Bişkekdə Xalq yazıçısı Anarın Seçilmiş hekayələr kitabı işıq üzü görüb. Kitabda Çingiz Aytmatovun 2005-ci ildə Anar haqqında qələmə aldığı məqalə Ön söz olaraq təqdim edilib. Kitabın tərcüməçisi məşhur qırğız yazıçısı Kotorqən Joldobek Monoldorovdur. Kitaba Anarın on dörd hekayəsi daxil edilib. Xalq yazıçısının Moskvada işıq üzü görmüş kitablarının və filmlərinin siyahısı kitabda yer alıb.
Özbəkistanda nəşr olunan «Təfəkkür» jurnalında isə Anarın «Yaşasın söz azadlığı» hekayəsi çap edilib.
Qeyd edək ki, Özbəkistanda yazıçının on bir kitabı çap edilib, bundan başqa ədəbi qəzet və jurnallarda onlarla hekayələri, müsahibələri dərc olunub. «Dantenin yubileyi» povesti televiziya ekranında səhnələşdirilib, «Zəncir» hekayəsi əsasında bəstəkar E.Kələntərovun yazdığı musiqili komediya Mukimi adına Dövlət Teatrında tamaşaya qoyulub, «Asqılıqda işləyən qadının söhbəti» hekayəsi əsasında qısametrajlı film çəkilib.
Özbəkistan Prezidenti Ş.Mirziyayev Anarın 85 illiyi münasibətiylə onu qardaş ölkənin «Dostluq» ordeni ilə təltif edib.
Eyni zamanda Xalq yazıçısı Anarın Qazaxıstan Respublikasında sayca beşinci kitabı nəşrə hazırlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
