərləndirdi: "Mən Ədəbiyyat İnstitutunun aspirantı olduğum illərdə Araz Dadaşzadəni tez-tez görkəmli yazıçımız Elçinlə bir arada görürdüm. Arazda zəngin yumor hissi vardı. O, XVIII əsr Azərbaycan ədəbiyyatının gözəl tədqiqatçısıydı. Araz Dadaşzadə ilk dəfə olaraq XVIII əsr Azərbaycan ədəbiyyatı tarixini sistemləşdirib. Əsrin ədəbi-mədəni-tarixi mənzərəsini bir kitabda cəmləşdirib. Bu, xüsusi bir modeldir və mübahisəsiz olaraq Araz Dadaşzadəyə məxsusdur. O, Molla Pənah Vaqif yaradıcılığını əsaslı şəkildə araşdırıb. Ona qədər vaqifşünas alimlər Vaqifi yalnız nikbin şair kimi təqdim edirdilər. Sovet ədəbiyyatşünaslığı və ideologiyasına şairin bu cür təqdim edilməsi xoş idi. Vaqifin nikbin obrazı sovet ideologiyasını təmin edirdi. Ancaq Araz Dadaşzadə ilk dəfə olaraq Vaqifin və onun müasirlərinin alt qatını, əsərlərindəki ictimai kədərin mənzərəsini ortaya qoydu. Şairin "Bayram oldu...", "Bax" kimi əsərlərinin ictimai motivi, obrazı Araz Dadaşzadə tərəfindən incələndi.
Eyni zamanda, Vidadinin də... Görkəmli alimin Ədəbiyyat İnstitunun həyatında da xüsusi rolu olub. O zaman bədii sahədə olduğu kimi, ədəbiyyatşünaslıq elmimizdə də "altmışıncılar" vardı və onlardan biri də Araz Dadaşzadə idi. O nəsil yaşlı nəsillə gənc nəsillər arasında körpü yaratdı. O körpünü yaradanlardan biri də Araz Dadaşzadə idi... Araz Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası" adlı kitabı ölkəmizdə böyük bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşdirilmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir".
Xalq yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayev yubilyarla bağlı xatirələrini dilə gətirdi: "Yazıçılar Birliyində katib kimi işə başladığım ilk günlərin birində Xalq yazıçısı Ənvər Məmmədxanlı ilə tanış oldum. Onunla bərabər gələn cavan adam isə Araz Dadaşzadəymiş. Məndən xüsusi ədayla Anarı soruşdu. Əvvəlcə bu gənc adamın Anarı xüsusi ərklə xəbər alması məni təəccübləndirsə də, sonradan onun Anarla olduqca doğma münasibətinə və ensiklopedik savada malik olmasına şahidlik etdim".
M.Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli qeyd etdi ki, "altmışıncı illər Azərbaycan ədəbiyyatı mədəniyyət tariximizdə yeni bir oyanış mərhələsidi. Araz Dadaşzadə bu mərhələnin ilk pionerlərindən biri kimi öz orijinal mövqeyini ortaya qoydu. Onun kimi adamlar biryönlü olmurlar. O, geniş erudisiyaya malik insan idi. Az yaşadı, amma vacib olan işləri gördü, vacib olanları yazdı. Özü də yaxşı və mükəmməl yazdı. O, ciddi ədəbiyyatşünas idi. Əsərləri bu gün də oxunur və ədəbiyyatşünaslığımızı inkişaf etdirir".
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək diqqətə çatdırdı ki, Araz Dadaşzadə mükəmməl ədəbiyyat tarixçisiydi. O, əlyazmaları oxumaq sahəsində olduqca hazırlıqlı və xüsusi qabiliyyətə malik nadir şəxsiyyətlərdən biriydi. Ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətinə görə onu daha çox Həmid Araslıyla müqayisə etmək olar. Onun əsas xidməti müasir dünya ədəbiyyatı kriteriyaları əsasında ədəbiyyatşünaslıq elmimizin böyük bir mərhələsini ümumiləşdirməsiydi. Araz Dadaşzadənin Molla Pənah Vaqifə münasibəti vaqifşünaslıqda yeni mərhələdir.
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə dedi: "Araz Dadaşzadə ilə ilk tanışlığım Anar müəllimgilin Vaqif küçəsindəki evlərində olub. Onların dostluğuna qibtə edirdim. Eyni zamanda, onlarla tanışlıq və dostluğumdan qürur duyurdum. Araz dünyanı bütün qapsamıyla bilirdi. O, olduqca təvazökar idi, heç vaxt böyük miqyasda biliyə sahib olduğunu büruzə verməzdi. Dünya fəlsəfəsni, ədəbiyyatını mükəmməl bilirdi. Olduqca səmimi, mehriban insan, elmi düşüncədə ardıcıl şəxsiyyət idi".
AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli qeyd etdi ki, elə insanlar var, şəxsən tanış olmasan da, görməsən də, onun dostlarının münasibət və xatirələri o adamın kimliyini sənə mükəmməl şəkildə anladır, eyni zamanda əsərləri. Tanış olduqca görürsən ki, o, çox zəngin bir irs qoyub gedib. Araz Dadaşzadə bu cür elm adamı olub.
Ədəbiyyatşünas alim Vaqif Yusifli Araz Dadaşzadəni 1982-ci ildən tanıdığını qeyd etdi: "Amma ona qədər əsərləri ilə tanış idim. Və bilirdim ki, çağdaş poeziyamıza münasibətdə Yaşar Qarayevlə yanaşı Araz Dadaşzadənin də xüsusi yeri var. O, deyirdi ki, təhlilçi ardıcıl axtarışçı, eyni zamanda da cəsarətli olmalıdır. Onun Vaqiflə bağlı monoqrafiyası ayrıca bir ədəbiyyatşünaslıq hadisəsidir".
Ədəbiyyatşünas alim Rüstəm Kamal çıxış edərək bildirdi ki, Araz Dadaşzadənin mükəmməl obrazı ilə Anar müəllimin xatirələri sayəsində tanış olmuşam. O, vaqifşünaslığın yaradıcılarından biridir. Onun Vaqif haqqındakı kitabı klassikadı. Mən yaxın günlərdə Vaqiflə bağlı elmi araşdırmalarımı yekunlaşdırmışam və həmin əsərimi Araz Dadaşzadənin xatirəsinə ithaf etmişəm.
Araz Dadaşzadənin gəlini Kəmalə xanım çıxışında qeyd etdi ki, o, Vaqiflə bərabər onun sələf və xələflərini də eyni peşəkarlıqla tədqiq edib. Eyni zamanda görkəmli türkman şairi Məxtumqulu yaradıcılığını da.
Yubilyarın oğlu Aqşin Dadaşzadə atası haqqında unudulmaz xatirələrini dilə gətirdi.
Tanınmış jurnalistlərdən Namiq Əhmədov və Tahir Aydınoğlu yubilyarla bağlı ürək sözlərini dilə gətirdilər.
Sonda Araz Dadaşzadənin qızı, sənətşünaslıq doktoru, professor Zümrüd Dadaşzadə atasının xatirəsini əziz tutan insanlara, tədbir iştirakçılarına, şəxsən Anar müəllimə dərin təşəkkürünü bildirdi: "Nə deyim, mənim üçün xatirələrə dönmək asan deyil - sanki yaram təzələnir, qəlbim çalxalanır... çox çətin sınaqdır bu - çox... dözülməz dərəcədə... 54 yaşında, müdhiş 1990-cı ildə ata itirmək dərdi böyük dərddi.
Atam bir alim kimi Akademiyada püxtələşdi. Öz əsas tədqiqatını da Akademiyada həyata keçirdi. Amma onun yaradıcılığının başqa bir qütbü - müasir ədəbi proses idi. Odur ki, Yazarlar Birliyində də belə bir anım tədbiri, yəqin, labüd idi.
Əlbəttə, A.Dadaşzadə böyük vaqifşünas (Nizami müəllimin bu barədə xüsusi məqaləsi də yaxınlarda işıq üzü gördü) kimi səciyyələndirildi. İsa müəllim Araz Dadaşzadənin ədəbi fikir tarixində yerini dəqiq müəyyənləşdirdi. Bu gün Vaqif haqqında tədqiqatını bitirməkdə olan və bu kitabını Araz müəllimin ruhuna ithaf edən Rüstəm Kamalın dediyi kimi, S.Vurğun Vaqifin bədii obrazını, Araz müəllim isə elmi obrazını yaratmağa müvəffəq oldu.
T.Kərimli A.Dadaşzadənin İntibah dövrü insanlarına xas geniş dünyagörüşünə nəzər-diqqəti cəlb etdi. İ.Qasımzadə alimin araşdırma işində nadir ardıcıllığını nəzər-diqqətə çatdırdı. Vaqif Yusifli onun "nikbinlik fəlsəfə"sini vurğuladı.
Anar müəllimin atamla dostluğu xüsusi bir mövzudu. Şostakoviç musiqisinin mahiyyətinə varmaq iqtidarını xatırlayaraq onun zərif musiqi duyumunu da dilə gətirdi... Kamilə xanım - nikbinlik fəlsəfəsi deyiləndə - gedonizm deyil, dünyanın nizamını görmək iqtidarının vacibliyini söylədi..."
Sərvaz Hüseynoğlu
.jpeg)
.jpeg)

.jpeg)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
