Gidenlerden kalan şey; Duvarlarda resimler, Mezarlarda isimler... - Azər TURAN

Professor İbrahim Yıldırım dünyasını dəyişdi...

Azər TURAN

 

Səhərə yaxın, saat 5 radələrində telefonum zəng çaldı. Dostum Mahir Alıyev idi. "Başımız sağ olsun. İbrahim Yıldırım yoxdur artıq", deyib susdu...

 

Geçti, geçti mevsimler...

Süpürüldü takvimler.

Gidenlerden kalan şey;

Duvarlarda resimler,

Mezarlarda isimler...

 

Nəcib Fazilin şeiri yaddaşımda dünyanın ən hüznlü musiqisi kimi səslənir: "Gidenlerden kalan şey; / Duvarlarda resimler, Mezarlarda isimler..." Hər şey Nəcib Fazilin dediyi kimidir...

İbrahim Yıldırımın albomumdakı şəkillərinə baxıram. 2008-də Atatürk Mərkəzində "Xalid Səid Xocayev" kitabımın təqdimatında çəkilib. Cavad Heyət yox, Qənirə Paşayeva yox, Zəlimxan Yaqub yox. İbrahim Yıldırım yox... O sırada əyləşənlərin arasında bircə mən varam...

Şəklə baxıram...

Ankarada XXI Yüzil İnstitutunda Ümid Özdağ Əli bəy Hüseynzadə ilə bağlı tədbir keçirirdi. Qənirə Paşayeva mənə dedi ki, sən İstanbula get. İbrahim bəylə Feyzavər xanım səni orda gözləyəcəklər. Ankaraya bir yerdə gələrsiniz. İstanbula getdim. Ankaraya ordan gəldik... Taqor küçəsindəki oteldə yerləşdik... Bir yerdə XXI Yüzil İnstitutunda keçirilən konfransa qatıldıq. Dediyim kimi, söhbət Əli bəy Hüseynzadədən getsə də, İbrahim bəy bütün hallarda videogörüntülərin müşayiəti ilə etdiyi çıxışlarında diqqəti öz üzərinə cəmləyər və mütləq Qarabağ və Qərbi Azərbaycan həqiqətləri barədə danışardı. Hər iki tərəf onu özününkü bilirdi. Bu mənada, İbrahim Yıldırım Türkiyədə Azərbaycana çox lazım idi. Yeri çox görünəcək...

Şəklə baxıram. Zəlimxan Yaqub kitabımı vərəqləyir. İbrahim bəy isə nə barədəsə fikirləşir. 2008-ci il mayın 18-də "Zəlimxangilə gedək", dedi. Getdik. Həmin axşam Zəlimxan Yaqub evində İbrahim bəyin şərəfinə ziyafət verdi... 

Şəkildə Cavad Heyət də var. O da kitaba baxır...

Turan Cavidin yas yerində Cavad Heyət də var idi, İbrahim Yıldırım da. Bu arada Cavad Heyətin telefonuna zəng gəldi. Qızı idi. Telefonda fars dilində danışdılar. Hədsiz kübar olan İbrahim Yıldırım heç gözləmədən dərhal bunu Cavad Heyətə irad tutdu: "Türkcənin böyüklüyünü aləmə car çəkirsiniz, amma öz doğma qızınızla farsca konuşursunuz", dedi.

Gidenlerden kalan şey; Duvarlarda resimler, Mezarlarda isimler...

İbrahim bəylə ilk görüşümüzü xatırladım. Zəng vurub özünü təqdim etmiş, mütləq görüşməli olduğumuzu demişdi. Bunu o qədər təvazö ilə demişdi ki, İbrahim bəyin gənc biri olduğunu zənn etmişdim. Amma deyəndə ki, İstanbul Universitetində bölüm başkanıdır, tibb professorudur, doğrusu, çaşıb qalmış və dərhal görüşünə tələsmişdim. "Ambassador" oteldə qalırdı. Görüşdük. Elə birbaşa söhbətə başladı. Seyid Nigaridən, Əli bəy Hüseynzadədən, Hüseyn Caviddən, bir də Türkiyədə yurd salmış Azərbaycan cümhuriyyətinin yaradıcılarından danışdıq.

