Azər TURAN
Qarabağdakı Zəfərimizin beşinci, Türkoloji Qurultayın 100-cü ildönümü ərəfəsində, Milli Elmlər Akademiyamızın 80-ci yubiley törənində Prezident İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda milli məfkurəmizin böyük qurucularının adları bir-bir sıralanırdı. Onlar nə demişdilərsə, nəyi arzulamışdılarsa, nəyin uğrunda vuruşmuşdularsa, İlham Əliyev hamısını etdi. İndi isə söz Azərbaycan elminindir. Modern Azərbaycan elmi potensialını və varlığını ortaya qoymalıdır, üstəlik, həm texnoloji, həm humanitar, həm də ideoloji hədəfləri birləşdirməlidir. İstiqamətlər isə çoxdur. Ən əvvəl, Bütöv Azərbaycanın bir parçası Zəngəzura qayıdış ərəfəsindəyik. Biz ora tankla da qayıda bilərik, amma avtomobillə qayıtmaq niyyətindəyik. Avtomobillərin yolunu isə dünya miqyasında qəbul oluna biləcək elmi humanitar araşdırmalar, əsaslı tədqiqatlar açmalıdır. İlham Əliyev Qərbi Azərbaycana qayıdış ərəfəmizi qonşu dövlətlərdə, xüsusən, İranda yaşayan azərbaycanlılara işarələyərək, "Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır". Və bu, heç bir dövlət üçün problem yaratmır. Çünki "Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar" deyir. Gözəl, incə və həssas göndərmədir, deyilmi? Yəni Azərbaycanın bütövlüyü Şimal, Cənub konteksti ilə məhdudlaşmır, bura Qərbi Azərbaycan konteksti də əlavə olunur. Söhbət, indiki halda məfkurəvi və mənəvi Vətən adlandıra biləcəyimiz bütöv Azərbaycandan gedir. Bu bütövləşmə prosesini uğurla gerçəkləşdirmək üçün texnoloji inkişafla yanaşı, hətta linqvistik inkişaf da labüddür. Dilimizi milli kimliyimizin, milli varlığımızın göstəricisinə çevirməliyik. Bunun üçün yazıçı və şairlərimizlə yanaşı, dilçilərimiz də, tarixçilərimiz də çalışmalıdır. Azərbaycan dilinin, mədəniyyətinin aydınlatdığı hər yer Azərbaycan ola bilər. Bunun reallaşması üçün, texnoloji, humanitar və ideoloji harmoniya qaçılmazdır. Prezidentin dediyi kimi, indi Azərbaycan özünün yerüstü və yeraltı xəzinələrini müasir texnologiyalarla peykdən tədqiqat, zondlama apararaq müəyyən edir. Geoloji işləri alimlərimiz aparır, himanitar, ideoloji işi də onlar aparmalıdır. Məsələn, çar Rusiyası vaxtilə etnik və dini tərkibi dəyişmək üçün erməniləri İrandan və Şərqi Anadoludan Qərbi Azərbaycana köçürəndə Rusiyada nəşr olunmuş xəritələrdə Sevan gölü yoxdur, Göyçə gölü var. Bu xəritələri biz hazırlamamışıq. Amma bu həqiqətləri dünyaya çatdırmaq, dünyanı inandırmaq Azərbaycan elminin vəzifəsidir… Deməli, Qərbi Azərbaycana qayıdışımız həm də Azərbaycan elminin daha güclü olmasından asılıdır. Azərbaycan dövlətinin Azərbaycan elminə verdiyi önəm budur.
Yuxarıda qeyd etdim ki, İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda milli məfkurəmizin böyük qurucularının adları bir-bir sıralanırdı. Ən əvvəl də İsmayıl bəy Qaspıralının... Çünki bu gün dinlədiyim çıxışla İsmayıl bəyin 100 il əvvəl irəli sürdüyü fikirlər arasında güclü bir bağlantı, həssas bir irtibat hiss edirdim. Azərbaycan həm öz zəfərinin və ərazi bütövlüyünün təntənəsini bayram etməyə hazırlaşır, həm də 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsindədir. Bağlantını nə mənada hiss etdiyimi aydınlaşdırım. Türkoloji Qurultay türk xalqlarının bir-birinə yaxınlaşması üçün əlifba islahatını müzakirəyə çıxarmışdı. Latın əlifbasına keçid təmin olunmalıydı. Dünyanın iki böyük siyasət devi - Stalinlə Atatürk Bakıda üz-üzə gəlmişdilər. Lakin daha əvvəl, rus çarı Nikolayın zamanında rus missioner İlminskinin antitürk və antiislam ideologiyasından təsirlənib "Bədbəxtliyimizin səbəbi əlifbamızdır", - deyən ozamankı Azərbaycanın 5-ci kolonunu tənbeh edən İsmayıl bəy Qaspıralı yazırdı ki, "Elm və maarifin üstündən keçib altına erişməmək, adama böylə şeylər yazdırır... Əlifba güclüyü bir səbəb isə, 99 səbəb daha vardır... Radikallıq Avropada pək mötəbərdir və bizimkilər üçün dolab çevirməyə, dəyirman aylandırmağa (fırlatmağa) vasitədir". Qarşılığında isə qeyd etdiyi 99 səbəbdən birini də özü yoluna qoyurdu. Krımskinin təbirincə desək, "Hər kəs tərəfindən möhtərəm tutulan İsmayıl bəyin yaratdığı üsuli-cədid, az zaman içində bütün Volqa boyundan Sibir, Türküstan və Çin içərilərinə qədər yayıldı". Yəni İsmayıl bəyin yeni təhsil üsulu, üsuli-cədid hərəkatı elmi inkişaf etdirməklə Krımskinin dediyi kimi, Krımdan Uyğurstana, Bakıdan Təbrizə, Səmərqənddən Kazana qədər türklərin oyanışına vəsilə oldu. İndi yanaşı dalğalanan türk bayraqlarının təmsil etdiyi müstəqil türk dövlətlərinin hər biri İsmayıl bəyin cədid hərəkatına borcludur...
Proses isə davam edir...
3 noyabr 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
