Ömrün ən uzun dövrü yaddaşlarda yaşamaq dövrüdür.
Müasir Azərbaycan poeziyasının, milli ruhumuzun ən ünlü təmsilçilərindən biri Məmməd İsmasyıl üçün də belə bir dövr başladı.
2025-ci il avqustun 19-da Tovuzda Əsrik Cırdaxan kənd qəbirstanlığında o da doğma torpağa tapşırıldı. Vida mərasimində onunla sonuncu dəfə görüşməyə gələnlər onun Özünün və Sözünün ölməzliyindən söhbət açdılar.
AYB Qazax Bölməsinin sədri Barat Vüsal M.İsmayılın böyük bir ədəbi nəslin ustadı olduğundan danışdı. Qeyd etdi ki, o təkcə Azərbaycan ədəbiyyatının yox, bütün türk dünyasının ölməz sənətkarıdır. Şəxsiyyətinə, sənətinə baş əyirik, deyirik: Ruhumuzun, Sözümüzün başı sağ olsun!
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan şairin millət və xalqımıza əvəzssiz xidmətlərini yada saldı. “Bir neçə ay əvvəl Muğam Teatrında keçirilən səksən beş illik yubileyində vurğuladığım bir məqamı bu gün təkrar etmək istəyirəm. 2020-ci il sentyabrın 29-da Məmməd İsmayıl mənə milli ordumuzu vəsf edən “Azərbaycan əsgəri” adlı bir şeir göndərdi. Və həmin şeir müharibənin ilk günlərində “Ədəbiyyat qəzeti”ndə dərc olundu. Azərbaycan poeziyası İkinci Qarabağ savaşına “Qürur yerim, nə yaxşı başlatdın bu savaşı...” deyən Məmməd İsmayılın həmin şeiri ilə qatıldı:
Boyuna qurban olum, Azərbaycan əsgəri,
Dünyanın ən müqəddəs qələbəsi sənindir.
Məmməd İsmayıl şeirinə belə bir epiqraf yazmışdı: “Mən bu dünyadan məğlub millətin şairi kimi getmək istəmirəm”. Yubiley gecəsində demişdim ki, Yaradan onu qalib bir millətin şairi kimi yaşatdı... İndi isə deyirəm: Şükür ki, Məmməd İsmayıl bu dünyadan qalib bir millətin şairi kimi getdi”.
Musa Ələkbərli şairə şöhrət qazandıran əsərlərini xatırlatdı. “Döyüş və Qələbə” şeirinin rəmzi məna daşıdığını söylədi.”Bu şeir onun kimliyini daha dürüst əks etdirir. O, hər yeni əsərini yazdıqca hər dəfə döyüşdü və qələbə çaldı”.
AYB Poeziya sektorunun müdiri İbrahim İlyaslı bu günkü uğurları üçün böyük şairin diqqət və qayğısını minəttdarlıq hissi ilə yada saldı.
Digər çıxışçılar Əkbər Qoşalı, Qorxmaz İbrahimli, Rafael İncəyurd da belə bir ünlü sənətkarla vidalaşmağın, ayrılığın çox ağır olduğunu bildirdilər.
Sonda şairin qızı Gülzar xanım vida mərasiminə gələnlərə minnətdarlıq etdi, dedi ki, “Mən həmişə atamı evimizin başı üstündəki Kəmərqayasında bitən tənha Dağdağan ağacına bənzətmişəm. Sənətdə və həyatda hər bir çətinliyə o Dağdağan ağacı kimi sinə gərib, dözüb, mübarizə edib yaşayıb, yaradıb.”
Çıxışlardan sonra vida mərasiminin iştirakçıları kənd qəbirstanlığına yollandılar.Şairin qəbrinin kənd qəbristanlığında yol qırağında qazılması təsaddüfi deyildi.O torpağa qoyulan kimi çox güman ki, “Savalanda yatan igid” in yanına getdi. Onu da oyadıb təzədən Azərbaycanın bütövlüyü uğrunda döyüşmək və qələbələr qazanmaq üçün!
Səbinə Yusif
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!