Bizim nəyimiz var torpaqdan başqa - Ramiz DUYĞUN

Lirik poema

Bayrağımız üstündədir torpağımızın,

Torpaq ilə nəfəs alır, nəfəs veririk.

Torpağımız altındadır bayrağımızın,

Biz torpağa toxum səpir, məhsul dəririk.

Bu torpağa biz daraşan qara qarışqa,

Bizim nəyimiz var torpaqdan başqa .

 

Əlçatmayan səmalarda

            şaqqıldaşan odlu şimşəklər,

Biz görmürük,

Bu torpağın altında da şaqqa-şaq çaxır.

Bu torpağın bətnindəki göy biçənəklər,

Çörəyimiz, suyumuz da  torpaqdan çıxır.

Sinəmizdə avtomat dönək Sarı Aşığa,

Bizim nəyimiz var torpaqdan başqa.

 

Bir-birinin davamı

Dağım, düzüm, qoruğum,

Kəpəz Göygölə aşiq, Göygöl Kəpəzə vurğun.

Layiq olaq bu eşqə, bu yara-yaraşığa,

Bizim nəyimiz var torpaqdan başqa.

 

Ev-eşiyin, həyətin,

Pəncərən, bacan, qapın…

Heç nə bizimki deyil!

Yalnız torpağa tapın,

Yalnız torpağa əyil!

Nə çatar bu dünyada bu sevdaya, bu aşqa.

Bizim nəyimiz var torpaqdan başqa.

 

Bizim heç nəyimiz yox,

Hər şey torpağımızda!

Güney torpağımızda,

Quzey torpağımızda!

Çörəyini, suyunu, havanı  torpaq verir.

Dərdə düşüb üzülsən,

Dərmanını, çarəni,

Dəvanı torpaq verir.

Baş əy torpağındakı

Qırışa, qırışığa!

Bizim nəyimiz var torpaqdan başqa.

 

Gələcək əsrlərə, gələcək nəsillərə

Torpaq əmanətimiz.

Tarix tufanlarında

Millət, xalq olmaq üçün

Torpaq zəmanətimiz.

Bu əl-yaxa döyüşdə

Olmayaq başqa-başqa!

Bizim nəyimiz var torpaqdan başqa.

 

Yanardağ bu torpaqda,

Bu torpaqda Şahdağı.

Bu torpaqda kükrəyir,

Gur Yanarsu bulağı.

Bu torpaq tab gətirir,

Zevsin zərbələrinə.

Allahın əli çatmır,

Savalanın başında

Buzquş zirvələrinə.

 

Sütun şəlalələrin

Nərəsi, hayqırtısı

Bu torpağın ahəngi!

Üfüqlərin cilvəsi,

Güllərin əlvanlığı

Bu torpağın od rəngi!

Diqqət et bu torpağa

Rəng-rəng yağan yağışa,

Bizim nəyimiz var torpaqdan başqa!

Bu torpağın altında,

Bu torpağın üstündə

Bitməyən, tükənməyən

Canbir hərəkətimiz,

Qəlbbir hərəkətimiz,

Əlbir hərəkətimiz.

Azalmayan, çoxalan,

Artan bərəkətimiz!

Bənd olma dünyadakı

Bu qatma-qarışığa!

Bizim nəyimiz var torpaqdan başqa.

 

Torpaq ilə bağlıdır

Hər dərdimiz-sərimiz,

Sonumuz, əzəlimiz.

Düşmən gülüstanından qiymətli, dəyərlidir

Otumuz-əncərimiz,

Sapsarı yarpağımız,

Qupquru xəzəlimiz.

Qıyma yağı  əl vursun

Bu torpaqda göyərən

Qanqala, sarmaşığa,

Bizim nəyimiz var torpaqdan başqa.

 

Torpağın məhəbbəti

Hər qəlbə açıq olur.

Su qarışsa torpağa

O dönüb palçıq olur.

Görən bu nədən olur?

Qan qarışsa torpağa

Böyüyüb Vətən olur.

Heç nə tay ola bilməz

Bu amala, bu aşqa,

Bizim nəyimiz var torpaqdan başqa.

 

Torpaq bizim gücümüz,

Qüvvətimiz, zorumuz!

Bizi millət eyləyən,

Bizi dövlət eyləyən

Ruhumuz, şüurumuz!

Günəşə şəfa verən

Şəfqətimiz, nurumuz.

Nə tən olar torpaqdan

Göyə düşən işığa?

Bizim nəyimiz var torpaqdan başqa.

 

Bu torpağa sevgimiz

Dünyalara səs edər.

Dünya durduqca onu

Şumlayıb suvarmağa

Al qanımız bəs  edər!

Qəhrəmanların qanı

Sığarmı bir qaşığa?

Bizim nəyimiz var torpaqdan başqa!

 

Dağların zirvəsində

Əyilməzlik, dağ qürur

Əriməyən çalmadır.

Bu  söz, kəlam, bu hikmət

Ululardan qalmadır:

"Düşmən təslim olursa,

Onu əfv etmək gərək.

Düşmən təslim olmursa,

Onu  məhv etmək gərək!"

 

Torpağımı zəbt edən,

Təslim olmaq yerinə

Hər xəyanətə gedən

Qəlbi pozğun iblislə

Getmərəm barışığa!

Bizim nəyimiz var torpaqdan başqa.

 

Yalnız zəfər, qələbə

Ömrün, günün mənası.

Qoca dünya qaliblərin dünyası.

Yalnız zəfər, qələbə

Ötən günü, ayı, ili tarix edir.

Qoca tarix

Qaliblərin tarixidir..

Bakı, 20 aprel 2017 il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!