Türkiyədə Anar günləri...

 

Bu günlərdə, 14-17 oktyabr tarixlərində qardaş Türkiyənin iki şəhərində, Ankara və Əskişəhərdə - Qazi Universiteti və Anadolu Universitetlərində görkəmli Azərbaycan yazıçısı Anara həsr olunmuş silsilə tədbirlər keçirilib. "Azərbaycan ədəbiyyatının zirvəsi - Anar" adlı silsilə görüşlər Ankaranın Qazi Universitetində başlayıb. Universitetin tələbə, müəllim heyətinin, ədəbiyyat alimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan rektor, professor Uğur Ünal bu görüşün rəhbərlik etdiyi elm və tədris ocağı üçün əhəmiyyətini vurğulayıb:

"Azərbaycan ədəbiyyatının zirvəsi, böyük yazıçı Anarla görüşü aylardır ki, planlayır, gözləyirdik. Bu gün həm müəllim heyəti, həm də tələbələrimiz üçün çox əlamətdardır. Təkcə qardaş Azərbaycan və Türkiyədə deyil, bütün türk dünyasında ortaq dəyər sayılan görkəmli yazıçının bu gün bizlərə şərəf verməsi hamımızı sevindirir. Bu gün tələbələrimizin əlində Anar ustadımızın kitablarını görə bilərsiniz. Onlar bu görüşə yazıçının əsərlərini oxuyaraq, onun sözüylə tanış olaraq hazırlaşıblar".

Daha sonra Qazi Universiteti TÖMER (Türkiyə Öyrətim Mərkəzi) müdiri, professor Nəzir Temur da yazıçı ilə bu görüşü tarixi hadisə kimi dəyərləndirib: "Çağdaş zamanda türk dünyasının mədəni birliyi mövzusu daha da aktuallaşır. Biz hesab edirik ki, belə görüşlər, tədbirlər ortaq dəyərlərimizi gənclərimizə anlatmaq, tanıtmaq üçün çox vacibdir".

Rəsmi salamlama və çıxışlardan sonra Universitetin əməkdaşı, professor Mustafa Kurtun moderatorluğu ilə konfransda yazıçının həyat və yaradıcılıq yoluna dair məruzələr dinlənilib. Konfrans məruzəçiləri - "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, "Qobustan" dərgisinin baş redaktoru Pərvin Nurəliyeva Anarın yaradıcılığında əbədi, ədəbi dəyərlərdən bəhs ediblər.

 

Yazıçının tədqiqatçısı Pərvin Nurəliyeva məruzəsində Anarın türk dünyasına böyük sevgisini, sədaqətini, sayğısını təkcə tale işi deyil, həm də ailəsindən gələn ideya hesab etdiyini dilə gətirib: "Yazıçının ilk əsərlərinə nəzər salanda belə, onun özünə, ailəsindən gələn böyük dəyərlərə münasibətini görürük. İlk hekayələrindən olan "İki dəniz"dən üzü bəri, demək olar ki, bütün əsərlərində bu böyük yolun addımlarını aydın hiss etmək mümkündür. Hələ sovet dövründə "Kitabi-Dədə Qorqud" dastanı əsasında film ssenarisi yazan Anar müstəqillik illərində "Ağ qoç, qara qoç" romanı ilə türkün əbədi dəyərlərinə diqqət çəkir. Min səhifəlik "Yaşamaq haqqı" traktatı isə xalqın milli kimliyini anlatmaq yolunda misilsiz bir məxəzdir".

