Orfoqrafiya Komissiyası işçi qrupu yaradıb

«Azərbaycan dilinin Orfoqrafiya Qaydaları» layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasından APA-ya verilən məlumata görə, İşçi qrupu «Azərbaycan dilinin Orfoqrafiya Qaydaları»na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

AMEA Orfoqrafiya Komissiyasının tərkibində ölkəmizin tanınmış dilçi alimləri -  akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Respublika Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya Qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

«Azərbaycan dilinin Orfoqrafiya Qaydaları» layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə AMEA Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər. /kulis.lent.az/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!