Elnarə AKİMOVA
Böyük Zəfəri bizə qazandıran 44 günlük müharibənin başlandığı nöqtədir 27 sentyabr. Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçıdan təmizlənən Vətən torpağı! Xəyallarımızın gerçəkləşdiyi möhtəşəm 2020-ci il! Bu bir il ərzində bizə "yuxu əhvalı" kimi görünən zəfər müjdəmizin bəlkə də ən ağlasığmaz tərəfi budur: 30 ilin həsrət alovunun 44 gün məcrasında bitməsi... Amma nəzərə alanda ki, bura gətirən yolun məfkurə mücadilələri, ideoloji savaşları zaman-zaman Ali Baş Komandan İlham Əliyevin dövləti təfəkkür, siyasi səriştə və intellekt miqyasının gücü sayəsində daim diri qalmışdı, fəhm etmək o qədər də çətin olmaz. 27 sentyabr başlanğıc üçün bir an idi. O anın gəlişini gerçəkləşdirən əməllər sırası var tarixdə və yüzillər keçsə də, tarix hər zaman bu gerçəklərin üslubunda danışacaq bizimlə. Hansı gerçəklər?
İlham Əliyevin 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirməsi, Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurması, 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili" elan etməsi onun beynəlxalq siyasi platformasının mükəmməl humanitar təməlləri kimi böyük əməl cizgiləri kəsb eləyir. Qələbəmizin genetik kodlarını daşıyan bu sıranı istənilən qədər artırmaq olar. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarının ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, böyük ideoloq, bayrağımızdakı triadanın müəllifi Əli bəy Hüseynzadənin ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi də həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlardır. Ümummilli lider Heydər Əliyevin varisi olaraq bir mühüm qaydanı dərindən bilirdi İlham Əliyev: millət öz istiqlalını qoruduğu müddətdə içindəki hürr duyğusu sönmür. Buna görə nə qədər gərəkli idi bu fərmanlara imza atmaq! Xalqa istiqlal təlimi ilə aşılanan yurd sevgisini ötürüb lazımi anda onu milli varlığımızın xilası hərəkatında orduya çevirmək!
***
Milli-xroniki və tarixi anomaliyaya çevrilmiş erməni məkrinin klassik modeli bu illər ərzində heç dəyişmədi. Son yüz ildə dəfələrlə qabaran bu məkrin fəsadları - ardınca gətirdiyi bəlalar, qan və göz yaşları aramsız oldu. Həm də ona görə oldu ki, yaddaşdan nəticə çıxara bilmədik. Əsrin sonunda yenə eyni ssenari, eyni təcavüz və işğal prosesləri. 30 ilə yaxın aciz bir durumda buraxılıb gözləmə mövqeyi seçməyə məhkum edilmiş bizlər! Əvəzində, dəfələrlə pozulan atəşkəs, öldürülən uşaqlar, əsgərlər, dağıdılan yurd yerləri! Hələ ikinci Qarabağ savaşı başlamamışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın "Rəsulzadənin nasistlərlə əməkdaşlığı olub" kimi əsassız ittihamlarla çıxışı, Tovuz hadisələri bizim üçün səbrin sonu, onlar üçün sonun başlanğıcı oldu.
***
44 günlük savaş bütün mənalarda Vətən müharibəsi oldu. Millət kükrəyən emosiyası, əsgərlər fədai ruhu, Ali Baş Komandan səriştə və diplomatik əzmi ilə meydanda idi. Ölkədəki siyasi partiyalar da bu ali məram ətrafında ilk dəfə idi ki, birləşmişdi. M.Ə.Rəsulzadənin müstəqilliklə bağlı təmsil etdiyi siyasi təmayülə münasibətdə həssaslıqla bildirdiyi belə bir fikri var: "Azərbaycan dövri-istiqlalına bolşeviklər müsavat dövrü deyirlər. Fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir".
Bəli, 44 günlük müharibə də bizim üçün ayrılıqda hansısa partiyanın deyil, onların birgəliyinin gücündən hasilə gələn Azərbaycan dövrüdür. Yalnız ölkə daxilində deyildi bu birlik. Bütün türk dünyası bu savaşda yanımızda idi. Bu qələbə türk milli şüurunun qələbəsi idi. İlham Əliyev Müzəffər orduya ancaq qələbə sonucunu simvolizə edən bir hökmü bəyan edib onu irəli ruhlandırmışdı: "Qarabağ Azərbaycandır!" Bu hökmdən sonra nidanı əsgər qoymalı idi. Qoydu da.
***
Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar. Azər Turanın "Salam türkün bayrağına və yaxud dağılan erməni mifi" məqaləsində oxuyuruq: "2020-ci ilin sentyabrında başlayan Vətən müharibəmizi ümumtürk tarixinin yalnız dörd məşhur savaşı ilə qiyaslandırmaq mümkündür. Səlcuqlu imperatoru Alparslanın zəfərlə sonuclandırdığı Malazgirt savaşından sonra türk tarixinin yeni dövrü başladı. Elmdə də belə qəbul olunub - 1071-ci il yeni türk erasının başlanğıcıdır. Sonra Fateh. Yəni 1453-cü ildə İstanbulun fəthi və Orta əsrlərin sonu. Sonra 1915-ci il Çanaqqala savaşı. Sonra 1922-ci il. Sakarya müharibəsi. Və nəhayət, 2020-ci il. Qarabağda Azərbaycanın Vətən müharibəsi. Bu mənada, İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür".
Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi vətən vardır" deyən Atatürk kimi, İlham Əliyev də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" dedi".
***
1918-ci ildə qazandığı müstəqilliyini qoruya bilməyən Azərbaycan neçə onillikdən sonra yenidən istiqlalına qovuşdu, Azərbaycan beynəlxalq arenada tanındı, rəhbəri dünya liderləri ilə bir araya gəldi. 30 il əvvəl torpaqlarını itirən Azərbaycan beş il əvvəl, 44 günlük müharibə ilə ərazi bütövlüyünü, iki il əvvəl isə birgünlük antiterror əməliyyatları nəticəsində suverenliyini bərpa etdi. Bütün bu qələbələr ilk növbədə, bütövlük amalına sadiqliklə, bütün təzahürlərində bu amala sadiq qalmaqla qazanıldı. Diqqət etsək görərik ki, Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirmişdir. Onun yolunu ləyaqətlə davam etdirən İlham Əliyev də energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə həmin idealı tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu. Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu yolların üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu, artıq öz tarixinin və taleyinin sahibi olan ölkə liderinin açdığı meydan savaşıdır. Türkün böyük şairlərindən olan Niyazi Yıldırım Gənçosmanoğlu demiş, "dövlət mənim, ordu mənim, yurd mənim"!
Bu fərqli rakurslarla, cəsarət və düşüncə dalğası ilə yeni siyasi və milli-mənəvi arxitekturanın əsası qoyulacağı mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!