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan da "Anardan görünən Azərbaycan" adlı məruzəsi ilə yazıçının türkçülük məfkurəsinə verdiyi töhfələrdən söz açıb: "Utopik və antiutopik "Ağ qoç, qara qoç" povestində dörd Bakı vardır. Anar fars təmayüllü Behişti-Badi Kubənin timsalında məzhəb boğanağına giriftar olmuş Bakıdan imtina edir. O, Maratın timsalında türk varlığını "yaxıb kül edən" bolşevik-rus Bakısından - Bakı kommunasından da imtina edir. Baku Sitin timsalında geylərin seksual seyrəngahına çevrilmiş ingilis Bakısından imtina edir. Bütün bunlara rəğmən, Anar türk Bakısını təklif edir. Böyük Turanın mənəvi mədəniyyət mərkəzi olaraq Bakının baş planını təqdim edir. Onun fikrincə, Birləşmiş Azərbaycan Respublikasının Bakı şəhəri  türk tarixinin xülasəsi şəklində qurula bilərdi. Burada Mahmud Kaşğari Türk Dünyası Araşdırmalar Mərkəzi, Dinlər meydanında "Əhməd Yəsəvi məscidi, onun yanında xristian qaqauzlar üçün tikdirilmiş kiçik kilsə - sovmiyyə... yəhudi Qəraimlərin sinaqoqu... Budda məbədi və Yakutların şaman otağı yerləşir..." Manas idman kompleksi də, iyirmi müstəqil və muxtar türk respublikasının səfirlikləri də, Turan oteli, Ərgənəkon sarayı da, Türk muzeyi, Ziya Gökalp ocağı, Sultanqaliyev klubu da buradadır. Üç Orxon kitabəsinin on dəfə böyüdülmüş daş kopiyaları da Bakıdakı meydanlardan birindədir. Anara görə, bütün bunlar Birləşmiş Azərbaycanda harmoniyanın, ahəngin davamlılığı və əbədi olması üçün ən tutarlı ideyadır".

"Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar yazıçının son illərdə yazdığı əsərlərə diqqət çəkib: "Ustadımız Anarın hələlik ən son qələmə aldığı "Qatardan qalan adam" hekayəsi onun zamanı necə hiss etməsi və bütün zəmanələrdə insanı həssaslıqla duymasını göstərir. Maddi cəhətdən çox zəngin, hər cür imkanları və əlaqələri olan qəhrəman bir anda heçliyə yuvarlanır. Bu, təkcə həyatın faniliyini göstərmək üçün deyil, həm də müasir dünyanın - texnika əsrinin insan faktorunu heçə endirdiyini göstərmək üçündür. Bir anda siqaret almağa enən və qatarı qaçıran insan mobil telefonu, kredit kartları qatarda qaldığı üçün bütün milyonlarına, imkanlarına baxmayaraq heç kimə çevrilir... Anarın yaradıcılığı boyu yaşadığı zamanı necə hiss etməsini və hətta onu ötüb keçməsini hiss edə bilərik. Bu hekayədə dediyim ideyanın bariz nümunəsidir".

Panelin moderatoru, professor Mustafa Kurt məruzələri şərh edərək çıxışçılara təşəkkürünü bildirib, yazıçının Türkiyədə şöhrət tapmış ayrı-ayrı əsərləri haqqında fikirlərini bölüşüb. Panel ədəbi müzakirələr, polemikalarla davam edib.

Tədbirin sonunda yazıçı təşkilatçılara və çıxış edənlərə öz təşəkkürlərini bildirib: "Türkiyəyə hər gəlişim mənim üçün bayramdır. Amma belə ortamlarda olmaq və gördüyüm işlərə verilən dəyəri görmək məni riqqətləndirir. Mən yalnız təşəkkür edə bilərəm və burda çıxışları dinlədikcə onu da düşündüm ki, nə qədər təvazökarlıqdan uzaq olsa da, bir etirafı etməliyəm. Dünyada bir çox yazıçılar var ki, öz xalqını başqa millətlərə tanıdıb. Mən onlara böyük sayğı ilə yanaşıram və gördükləri işin misilsiz olduğunu bilirəm. Amma mənim ömrüm boyu məqsədim xalqımın özünü-özünə tanıtmaq olub. Bu gün sizlərin sayəsində bunu bir daha anladım".