Özü də Azərbaycan kökənlidir. Sarılar adıyla məşhur olan ata tərəfi Dağ Kəsəməndən idi. Əvvəlcə Qarabağa, ordan da Zəngəzura köç etmişdilər. İbrahim bəyin ensiklopedik yaddaşı vardı. Heyrət etməmək mümkün deyildi. Yurd yeri kimi, Göyçə gölünün şimalında yerləşən "Darlıq dərəsi" barədə danışırdı. Çaykənd, Gölkənd, Əmirxeyir, Bəriabad, Qaraqaya, Yanıq Pəyə, Toğulca, Çəmbərək, Cıvıxlı, Göyərçinli - Salah, Poladlı, Meşəkənd adlarını İbrahim Yıldırımdan dönə-dönə eşitmişdim. Məndə belə bir inam vardı ki, İbrahim Yıldırım Azərbaycan tarixi ilə bağlı hər şeyi bilir... Qərbi Azərbaycanla bağlı bilmədiklərimizin hamısını.... Köç yollarımızı, elat yerlərimizi, etnoqrafiyanı, mühacirlərimizin tarixini...

Dövrünün görkəmli cərrahı, Londondan İstanbula qədər məşhur olan və Türkiyədə doğulmuş İbrahim Yıldırım danışanda bilmək olmurdu, o azərbaycanlı bir linqvistdir, yoxsa etnoqraf? Azərbaycan sevgisi böyük olduğu kimi, Azərbaycan qarşısında xidmətləri də çox idi. Azərbaycana ilk dəfə hələ sovetlər dönəmində gəlmişdi. Burda Türkiyə-Azərbaycan səhiyyə konqresi keçirilməsində yaxından iştirak etmişdi. Müstəqilliyimizin ilk illərində Türkiyədə tibb təhsili alan azərbaycanlı tələbələr onu yaxşı xatırlayır. İndi o tələbələrin çoxu tibb professorudur. Həmin tələbələri seçmək üçün İstanbul Universiteti Azərbaycana İbrahim bəyi göndərmişdi. İbrahim bəy yüzlərlə tələbənin Türkiyənin ali məktəblərində yüksək səviyyəli tibb təhsili almasını təşkil etmişdi. Nadir adamlardan idi ki, onu, demək olar ki, hamı sevir və əzizləyirdi.

Bunu isə o illərdə Azərbaycanın səhiyyə naziri işləmiş professor Rahim Hüseynov deyib mənə: Birinci Qarabağ savaşının ən ağır vaxtlarında İbrahim Yıldırımın başçılıq etdiyi cərrahlar qrupu Bakıda Semaşko xəstəxanasında təmənnasız olaraq, 300-ə yaxın hərbçimizim üzərində cərrahiyyə əməliyyatı gerçəkləşdirmişdi.

İbrahim bəy böyük tibb alimi idi. Plastik və rekonstruktiv cərrahiyə üzrə dünyada tanınan bir həkim idi; İstanbul Universitetinin professoru idi.

Sonradan dostluğa çevrilmiş münasibətlərimizin təməlində ikimizin də Cavid və Hüseynzadə sevdalısı olmağımız dayanırdı.

Azərbaycandan Amasiyaya yayılmış türk kültürü və Türkiyədə yayılan şirvanlılar amili, XX yüzilin əvvəllərində İstanbul Universitetini bitirmiş azərbaycanlılar onun təkcə şəxsi deyil, elmi, bəlkə də daha çox milli maraq dairəsindəydi. İbrahim bəyin Azərbaycan mühacirlərinin həyatı ilə bağlı bilmədiyi heç nə yox idi. Bir də Mir Həmzə Seyid Nigarini əzbər bilirdi. Ozü də oxuyub öyrənməmişdi; təlqin yolu ilə öyrənmişdi.

