Azər TURAN
İkiyə bölünmüş Vətənin özü kimi, liderlər də sanki dəyişib müsənna (ikili) bir şəkil almışdılar. Şimali Azərbaycanda bir Mircəfər, Cənubi Azərbaycanda digər bir Mircəfər. Aldanışlar və fəlakətlər dövrünün iki lideri. Bu iki Mircəfər əl-ələ verib ikiyə bölünmüş Azərbaycanı birləşdirmək istəyir. Mircəfər Bağırov deyir ki, ""Türkmənçay" ilə bölünmüş xalqımız birləşməlidir! Bu, şərəf məsələsidir!.. İranın ən böyük şəhərləri - Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Salmas, Xoy, Ənzəli və başqaları bizim əcdadlarımızın vətəni olub. Əgər həqiqəti bilmək istəyirsinizsə, Tehran da qədim Azərbaycan şəhəridir... Əgər içimizdə bir damla belə, Azərbaycan qanı qalıbsa, o zaman biz bir zamanlar zorla parçalanmış xalqın birləşməsinə nail olmalıyıq". İdeya haradan gəlir? Stalinin diktəsi olmasaydı, Bağırov bu cəsarəti edərdimi? Təbii ki, edə bilməzdi? Stalin bunu istəyərdimi? Təbii ki, istəməzdi. İki Mircəfər - Bağırov və Pişəvəri "bir zamanlar zorla parçalanmış xalqın birləşməsinə nail olmalıyıq..." əqidəsində yekdil kimi görünsələr də, sonrakı hadisələr sübut edəcək ki, bu, sadəcə Stalin tərəfindən təklif olunmuş vəziyyətdir. Cənubi Azərbaycanı əsl adı Mircəfər olan Seyid Cəfər Pişəvəri Mircəfər Bağırovun "ikiyə bölünmüş, bir-birindən ayrı salınmış xalq ya birləşməlidir, ya da məhv olub tarixdən silinməlidir" təlqinləri ilə bütöv Azərbaycana doğru istiqamətləndirir. Təbii ki, bu, Stalinin təşviqi ilədir. İkisi də bolşevikdir. Mircəfər Bağırov kontekstində Azərbaycan birləşsə, Bağırov SSRİ-də Ukraynadan daha böyük bir respublikanın rəhbəri olacaq. Pişəvəri isə səmimidir və millidir. Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabında Pişəvərinin Mircəfər Bağırova dediyi sözlər xatırlanır. Pişəvərinin sözləri onun siyasi bəsirətini və milli narahatlığını tam şəkildə ifadə edir: "Bəli, indi ruslar bizi hərəkət etməyə sövq edir, amma kömək lazım olanda onlar bunu etməyəcəklər".
Yazının bu yerində fikir dövriyyəsinə "Azərbaycan" şeirinin müəllifi Səməd Vurğunu daxil etmək istəyirəm. Çünki məsələnin ən saf tərəfi ədəbiyyat və xalqdır. Birləşmək istəyən xalqın səsi ədəbiyyatdan eşidilir. Səməd Vurğunun "Azərbaycan" şeirində Təbriz olmasa da, Araz var. Hələ üstəlik, bunu da xatırladaq ki, Səməd Vurğunun "Təbriz gözəlinə" şeiri ilk dəfə 1948-ci ildə çap olunsa da, şeirin avtoqraf nüsxəsində tarix olaraq şeirin yazıldığı il 1935-ci il göstərilib: "Nədir bu həsrətin adı, ünvanı? "Baisin evində işıq yanmasın! / Ah, Araz, ah, Araz, vədimiz hanı? / Bir ürək ikiyə parçalanmasın!.." Səməd Vurğuna qədər nəinki poeziyamızda, heç siyasi leksikonumuzda da ikiyə bölünmüş Azərbaycan söhbəti yoxdur. Həm də Səməd Vurğunun 1935-ci ildə yazdığı şeirdə Azərbaycanın adı təkrar olunur: "Azərbaycan, Azərbaycan". İki Azərbaycan təsadüfdürmü, mistikadırmı, yoxsa bilərəkdən belə olub? Əgər bilərəkdən belədirsə, o zaman XX yüzildə Vahid Azərbaycan ideyasının Səməd Vurğun tərəfindən irəli sürüldüyünə inanmalıyıq. Çünki o illərdə nə Bağırov Cənubi Azərbaycan məsələsində 1940-cı illərdə olduğu kimi israrlıdır, nə də başqa kimsə ikiyə bölünmüş Vətən barədə danışır. "Ədəbiyyat qəzeti"nin 9 yanvar 1946-cı il tarixli 1-ci sayında və 2-ci səhifədə "Dəvətnamə" adlı bir şeir var. Şeiri Cənubi Azərbaycanın 