Sentabrın 12-si Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın böyük ədibi, dramaturq şairi Hüseyn Cavidin qızı Turan Cavidin anım günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova açaraq milli kimliyimizin qoruyucusu, Hüseyn Cavidin Ev Muzeyinin yaradıcısı Turan Caviddən bəhs etdi. Daha sonra sözü ədibin qızını yaxından tanıyan, tanınmış ədəbiyyatşünas, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana verdi. Turan Cavid haqqında öz kövrək xatirələrini bölüşən Azər Turan onun həyatının böyük bir fədakarlıq nümunəsi olduğunu bildirdi. Turan xanımın Cavidlər irsinə, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi dəyərli töhfələrdən, ömrünü atasının irsinə həsr etməyindən, Cavidlər irsini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün çəkdiyi əziyyətlərdən bəhs etdi. Sonda ekspozisiya zallarını gəzən tənqidçi bəzi eksponatlar haqqında da xatirələrini muzeyin əməkdaşları ilə bölüşdü.
Sonda tədbirin qonaqları Azər Turan, Bəhruz Kəngərli muzeyinin direktoru Səbinə Əlincəli, AMEA Naxçıvan bölməsi, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu Məmmədov ilə birlikdə Turan Cavidin əziz xatərəsinə həsr edilmiş sərgiyə baxış keçirildi və xatirə şəkli çəkdirildi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!