"Sən Fəhmini heç kəslə bölmə..." - Əsəd CAHANGİR

Yazıçı-dramaturq dostum İlqar Fəhminin 50 yaşına sözardı

Əsəd CAHANGİR

 

 

 

Əziz İlqar!

1975-ci il avqustun 18-dən aylar ötüb, illər kecib, onillər adlayıb... Və həmin isti avqust günü ciddi, sakit, çox bilən, amma az danışan, bir sözlə, səciyyəvi bakılı xarakterinə malik Əlabbas   kişinin ailəsində dünyaya gələn oğlanın, yəni sənin  50 yaşın bir neçə gün öncə tamam oldu. Tam yarım əsr! Tarixdən danışanda 50 il niyə bizə belə uzun gəlir, amma söhbət ömürdən gedəndə bir latış rəvayətində olduğu kimi, "bu nədir ki?" deyirik?

Batılılardan, tutaq ki, Balzakdan  tutmuş bizimkilərə, məsələn, Çingiz Abdullayevə qədər yazarlar valideynlərinin təhriki, yaxud taleyin hökmüylə daha çox hüquqşünaslıq fakültəsində - öz məcəlləvi pedant səciyyəsi ilə bədii fikrin antipodu olan sahədə təhsil alır, sonra bu maneəni aşıb ədəbiyyata gəlir, bir növ, Yusif kimi Misirdə sultan olmazdan öncə quyuya salınır, yaxud zindan əzabı çəkirlər. Olsun ki, qissələrin ən gözəli ilə bağlı metaforam elə də uğurlu deyil, amma ən ümumi götürəndə, sənə də eyni tale qismət olub. Sən də o quyuya düşmüsən, o zindandan keçmisən. Sən də de yure Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alsan da, de fakto yazıçılığı seçmisən -  istintaqı romanlarında aparmış, ittihamları povestlərində irəli sürmüş, sanksiyanı hekayələrində vermiş, hökmü pyeslərində çıxarmış, əfvi şeirlərin, amnistiyanı ssenarilərində elan eləmisən.  Ya vəlvələ, ya zəlzələdən, teatr mühitində təklənmək təhlükəsi ilə üz-üzə qalan rejissor Mehriban Ələkbərzadə haqqındakı son məqaləndə isə bir cəngavər ehtirası ilə irəli atılaraq, vəkilliyin də parlaq örnəyini göstərdin və İlqar Fəhmini başqa, fərqli rakursdan da görə bildik. 

Bilmirəm, təsadüf, ya  nədir, 50 illik yubileyin ərəfəsi və yubileyindən dərhal sonra mədəniyyətimizə ardıcıl itkilər üz verdi - Muğam festivalının münsiflər heyətində birlikdə olduğun Arif Babayev, dramaturgiyada gəlib yetdiyin Elçin,  belletrist nəsrdə ötdüyün Vidadi Babanlı, şeirdə  ayrı-ayrı yollarla getdiyiniz Məmməd İsmayıl dünyalarını dəyişdilər və elə bil, bununla öz görəvlərini də sənin çiyninə yüklədilər, ya da sən bu yükü özün  çoxdan öz üzərinə götürmüşdün. Sən dünyaya gələn il - 1975-ci ildə dünyasını dəyişən ünlü divan ədəbiyyatı bilicisi Əli Fəhminin təxəllüsünü götürməklə həm də onun missiyasını da götürdüyün  kimi. Səninlə Mədəniyyət kanalında "Məclisi-üns" musiqili klassik ədəbiyyat proqramında çıxış etdiyim vaxtlar harda düşürdüsə, elə hey "İlqar Fəhmi Əli Fəhminin oğludur?" deyə məndən soruşurdular. "Yox, İlqar divan poeziyası bilicisi kimi Əli Fəhminin sadəcə mənəvi varisidir" deyirdim. Bu dəfə "Bəs, necə olub ki, Fəhmi təxəllüsünü götürüb?" sualını verirdilər. "Bu təxəllüsü İlqara üzvü olduğu ədəbi məclisin başçısı Ələmdar Mahir verib, madam ki, Əli Fəhminin vəfat etdiyi il doğulmusan, onun təxəllüsünü götür və yolunu davam elətdir deyib" deyirdim. Sonrakı olaylar göstərdi ki, rəhmətlik Ələmdar müəllim öz uzaqgörənliyində    yanılmayıb. Sən nəyinsə sonu, nəyinsə başlanğıcı arasında bir körpüsən. Yəqin buna görə vaxtilə mənim baş redaktoru olduğum "Körpü" jurnalının əsas müəlliflərindən biri idin. Amma körpü olmaq missiyası təkcə Ustadın yox,  həm də onun dili ilə sözün, ədəbiyyatın, zamanın, klassikanın, müasirliyin, bir sözlə, taleyin sənə etimadı idi və sən bu etimadı təxminən, 30 illik məhsuldar, hərtərəfli ədəbi-bədii fəaliyyətinlə gözləniləndən də qat-qat artıq doğrultmusan! Mirzə Fətəli demişkən, əhsən sənə, ey Əlazikrihissəlam!