Sonda Qazi Universitetinin təşəkkür bəlgələri və milli suvenirlər iştirakçılara təqdim olunub. Yazıçı gənclər üçün kitablarını imzalayıb, xatirə şəkilləri çəkdirib.

Daha sonra, Türkiyənin Avrasiya Yazarlar Birliyində yazıçı Anarla görüş keçirilib. Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzman yazıçının Bengü yayınlarından çıxan kitabları və burada keçirilən görüşlərini yada salıb. Şair Əli Akbaşın, tənqidçi Osman Çeviksoyun iştirak etdiyi görüşdə Anara Birliyin idarə heyətinin qərarı ilə "Türk dünyasına xidmət" medalı təqdim edilib. Bu yüksək dəyər üçün təşəkkürlərini bildirən yazıçı Anar Avrasiya Yazarlar Birliyinin ümumtürk ədəbiyyatlarının tanıdılması üçün gördüyü işləri yüksək qiymətləndirdiyini, Azərbaycanda mərhum Yaqub Öməroğlunun hər zaman sayğı ilə anıldığını dilə gətirib.

Növbəti gün, oktyabrın 16-da Əskişəhər Anadolu Universiteti Filologiya fakültəsində yazıçı ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Fuad Güllüpınar qonaqları salamlayıb: "Türk dünyasının çeşidli bölgələrində tanınan, sevilən və əsərləri əl-əl gəzən böyük Ustadımız Anarı universitetimizdə görməkdən məmnunuq. Yazdığı böyük əsərləri və mücadiləsi ilə türk mədəniyyətinə verdiyi töhfələri saymaqla bitirmək olmaz. Nəsil-nəsil oxucuların, yeni gələn nəsillərin Anardan öyrənə biləcəyi məsələlər saysız-hesabsızdır. Bugünkü tədbirimizdə tələbələrimizə də söz verəcəyik, onlar yazıçının əsərlərini oxuyublar, fikirlərini bölüşmək istəyirlər. Ona görə mən çox danışıb zaman almaq istəmirəm. Amma sevimli yazıçım haqqında saatlarla danışsam, yenə azdır".

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan Anarın təkcə bədii yaradıcılığı ilə deyil, həm esseləri və publisistikası ilə ümumtürk mədəniyyətini təbliğ etdiyini dilə gətirib: "Anar ikicildlik "Min beş yüz ilin oğuz şeiri antologiyası"nı yaradıb.  "Şeir də tarixdir... yaddaşlarda "poetik əksini tapmış bir tarix yazısıdır. Ümumi şeir tariximizi təkqanadlı, təkqollu göstərmək onu şikəst şəkildə təqdim etməkdir", deyən Anarın bu kitabı Azərbaycanda min beş yüz ilin oğuz şeiri barədə - Orxon-Yenisey yazılarından, Dədə Qorquddan üzü bəri - Qaqauzdan Altaylara, Təbrizdən Axıska türklərinə, Qüzey Kıbrısdan Balkanlardakı türk yurdlarına qədər, Kərkükdən İstanbulacan poetik düşüncəmizin nəsil ağacını - şəcərəsini tərtib edib, əqrəba şeirimizin ulularını və vərəsələrini Oğuz ocağının başına toplayıb. Və bunu, nə yaxşı ki, ənənəvi şeir antologiyası yaratmaq üçün deyil, ortaq türk mədəniyyətinin elə ortaq, vahid varlığını ifadə etmək, xatırlatmaq üçün gerçəkləşdirib. Elə buradaca, türk ədəbiyyat professorlarının iştirak etdiyi bu tədbirdə cəsarətlə söyləmək istəyirəm ki, Türkiyədə bunun analojisi olan kitab hələ yaradılmayıb və mən çox istərdim ki, o ikicildlik çox qapsamlı kitab başqa türk dövlətlərində də nəşr olunsun".

