Üç gün bundan əvvəl «Yeni müsavat» qəzetinin köşə yazarının növbəti sicilləməsi ilə tanış olduq («Yeni müsavat» 28 noyabr 2025).
Bu zatın illər boyu davam edən «anarşünaslıq» təcrübələrinin səciyyəvi özəllikləri həmin mətnlərdə də əks olunub, yəni gücsüz nifrətin və hiddətin yalanla, iftirayla, böhtanla ifadə edilməsi. Bu müəllifin orijinal özəlliyi ondan ibarətdir ki, bir yalanını konkret faktlarla təkzib edirsənsə heç üstünü vurmur, bir müddət sonra hıqqanıb-zıqqanıb yenisini uydurur. Yalan yazmaq bu zatın tək peşə özəlliyi deyil, həm də hava-su kimi yaşamaq şərtidir. Bir müddət kimsə ya kimlərsə ipini çəkmişdilər, daha AYB-yə sataşmırdı, görünür yenə qısqırdıblar ki, Anar haqqında yeni yalanı aləmə car çəkir. «Yeni Müsavat» qəzetinin dediyimiz sayında dərc olunmuş «Əl yalamaq haqqında hədis» adlı yazısında belə bir parça var:
«Heykəltəraş Ömər Eldarovun müsahibəsini oxumuşam». Bu sözlər yəqin ki, yalan deyil, amma yalanlar bundan sonra başlanır:
Guya AYB sədri Anar Ö.Eldarova portretini sifariş verib. Və özü uydurduğu bu ağ yalandan sonra qara palçıq vulkanı kimi iftiralar püskürür:
«Yəqin Anar müəllim haqqında portret əsasında heykəlini təraş etməyi sifariş verər. Yoxsa rəsm şəklində özü də heykəltəraşa zakasın nə mənası var. Buradan isə belə nəticə çıxır, Anar müəllimdə şöhrətpərəstlik, özünə vurğunluq yaranmışdır. Həmçinin 3 min üzvü olan AYB-nin qanacağı çatmayıb ki, öz sədrinin portreti və heykəlin düzəltdirsin».
Bu abzasda təəccüb doğuran söz «qanacaqdır». Çünki köşə yazarı «qanacaq» anlayışından zəmin-asiman uzaqdır. Ancaq bu sayaq yazılara yad olan qanacaq anlayışını qırağa qoyaq, görək uydurduğu yalanın mahiyyəti nədir? Bu yalan qəzetdə çıxan kimi Ömər müəllimə guya onun dilindən dediyi sözləri çatdırıblar və bu sayaq fırıldaqlara nifrət edən böyük heykəltəraş onun adından deyilən sözləri dərhal təkzib edib. Elə həmin gün açıqlamasında Ömər müəllim deyir:
«Mətbuatda mənim Xalq yazıçısı Anarın heykəlini işləməyim barədə fikrimi təhrif edərək yazırlar ki, guya Anar mənə öz büstünün yaradılmasını sifariş verib. Əvvəla mən sifarişlə işləmirəm. Anar da təbii ki, heç vaxt belə bir sifariş verməyib. Dost söhbətində Anara onun büstünü yaratmaq istədiyimi söylədim və o böyük minnətdarlıqla razılıq verdi».
Vəssəlam. İşin mahiyyəti bundan ibarətdir, amma demə məsələ tək bunda deyilmiş. Anarın belə ustad sənətkar tərəfindən portretinin yaradılması köşə yazarını cin atına mindiribmiş. Yəqin çox əvvəllər böyük rəssamlarımız Tahir Salahovun Anarın yağlı boya ilə və qrafik dörd, Tofiq Nərimanbəyovun yağlı boya ilə beş portretinin yaratdıqlarından xəbəri yoxdur, yoxsa lap dəli olardı. Axı Anarla bağlı hər xoş xəbər bu biçarənin yuxusunu qaçırır, öz-özünə nə qədər «Tələsmə Zaur» deyə təsəlli versə də heç cür sakit ola bilmir. Bəli məhz Anara yaradıcı marağına görə Ömər Eldarov da, köşə yazarının qara siyahısına düşüb. Çili şairi Pablo Nerudoyla ispan rəssamı Pablo Pikassonu eyni adam bilən (bu qəzetdə əks olunub) bu «sənət sərrafı» Ömər Eldarovun yaradıcılığına cahil münasibətini bildirməkdən də çəkinmir. Utanıb qızarmadan yazır:
«MƏNİM (pah atonnan, sənin ha!) Ömər müəllimin sənətkarlıq xüsusiyyətlərindən o qədər də xoşum gəlmir. Eldarovu həddən artıq şablon, klişe (?), sosrealizm üslublu konveyer (?) sənətçi hesab edirəm!»