9 şairi - Biriya, Etimad, Əli Fitrət, Mir Mehdi Çavuşi, Sədi Zaman, Hüseyn Sühaf, Niknam, Məhəmmədəli Fəxrəddin, Şeyda Yəhya imzalayıb. "Şairlər məclisi"nin şeirlə yazılmış dəvətnaməsində Cənub şairləri Azərbaycanın bərcüstə (ən gözəl) simalarından olan Səməd Vurğunu Təbrizə dəvət edirlər. Özü də hansı sözlərlə: "Sən şeir səmasında təcəllalı günəşsən / Səndən ilham alır, eşq əhli sərasər... Üstadi-qələmsən, sayılırsan bizə rəhbər". Həmin səhifədə baş məqalə əvəzinə, uzun bir şeir də dərc olunub: "Təbrizdəki "Şairlər məclisi" üzvlərinin İran Azərbaycanı Milli Hökumətinə məktubu" adlanır (Hər iki şeiri bugünkü sayımızda, tarixin aynası olsun deyə təqdim edirik). "Ədəbiyyat qəzeti"nin 1946-cı ildə çıxan bir sıra sayları sanki Təbrizdə hazırlanıb, Bakıda çap olunub. Lakin ilin sonuna yaxın, birdən-birə Təbriz unudulur. Səməd Vurğun isə Təbrizə getmir və Təbriz şairlərinin şeirli dəvətnaməsinə yazdığı cavab da o illərdə heç yerdə dərc olunmur. Nə baş vermişdi?
1945-ci ildə II Dünya müharibəsini qələbə ilə başa çatdıran Stalin İran şahı Məhəmməd Rza Pəhləvi ilə dil tapmış, Şah İranın baş naziri Qəvamı Stalinlə görüşmək üçün Moskvaya göndərmiş və gizli anlaşma imzalanmışdı. Cənubi Azərbaycan torpaqlarında neft oyunlarına keçid edilmişdi. Fədailərə kömək üçün gedən sovet ordusu geri çəkilmiş, Cənubi Azərbaycan problemi İranın daxili işi elan olunmuş və Cənubi Azərbaycan şah ordusu qarşısında əliyalın buraxılmışdı. Məhəmməd Rza Şaha dəstək verməklə azərbaycanlıların soyqırımına rəvac verən Stalin məqsədinə çatmışdı. Pişəvərinin Mircəfər Bağırova dedikləri gerçək olmuş, Stalin nəinki Təbrizə kömək etmiş, əksinə, Stalinin gözləri qarşısında və onun riyakar susqunluğunun nəticəsi olaraq 1946-cı ilin 8 dekabrında Azərbaycan hökuməti qanundankənar elan edilmiş, şah ordusu dekabrın 12-də Təbrizə daxil olmuş, Emrə Bayırın verdiyi məlumata görə, 25 min azərbaycan türkü qətlə yetirilmiş, 2500 nəfər edam edilmiş, 8000 azərbaycanlı həbs edilmiş, 3600 ailə farslar yaşayan bölgələrə sürgün edilmiş, hələ üstəlik, 70 min azərbaycanlı ölkədən çıxarılmışdı. Milli Azərbaycan hökumətinin liderləri aldadılmış, fədailər, ya öldürülmüş, ya da Şimali Azərbaycana hicrət eləmişdilər. Şair Kaşifi Xoyda tikə-tikə doğranmış, Əli Fitrət zindanda qətlə yetirilmiş, Milli hökumətin 27 yaşlı gənc Baş prokuroru Firudin İbrahimi xalqın gözü önündə edam olunmuş, gənc şair Niknam xüsusi amansızlıqla qətlə yetirilmiş və s. Təbriz viran qoyulmuşdu. Cənubi Azərbaycan iki böyük düşmənin - həm Stalinin, həm də Pəhləvinin girovuna çevrilmişdi.
Hüseyn Cavid demişkən, siyasət başqa, ədəbiyyat başqadır...
1945-ci ildə 21 Azər hərəkatı ilə siyasiləşən Vahid Vətən məfkurəsi azərbaycanlıların milli şüurunda olduğu kimi, ədəbiyyatında da yeni üfüqlər açdı. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını, Xəlil Rza Ulutürkün "Apardı sellər Saranı" əsərləri həmin milli Azərbaycan məfkurəsinin ədəbiyyatdan eşidilən əks-sədası, Şəhriyarın 1951-ci ildə yazdığı "Heydərbabaya salam" poeması isə İrandakı Milli Azərbaycan dövrünün - milliləşmə hərəkatının ədəbiyyatdakı ən parlaq təzahürüydü.
"Ədəbiyyat qəzeti" olaraq, biz də bu tarixi günün 80 illiyinin yanından sükutla keçə bilmədik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
