Səlim Babullaoğlunun Türkiyədə yeni kitabı çap olunub

Səlim Babullaoğlunun “Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” /“Maskeli Adamların Marşı. İlyas Göçmen’in Fotoğraf Defteri” şeirlər kitabı İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü görüb.
Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır.
Bu, Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.
 
Səlim Babullaoğlu:
“Bu hadisədən məmnunam və “Ketebe” nəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula və Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı - fotoqraf İlyas Göçməni və şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm.
Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var.
Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub.
Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı.
Dünya şeir tarixində bir fotoya və ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur.
Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isə “Viziual poeziya” axşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu.
Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı.
Amma olmadı.
Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim.
Ümid edirəm, oxucusunu tapacaq...”
 
 
(Səlim Babullaoğlu İlyas Göçmənlə birlikdə. İstanbul)
 
Kitabın redaktoru Əli Oturaqlı yazır:
"Babullaoğlunun şeirində, həyatın adi halı sehrli bir şey olaraq ortaya çıxır. Bir simitçinin xəyalları, bir qazinin müharibədən sonrakı səssizliyi, “arxa küçə uşaqları”nın əzbəri pozan coşğusu, bir alma satıcısının torpağa olan sadiqliyi, hamısı bu şeirlərin qəhrəmanlarıdır. Şair o insanların zehninə girir, lakin onların içinə sızmaq üçün didaktik bir yol seçmir. Sadəcə zamanın kənarına ilişir, sadəcə o kadrdakı sükunətin nəbzini tutur. Buna görə bu kitabdakı hər fiqur, hər danışıq, hər daxili monoloq, eyni zamanda şeirin bir forma sınağıdır da. Sərbəst vəzn, qafiyəli misralar, vizual şeir, uşaq nağılının tərzi, ya da epik dillə hörülmüş marşlar…
“İlyas Göçmənin şəkil dəftəri”, sadəcə bir vizual-şeir çalışması deyil; eyni zamanda görmə biçimlərinə, yaddaşa, etik və estetik məsələyə dair əhatəli bir poetik təcrübədir. Şairin öz ifadəsiylə, bu 40 fotoşəkil ən az 40 imkandır; məkansal, duyğusal, zamansal, dil və metafizik müstəvilərdə açılan 40 ayrı şeir qapısı… Hər biri oxucunu həm xarici dünyaya, həm də öz daxili mənzərəsinə çağırır.
Bu kitabda fotoşəkillər danışmaz, amma şeir onları dilə gətirir. Şeirlər, nə sadəcə izah, nə də sadəcə müşayiətdir; hər biri özbaşına, müstəqil nəfəs alan, amma fotoşəkildən də ayrılmayan canlı orqanizmlərdir.
Bu kitab, bir fotoşəkil dəftərinin ötəsinə keçərək, modern şəhər insanının vizual yaddaşına, duyğusal qırılmalarına, etik sorğulamalarına şeirlə cavab verir. Şairin, zamanın içində unutduğumuz əşyaları, üzləri, jestləri, uşaqlıqları, müharibələri, sülhləri birər şeir süzgəcindən keçirərək yenidən qurması, kitabı sadəcə vizual bir arxiv deyil, poetik bir dirəniş mətninə çevirir.
Tərcümə müddətində və redaktə prosesində bu əsərin tərcüməçisi Ömər Küçükməhmətoğlu, hər zaman bizə dəstək oldu. Səlim Babullaoğlu, məhsuldar zəka və müdrik nəzakətiylə əlinizdəki kitabın son halına gəlməsində əhəmiyyətli töhfələr verdi. İlyas Göçmən isə 40 fotoşəkiliylə, necə ki şairimizə və tərcüməçimizə 40-dan çox perspektiv təqdim etmişsə, mənim də həyata qarşı olan perspektivimə 40-dan çox dərinlik əlavə etdi. Həmçinin bu şeirlərlə, türkcəmizdəki ortaq incəlikləri təkrar görmək, 40-dan çox qatın perspektivimə əlavə edilməsini nağılvari bir hala gətirdi. Çünki bu ortaq incəlikləri meydana gətirən bütün kəlmələr, rəhmətlik nənəmin mənə nağıl danışarkən istifadə etdiyi sözlər idi. İndi bu kitabın səhifələrini çevirməyə başladığınızda, yalnız şeirləri deyil, o fotoşəkillərin içindəki kadrxarici gerçəkliyi, hər sətrin arxasındakı etik sualı və hər şeirin içindəki görünməyəni də oxumağa hazır olun.
Çünki bu kitab, sadəcə baxmaqla qalmayanlar üçün yazıldı..."

(Səlim Babullaoğlu kitabın tərcüməçisi Ömər Küçükmehmetoğlu ilə, Bakı)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!