 

"Qobustan" dərgisinin baş redaktoru Pərvin Nurəliyeva çıxışını tələbələrə ünvanladığı sualla başlayıb: "Əziz dostlar, mən Azərbaycanda universitet müəllimiyəm, bu gün burada gəncləri görüb istəkli tələbələrimi xatırladım. Ona görə çıxışıma da onlara müraciətlə başlayıb soruşmaq istəyirəm: Siz yasaq eşq nədir, bilirsinizmi?"

Gənclərin alqışlarla cavablandırdığı sualdan sonra Pərvin Anarın sovet dövrünə təsadüf edən uşaqlıq və gənclik illərinin "Yasaq eşq"i Türkiyə olduğunu söyləyib: "Bir uşaq düşünün, anası laylalar əvəzinə ona türk şeirləri oxuyur, atasının gizli-gizli türk radiosunu dinlədiyini görür, ailə üzvlərinin - dayısının, onun ailəsinin Türkiyədə yaşadığını bilir. Anasının qəmli şeirlərindən bu həsrəti duyur. Heç şübhəsiz, Türkiyə sevgisi onun ailəsindən gələn ənənədir. Amma sovet dövründə yasaq olan bu sevda müstəqillik illərində də azalmadı, əksinə, artdı və yazıçının müxtəlif əsərləri, fəaliyyətləri vasitəsilə yeni-yeni ifadə formalarını tapdı".

Daha sonra, "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru İmdat Avşar və dərginin işlər müdiri, tərcüməçi Səadət Örməçi yazıçını müsahibəyə dəvət ediblər. Tələbələrin və tədbir iştirakçılarının qatıldığı söhbətdə yazıçı ona ünvanlanan müxtəlif sualları cavablandırıb. Müsahibədən öncə, həm İmdat Avşar, həm də Səadət Örməçi belə görüşlərin tarixi əhəmiyyətini vurğulayıblar.

 

Səadət Örməçi - hələ sovet dövründən ailənizin türk ədəbiyyatına münasibətini necə görürdünüz? - sualı ilə yazıçını uşaqlığına, gənclik illərini yada salmağa dəvət edib.

"Mənim valideynlərim - Rəsul Rza və Nigar xanım Rəfibəyli təhsil alanda türk ədəbiyyatı, xüsusən, şeiri orta məktəblərdə tədris olunurdu. Ona görə də onlar türk şeirini əzbər bilirdilər. Uşaqlığımdan Əhməd Haşımı, Tofiq Fikrəti eşidirdim anamın dilindən. Sonrakı illərdə isə bizim Türk sevgimizin ən böyük simvolu Nazim Hikmət oldu. Dəfələrlə evimizdə olurdu, ailəmizlə dostluq edirdi. Və mən bunu yazmışam ki, Nazim Hikmət o zamanlarda bizim gözümüzdə bir kommunist deyildi, türk dilinin, ədəbiyyatının, mədəniyyətinin ən gözəl nümayəndəsi idi..."

İmdat Avşarın Anarın 90-cı illərdə Türkiyədə çalışması ilə bağlı sualına yazıçı kövrək cavab verib: "Bilirsiz, o çox çətin bir dönəm idi. Azərbaycan böyük itkilərlə üz-üzə idi. Mən burada Memar Sinan Universitetində çalışdım və həmin dövrü "Otel otağı" əsərimdə yazmışam. Ümumiyyətlə, o çətin 90-cı illərdə xalqımın keçdiyi günlər hər birimiz üçün kədərlidir. Amma Türk şahinlərinin Bakı səmasında dövrə vurmasını heç unutmuram. Onda başa düşdüm ki, biz tək deyilik. Və zamanla bu böyük mənəvi birliyimizlə dərdlərimizi də həll etdik, torpaqlarımızı da qaytardıq".

Tədbir Anarın əsərlərini oxuyan tələbələrin sualları, fikirləri ilə davam edib. Sonda yazıçı gənclər üçün kitab imzalayıb, xatirə şəkilləri çəkdirib. Həmçinin fakültə rəhbərliyi Türk bayrağı əks olunmuş milli suveniri yazıçıya təqdim edib.

 

Pərvin


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!