Söz vaxtına çəkər, 2004-cü ilin sentyabrında Turan Cavidin yas yerinə, dediyim kimi, Cavad Heyətlə birgə gəlmişdi. Bu şəkil də o günün xatirəsidir. Turan Cavidin evindəyik. Cavad Heyət, İbrahim Yıldırım və mən...

"Xalid Səid Xocayev" kitabımın təqdimatı günü Atatürk Mərkəzindəki çıxışı həyatıma, bəlkə də taleyimə ayrıca bir rəng qatdı. Dedi ki, Azər bəyin türk ədəbiyyatı ilə bağlı bu qədər araşdırmaları var, əcəba, biz özümüzə sual veririkmi, Azər Turan İstanbulda olub, yoxsa yox? Yox, olmayıb. Odur ki, onu ilk dəfə İstanbula aparmaq indi mənim öhdəmə düşür. Bu gecə İstanbula qayıdıram və Azər bəyi də, razılıq verərsə, özümlə aparıram... Elə həmin gün İstanbula getdik. Təyyarədə yerlərimiz VİP salondaydı, özü də yanaşıydı. Yolboyu söhbətlərimizdən anladım ki, İbrahim bəy həm də Ənvər Paşanın, Nazim Hikmətin heyranıdır. Mən ona Sürəyya Şövkət Aydəmirin "Ənvər paşa" kitabından danışırdım. O isə xəfifcə dedi ki, mən Aydəmirin həkimi olmuşam... Aydəmir barədə qısa xatirələrini bölüşdü.

Röyalarımın şəhərinə - İstanbula gecədən keçmiş çatdıq. "Sənə gözəl bir oteldə yer ayarlamışam. Ora gedirik". Maşın bizi Saffatlı Paşa caddəsində yerləşən "Best Nobel" otelinə gətirincə, Sultan Əhməd Camesi öz zərifliyi, Aya Sofya məbədi öz ehtişamı ilə gözlərimi qamaşdırdı... Otelin yerləşdiyi küçə sanki rəngarəng, rəngbərəng bir aləm idi və beləsini ilk dəfəydi ki, görürdüm. Nargilə və qəhvə ətirli küçə. İbrahim bəy, "Gedib dincəl, yarın gəzərik, səni Nazim Hikmətin Gülhanə parkına da aparacam", dedi.

Ertəsi gün gəldi. Bir yerdə Ayasofiyaya, Sultan Əhmədə, Topqapı sarayına, Gülhanə parkına getdik. Sonra İstanbul Universitetinin Bəyazid meydanında yerləşən Mərkəz Binasına. İbrahim bəyi tanıyanlar bilir, ərkinin hüdudu yox idi. Muzey mislində olan Mərkəz Binanı gəzirdik. Qəfil, üstünə "rektor" sözü yazılmış salona tərəf döndü. Ardıyca getməyə tərəddüd etdim. O isə, "mən bu odaya sənə görə gəldim", - deyib rektorun otağına daxil oldu.

- Bura Ənvər Paşanın odasıdır...

...Donub qalmışdım. İbrahim Yıldırım danışırdı:

- Burada heç nəyə toxunulmayıb. Gördüyün hər şey Ənvərin vaxtında necəydisə, elədir, - dedi.