Görəsən bu bəbəxt işlətdiyi terminlərin mənasını bilirmi ki, onları belə uyğunsuz şəkildə hansı dildəsə yan-yana düzür? Yalnız Azərbaycanda deyil, bir çox başqa ölkələrdə də klassik heykəllərin müəllifi olan Ö.Eldarov bu sözlərlə tanış olarsa nə fikirləşəcək? Yaxşı, biz ədəbiyyat adamları hər yetən qrafomanın bədii yazı haqqında yekə-yekə qırıldatmasına alışmışıq. Bəs sənətin başqa sahələrində belə avam sözləri oxuyanda mat qalmayacaqlarmı?
«Sənətşünas» cuşa gəlib davam edir:
«Elementar bir sualla hazırda özümə müraciət etdim (Nə yaxşı ki, özünə müraciət edib, başqasının qarşısında biabır olmayıb). Bakıda, Azərbaycanda Ömər Eldarovun imzası olan hansısa möhtəşəm abidə, heykəl xatırlayırsınızmı? Yadıma sala bilmədim. O baxımdan düşünürəm ki, Anar müəllimin heykəli də, Eldarovun bir-birinin burnundan düşmüş (qanacaq sahibinin küçə ifadəsinə fikir verin) heykəllərdən biri olacaq. Niyə Mikelanceloya sifariş vermir, anlamıram».
Guya ki, şit yumor sayılmalı bu hərzə sözlərdə Mikelancelonun adını çəkə bilibsə deməli bu sahədə dərin savadı var. Heyf ki, belə savadlı sənətşünas bizim şəhərdə yaşamır. Bir dəfə də olsun Bakıya gəlməyib. Yolu Bakıya düşsəydi Ömər Eldarovun yaratdığı monumental və bir-birindən orijinal klassik heykəlləri görmüş olardı: Füzuli, Natəvan, Hüseyn Cavid, Heydər Əliyev və neçə-neçə başqa yüksək sənət örnəkləri…
Bu heykəlləri görməyibsə deməli Bakıda yaşamır. Bəs harada yaşayır görəsən? Əlbəttə, ruhən də olsa İrəvanda. Çünki Azərbaycanın klassik və müasir ədəbiyyatına, sənətinə ancaq erməni daşnakları belə nifrət bəsləyə bilirlər. Yeri gəlmişkən, özəlliklə Rəsul Rzaya, Anara düşmən münasibətdə də köşə yazarımız orada özünə çox sayda həmdəm tapa bilər. Rəsul Rzanın millətçi, türkçü, Lenin milli siyasətinə düşmən, antisovet kimi qələmə verərək vaxtilə Moskvaya SovİKP MK-ya və SSRİ KQB-sinə danos yazan Sero Xanzadyanın qəbrinə təzim edərək daşnak rəsulşünaslarına qət təzə fakt barədə də məlumat verə bilər: Rəsul Rza Stalinə şeir yazıb! Düzdür deyə bilərlər ki, erməni şairləri də yazıb. Bütün başqa Azərbaycan, rus, moldovan, buryat və s. şairləri də Stalinə şeirlər, poemalar həsr edib. Amma yadda məhz Rəsul Rzanın yazdığı qalıb, çünki Anar uzun illərdir AYB sədridir və bu təşkilatdan bir şey qopartmaq, bir şey qamarlamaq istəyənlərin umduqları baş tutmayanda Rəsul Rzanın Stalin mahnısını oxumağa başlayırlar. Musiqisini Stalin mükafatı laureatı Niyazi bəstələdiyi bu mahnını Stalin mükafatı laureatı Bülbülün klassik ifasında iki dəfə Stalin mükafatı laureatı, Stalinə həsr olunmuş kantatanın müəllifi böyük Üzeyir bəy də çox bəyənirmiş.
Daha nə? Hə, köşə yazanı eşələnib Rəsul Rzanın çox gənc yaşlarında, 90 il bundan əvvəl yazdığı uğursuz misralarını (yalnız bir dəfə nəşr olunmuş bu misraları özü sonra bir dəfə də çap etməyib) rəsulfobiyanın uğurlu tapıntısı kimi curlarına çatdırır. Amma fikirləşmir ki, birisi də həmin bu köşə yazarının 90 il yox, 23–25 il bundan əvvəl yazdıqları, rəhmətlik «Azadlıq» və «Yeni müsavat»da dərc olunmuş siyasi mətnlərini, bu mətnlərin hədəfələrini üzə çıxarar.
«Yeni Müsavat»da hörmət bəslədiyimiz namuslu jurnalistlər də çalışır. Belə birisi ilə həmkar olmaqdan xəcalət çəkmirlərmi?»
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MƏTBUAT XİDMƏTİ
1 DEKABR 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