Sən, təxminən, on il Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalında poeziya şöbəsinə başçılıq eləmisən,  on ildən artıqdır ki, AYB-nin bölgələrlə  iş üzrə katibisən, Respublika Muğam Festivalı münsiflər heyətinin öncə üzvü,  hazırda  başçısısan. İllər boyu sənin aparıcılıq  elədiyin "Məclisi-üns" teleproqramına çıxmış, Şamaxı, Şuşa, Laçın, Ağdaş və digər bölgələrə səninlə birlikdə işgüzar səfərlərdə olmuşam. Amma nə qədər eləsəm də, səni ilk dəfə necə, harda gördüyümü xatırlaya bilmirəm. Çünki sən başqasının yaddaşına, xatirəsinə, düşüncəsinə birdən-birə, hay-küylə, qəfildən, dəqiq ayı, günü, saatı ilə  girən adamlar zümrəsinə aid deyilsən. Dumanlı Albinosun yağmurunda hiss olunmadan islandığın kimi, yavaş-yavaş, fərqinə varmadan bir də görürsən ki, İlqar adlı bir tanışın, fikirdaşın, həmsöhbətin, heç kimə deyə bilməyəcəyin sorunları bölüşə biləcəyin dostun var. Başqalarının şöhrət, karyera qazanmaq üçün min bir oyun çıxardığı, yuxarıları iylədiyi, aşağıları küylədiyi bir zamanda sən ədəbiyyata da özünəməxsus əxlaq və tərbiyə, ədəb-ərkanla, hər cür yerə-göyə sığmayan böyük iddialardan uzaq, sakit tövrlə gəlmisən, amma bir an belə sənətini unutmadan, gecəni gündüzünə qataraq, hətta özünü fəda eləyərək.

Bir də hamı görüb ki, müstəqillik dövrü ədəbiyyatının simasını müəyyən edənlər arasında İlqar Fəhmi imzası var:  və o, "Sənli sözüm gəldi sənə", "Ölüm gözəldi, yoxsa sən", "Yenə də qəzəllər" şeir kitablarıyla klassik qəzəl şeirinin ən səciyyəvi modernizatorudur; "Koroğlu" dastanı motivləri əsasında yazdığı, Həmzəni baş  qəhrəmana çevirdiyi və bununla da bu gün dünyada aslanların öz yerini tülkülərə, koroğluların həmzələrə verdiyinə işarə etdiyi "Çənlibel tülküsü" roman-trilogiyasıyla bədii nəsrimizdə postmodernist dekonstruksiyanın ən tipik iki nümayəndəsindən biridir; yeni dramaturq və ssenarist imzası sorununu çözən pyeslər və ssenarilər müəllifi, "Müsibəti-Fəxrəddin-2011" pyesi ilə neomaarifçiliyin qaranquşudur; özündən sonra neçə-neçə ardıcıl yetişdirən, bu sahədə bir məktəb yaradan teleserial ustasıdır; Səfəvilər dövrü mədəniyyətinə dair publisist-fəlsəfi araşdırmaları ilə nəzəriyyəçi kulturoloq və ideoloqdur; Xalq yazıçısı Anar, bəstəkar Firəngiz Əlizadə, kinorejissor Cahangir Mehdiyev və digərlərinə dair yazıları ilə psixoloji incəliyi, professional erudisiyası seçilən mahir portret ustasıdır. Bir sözlə, ona hər şeyi özündə ehtiva etmək istəyi - universalizm xasdır. Universalizm  intibah mədəniyyəti əlamətidir və o, yeni Azərbaycan ədəbiyyatı, ümumən incəsənətindəki intibahın təmsilçilərindən biri, bəlkə də, birincisidir. 

Lakin bütün modernliyin və hətta postmodernliyinə baxmayaraq, sən heç vaxt klassikaya arxa da çevirməmisən. Sən batı ədəbiyyatından bəhrələnmiş, amma heç vaxt onun içində itib-bat(ı)mamısan, öz Şərq mentallığını, Füzulinin qəzəlini, Vaqifin gözəlini, bir sözlə, öz ilkin, əzəlini unutmamısan. Yəni istər mənəvi zaman, istərsə də estetik məkan koordinatları baxımından ifrat və təfritdən qaçmış, etidalı gözləmiş, qızıl ortanı saxlamısan. Bu özəlliyinlə əgər sənin ruhun antik Yunanıstanda tarixi zamana ensəydi, üç ünlü dramaturq arasında etidalı ən uğurla gözləyən Sofokl olardın. Amma iş elə gətirib ki, sən yeni dövrdə və Azərbaycanda doğulmusan və İlqar Fəhmi olmusan. Buna da şükür! Rəsul Rza demişkən, "Rəsul Rza Rembo deyil, nə olsun, heç Rembo da Rəsul Rza deyil".  