Möcüzə bir dünyanın müsafiriydim. Ənvər Paşa Türkiyənin Hərbi Naziri olanda bu naxışlı, süslü, bəzəkli, şəbəkəli romantik otaqda otururmuş. Kürsü Ənvərin kürsüsüdür. Masa Ənvər Paşanın masasıdır... İbrahim Yıldırım bu tarixi otaqda şəklimi çəkməyi də unutmadı. Ənvər Paşanın (bu gün rektorun) otağı ilə üzbəüz dəhlizin o biri tərəfində rəsm qalereyasının önündə Səlim Turanın ayaqüstə çəkilmiş iri, adamboyu bir şəkli vardı. İbrahim bəy dedi ki, Şahiqa xanım Səlim bəyin 223 tablosunu və Səlimə məxsus olan əşyaları İstanbul Universitetinə bağışlayıb...

İstanbulda 1 həftə qaldım. Və İbrahim bəy hər gün mənimlə ilgiləndi. Gülhanədə gəzdik. Hüseyn Cavidin tələbəlik illərində qaldığı, Köşəmsultanın tikdirdiyi binanı göstərdi mənə. Qapalı çarşıya gəldik. Burdakı qızıl dükanlarında Azərbaycan mühacirlərinin - (ikinci mühacirətin) övladları zərgərlik məmulatları satır. Onlardan birinin - əslən daşkəsənli Muradın dükanında bir az dincəldik, Murad bəy bizə çay ikram etdi. İbrahim bəy Azərbaycan Cümhuriyyətinin sonuncu Daxili İşlər Naziri, sonralar mühacir həyatı yaşamış Mustafa Vəkilovun nəslindən idi.

Həmin günlərin birində, İbrahim bəylə və Bakıdan bir yerdə gəldiyimiz, xətrini İbrahim bəyin övlad qədər istədiyi Xasayla birgə hava alanına gəldik. Londondan müalicədən qayıdan Bəhruz həkimi və onun həyat yoldaşı Gülşən xanımı qarşıladıq. Axşam İbrahim bəygilə gəldik.

İbrahim Yıldırımın evi İstanbulun Ləvənt səmtindədir. Yaraşıqlı, gözəl və əzəmətli bir evi var. Bizi İbrahim bəyin ömür-gün yoldaşı Fügen xanım qarşıladı... Fügen Molla Vəli Vidadinin kötükcəsidir. Türkiyəli tarixçi Veli Orkunun qızıdır...

Həftənin sonunda məni öz maşını ilə hava limanına gətirib yola saldı...

İbrahim Yıldırım yaddaşımda işıq daşıyan bir varlıq kimi qalacaq. Sevib-sevindirməyi bacaran nadir insanlardan biriydi. Həm də ədalətli adam idi. Feyzavər Alpsarla mənim aramda dərin bağlantı qurmuşdu və heç kəs bu bağlantıya müdaxilə edə bilmirdi.

2008-ci ilin 4 noyabrında - yağışlı bir gündə zəng vurdu mənə. Bakıdaydı. Mənə çatası əmanətlər gətirdiyini dedi. Görüşdük. Amma nə gətirdiyini demirdi. Həmin gün ayrılarkən mənə misilsiz töhfələri çatdırdı. Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar mənə bir məktub yazmış, özünün çəkdiyi "Evrende şahmeran" tablosunu rəsmin arxasına avtoqraf sözlər yazaraq mənə göndərmişdi. O nadir şəkil elə o vaxtdan evimin divarındadır. İşıqlı bir Şahməran. İndi İbrahim bəy barədə yazdıqca Feyzavər Alpsarın çəkdiyi həmin "Evrendə Şahməran" əsərinə baxıram. O, mənə Feyzavərin və İbrahim bəyin yadigarıdır.

İnsanlar barədə yalnız yaxşını danışardı. Qeybət etməzdi. Onunla söhbət əsnasında kiminsə barəsində xoş olmayan söz söyləmək, sadəcə, mümkün deyildi...

Bunu gündəliyimdən köçürürəm. "5 noyabr 2008. Slavyan Universitetindən Etimad Başkeçid zəng vurdu: Burada Hüseyn Cavidlə bağlı tədbir keçirilir və Türkiyədən gəlmiş prof. İbrahim Yıldırım sənsiz bu tədbirə qatılmaq istəmədiyini bildirir. Təcili gəl". İbrahim Yıldırım istisnasız olaraq hamıya münasibətdə beləydi.

