Deputat Elnarə Akimova plenar iclasda ədəbiyyatla bağlı mühüm təkliflərlə çıxış etdi

Bu gün Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirə edilib. İclasda çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova təqdim olunan büdcə sənədini ölkənin sosial rifahı, insan kapitalının inkişafı və milli prioritetlərin reallaşdırılması baxımından yüksək qiymətləndirib.

Deputat bildirib ki, büdcənin mərkəzində hər zaman olduğu kimi insan amili dayanır. O, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin davam etdirilməsini, iqtisadiyyat və milli təhlükəsizlik sahələrində nəzərdə tutulan tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Elnarə Akimova çıxışında həmçinin islahatların sürətləndirilməsi zərurətini vurğulayaraq bir sıra təkliflərlə çıxış edib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin əsərləri çoxcildlik seriya şəklində çap olunarsa, bu, mədəni həyat üçün önəmli töhfə olar. Deputat 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən latın qrafikalı kütləvi nəşrlərin ölkə mədəniyyəti üçün böyük hadisə olduğunu da xatırladıb.

Çıxışında seçildiyi Sumqayıt şəhəri ilə bağlı məsələlərə də toxunan deputat bir sıra mədəniyyət ocaqlarının acınacaqlı vəziyyətdə olduğunu bildirib. O, şəhərdəki bəzi kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı olduğunu, Cəfər Cabbarlı adına Mədəniyyət Evində isə qəzalı vəziyyətin yarandığını vurğulayıb.

Deputat həmçinin Hacı Zeynalabdin qəsəbəsində 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlərin təşkilinə deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulmasına əhəmiyyətli təsir göstərir.

Elnarə Akimova aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıb.

Millət vəkili daha sonra iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə xitabən Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirdi:

“Mən komitənin iclasında Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı məsələ qaldırmışdım. İnanıram ki məsələyə həssas yanaşacaqsınız.

Çünki dəfələrlərlə vurğulayırıq ki, biz siyasətdə, idman sahəsində dünyada sözümüzü demişik. Bu gün, xüsusilə, Zəfəri qazandığımız indiki reallıqda, sözümüzü, həqiqətlərimizi bədii təcəssüm predmetinə çevirməklə dünyaya çatdırmağa daha çox ehtiyac var. Siz təsəvvür edin ki, 90-cı illərdə, o çətin dövrdə Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyatımızı, mədəniyyətimizi zamanın sərt aşamalarından necə zədəsiz, bütöv çıxara bildi. Bir neçə gün əvvəl Akademiyanın 80 illik yubileyində cənab Prezident İlham Əliyev əgər milli dilin qorunmasıl ilə bağlı çağırışlar edirsə, mənə elə gəlir ki, bu gün biz kitab siyasətinə xüsusi diqqətlə yanaşmalıyıq. Çünki kitablarda bizim milli kimliyimiz, milli yaddaşımız qorunur. Dil siyasətini də bura əlavə etsək və əgər yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu məsələlərə, kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik”.

Sonda deputat büdcə zərfini yüksək qiymətləndirdiyini bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsində daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!