İyirmi ildən artıqdır ki, səninlə bir yerdə  - Azərbaycan Yazıçılar Birliyinin Xaqani küçəsindəki binasında işləyirik və bu binanı mənim nəzərimdə xüsusi mənalandıran şəxslərdən biri də sənsən. Öz yerimə getməzdən əvvəl hər səhər sənin ikinci mərtəbədəki otağına baş çəkmək pozulmaz vərdişimə çevrilib. Səni bəzən yorğun, solğun, yuxusuz görürəm, bilirəm ki, yenə də gecəni kompüter arxasında səhər eləmisən: "Çənlibel tülküsü" roman-trilogiyan, "Aktrisa", "Akvarium", "Akvalanaq", "Bakı tarixindən kollajlar" romanların,  "Səndən nigaranam", "Karmen", "Maygülü" povestlərin, "Axırıncı qatar", "Tut ağacı", "Son reportaj", "Şahnamə", "Müsibəti-Fəxrəddin-2011",  "Mənəm, mən", "İsgəndərə yeni namə", "Zümrüd parıltsı" pyeslərin, "Evtanaziya", "Vampir" kinoromanların, "Qaydasız döyüş", "Dəfnə ağacı" serialların, hansısa şeir, qəzəl, məqalə, publisist yazın  və janrca rəngarəng, məzmunca maraqlı digər əsərlərin bu yuxusuz gecələrin hesabına yaranıb. Şuşada, Laçında  nümayiş etdiriləcək dövlət miqyaslı mədəni-kütləvi tədbirin ssenarisini kim yazacaq? - İlqar Fəhmi! "Məclisi-üns" proqramında növbəti buraxılışın mövzusunu kim müəyyən edəcək,  proqramda muğam üstündə oxunacaq qəzəllərlə bağlı xanəndələrlə kim söhbət aparacaq? - İlqar Fəhmi! Natəvan zalından tutmuş bölgələrə qədər, ədəbiyyatın generallarından tutmuş əsgərlərinə qədər, yubiley tədbirləri, kitab təqdimatlarının təşkilatçılığını kim eləyəcək - yenə də İlqar Fəhmi! Və ən başlıcası bütün bu gərgin iş qrafikindən vaxt eləyib adını çəkdiyim əsərləri yazmaq! Bundan daha vacibi isə bütün bu həngamənin ortasında gələn həftəyə, gələn aya, gələn payıza, gələn yaza, bir sözlə, sabah-sabaha  sala-sala, bəzən aylar, hətta illərlə adi bir həkim müayinəsinə getməyə vaxt tapmamaq!  Dəfələrlə ikilikdə dediyim sözü indi ictimailəşdirmək istəyirəm: "Özünü qoru, İlqar! Dünyanın heç bir kitabı sənin ömür kitabın qədər vacib, heç bir yazısı sənin alın yazın qədər önəmli,  heç bir serialı sənin həyat serialın qədər maraqlı deyil. Sən bu gün artıq sadəcə, Paşayev İlqar Əlabbas oğlu deyilsən. Minlərlə yazardan biri deyilsən. Eləcə AYB katiblərindən biri də deyilsən. Sən bu gün ədəbiyyatımızın simasını müəyyən edən bir neçə imzadan birisən. Bu gün müasir Azərbaycan ədəbiyyatı deyəndə, göz önünə gələn imzalardan biri İlqar Fəhmi olduğu kimi, İlqar Fəhmi deyəndə də, göz önünə müasir Azərbaycan ədəbiyyatı gəlir. Qəzəllərindən birində özünün də dediyin kimi,

 

Sən Fəhmini heç kəslə bölmə, mələyim, bölmə.

 

Nə xoşdur ki, 30 illik ədəbi-bədii fəaliyyətin istər görəv sahibləri, istər söz adamları, istərsə də geniş oxucu kütləsi tərəfindən layiqincə qiymətləndirilib. Haqqında görkəmli yazıçılar, ədəbiyyatşünaslar yüksək fikirlər deyib, Heydər Əliyev və  Nizami Gəncəvi medallarına, Humay mükafatı və Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüsən. Əlbəttə, bütün uğur qazanan istedad sahibləri kimi sənin də paxıllığını çəkən, ayağından dartan, qeybətini eləyənlər olub. Bunsuz olarmı?! Amma hər cür intriqaya üstün gələn müdrik xarakterinlə, ziddiyyətlərin mübarizəsinə vəhdət nöqtəsindən baxan filosof təbiətinlə bütün bunları ötürmüsən, ötürürsən və inşallah, gələcəkdə də ötürəcəksən.

Əziz İlqar! Səni anadan olmağının 50, ədəbi-bədii fəaliyyətinin 30 illiyi münasibətilə bütün dostlar adından təbrik edir, sənə sağlam ömür, layiq olduğun daha uca zirvələr arzulayıram!

Sənə nəsr və dramaturgiyada Elçin nüfuzu, incəsənətdə Arif Babayev populyarlığı, həyatda isə Vidadi Babanlı ömrü arzulayıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!