İbrahim bəy dərin ədəbiyyat bilgisinə sahib idi. Hüseyn Cavidi elə dərindən bilirdi ki, 2010-cu ildə çapdan çıxmış "Cavidnamə" kitabımın rəyçisi olmuşdu. Seyid Nigari barədə "Ədəbiyyat qəzeti" üçün məqalə yazmasını istəmişdim. O, sadəcə, Seyid Nigari demirdi. Nigarini "Məndəki Seyid Nigari" adlandırırdı. 

İstanbula yolum düşəndə mütləq əvvəlcədən İbrahim Yıldırıma xəbər edərdim. Bir dəfə onunla bir yerdə Feyzavər xanımın Şişlidəki evinə gəldik və mənim xahişimlə bizi - Feyzavər xanımla məni Qaracaəhməd məzarlığına - Əli bəy Hüseynzadənin ziyarətinə apardı. Feyzavər xanımla ikimizin çoxlu şəkillərimizi çəkdi. Geri dönərkən, maşını birbaşa Ləvənddəki möhtəşəm evlərinə sürdü. Və həmin gün Feyzavər xanım üçün də, mənim üçün də unudulmaz bir gün oldu.

İbrahim bəy Bakıya tez-tez gələrdi. 2010-cu ilin avqustunda elektron poçtuma məktub yazdı. Oktyabr ayında Bakıda olub-olmayacağımı soruşurdu. Gələcəyini yazmışdı. Mən də cavab yazdım ki, kaş ki sentyabrda gələydiniz. "Niyə"sini soruşdu. Qızımın düyünü olacağını dedim... Toydan bir gün əvvəl şəhərdə, bulvar səmtindəydim. "Hilton" otel tərəflərdə. Mahir Alıyevi gördüm. Sən demə, o da məni görüb, maşını saxlayıb. Elə uzaqdan gileyləndi: "İbrahim bəy İstanbuldan toya gəlib, bizim burdan-bura xəbərimiz yoxdur", dedi. İbrahim bəy maşındaydı. Görüşdük. Ertəsi gün toyda ürək sözlərini söylədi. Dedi ki, mən öz toyumda "Birinizin xatirinə hamınıza qurban mən olum" mahnısına oynamışam. Bu gün də o mahnıya oynamaq istəyirəm". Qollarını qaldırıb toya unudulmaz bir rəng qatdı.

Uşaq kimi sadə, genişqəlbli İbrahim Yıldırım Türkiyədə Əli bəy Hüseynzadənin son yadigarı Feyzavərə həyan idi. Bütün problemlərində yanındaydı. Feyzavər xanımın səhhət problemi ilə professor İbrahim Yıldırım məşğul olurdu.

Dedim axı, İbrahim bəydə uşaq saflığı vardı. O saflığın hesabınaydı ki, adam bu böyük müasirimizlə ünsiyyətdə olanda kifayət qədər sərbəst davranırdı. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Feyzavər Alpsarı "Dostluq" ordeni ilə təltif etdi. Xəbəri oxuyan kimi dərhal Feyzavər xanıma zəng vurdum. Təbrik etdim.. Hiss elədim ki, təltif olunmasından xəbəri yoxdur. "Mən yapdım ki... Sağ olsun sayın Aliyev, bunu Türk Kültürünün büyük mütefekkiri babam için sevinçle karşıladım" dedi. Feyzavər xanımla sağollaşıb İbrahim bəyin telefonunu yığdım. Rica etdim ki, Feyzavərgilə getsin. Onun ürək sözlərini lentə alıb mənə göndərsin. O boyda insan, dünya çapında çox məşhur olan tibb professoru özünü elə apardı ki, sanki "Ədəbiyyat qəzeti"nin sıravi əməkdaşıdır. Axşama qədər, yəni qəzet çapa gedənə qədər Feyzavər Alpsarla görüşdü və söhbətinin səs yazısını və özünün qələmə aldığı "Ali bey Hüseyinzade ve Son Yadigarı Feyzaver Turan Alpsar'ın Asaleti ve Liyakat Nişanı" adlı yazısını mənə göndərdi. Feyzavər xanımın müsahibəsi və İbrahim Yıldırımın yazısı qəzetin sabah çıxacaq sayında dərc olundu. İbrahim bəyin elə də gözəl üslubu vardı ki... Əsl yazıçı üslubu. Özü kimi aydın və zəngin...

İstanbulda keçirilən və bir neçəsində mənim də iştirak etdiyim tədbirlərə mütləq qatılardı. İstanbul Universitetinin Seyid Həsən Paşa mədrəsəsi salonunda Hüseyn Cavidlə bağlı keçirilən konfransda, Əli bəy Hüseynzadənin 140 illiyində TÜRKSOY xətti keçirilən konfransda o da, mən də çıxış etdik. Bu şəkil də həmin unudulmaz günün yadigarıdır.

2014-cü ildə Əli bəy Hüseynzadənin Salyanda keçirilən yubiley tədbirində iştirak etmək üçün İstanbuldan durub Bakıya, ordan da Salyana gəlmişdi. Həmin tədbirdə ikimiz də çıxış etdik.

Fügen xanıma münasibəti İbrahim Yıldırımın obrazını tamamlayır. Bir dəfə Fügen xanıma elə İbrahim bəyin yanında soruşdum: "İbrahim bəy sizin üçün kimdir?" Cavabı belə oldu: "İbrahimlə eyni kökəndən oluşumuz, eyni yörədən olmağımız, eyni gələnək və görənəkləri paylaşmağımız çox önəmlidir. Evlilik əslində ortaq dəyərləri paylaşmaq deməkdir. Biz İbrahimlə ortaq dəyərləri paylaşırıq. Eyni şarkılara ağlayırıq, eyni şarkıları dinləyirik".

 

Türkiyədə Azərbaycan qədər, Azərbaycanda Türkiyə qədər əziz olan İbrahim bəylə sonuncu dəfə İstanbulda görüşdük. Kitab fuarının Azərbaycan guşəsinə gəlmişdi. Çox qocalmışdı. Sanki əvvəlki qıvraq, həyat dolu İbrahim Yıldırım deyildi. Sakitcə əyləşib Azərbaycan guşəsinə gələnləri seyr edirdi. Yenə də məni adəti üzrə evinə dəvət etdi. Bu dəfə gedə bilmədim. Amma o ev hər zaman mənə Azərbaycanın bir parçası kimi əziz olub. Bu da sonuncu şəklimizdir... İstanbul kitab fuarında...

İndi Bəhruz həkimlə əlaqə saxladım. O, İbrahim bəyin son nəfəsinə qədər yanında olub. Bəhruz bəylə tez-tez danışırdıq. İbrahim Yıldırım yeni əməliyyat olunmuşdu. Əməliyyatdan yaxşı çıxmışdı. Polkovnik-həkim Bəhruz Səfərəliyev dedi ki, İstanbulda vida mərasimi dünən oldu. İstər Türkiyədən, istər Azərbaycandan bütün tələbələri (hamısı professordur) vida mərasimində iştirak etdilər. Gecəykən Merzifona yola düşdük. İndi Merzifondayıq. Paşa Camesində cənazə namazı qılındı. İbrahim bəy öz vəsiyyətinə görə Amasiyada - Merzifonda anası Telli xanımın yanında dəfn edildi...

Geçti, geçti mevsimler... Süpürüldü takvimler. Gidenlerden kalan şey; Duvarlarda resimler, Mezarlarda isimler...

 

11 sentyabr 2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!