15 avqust professor Yavuz Axundlunun anım günüdür. Dərin hörmətlə yad edirik!
Yavuz Axundlu 60-cı illər ab-havasını formalaşdıran, yeni baxışlı ziyalılarımızdan, ədəbiyyatşünaslarımızdandır. 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1952-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirən Yavuz Axundlu təyinatla doğulub böyüdüyü Naxçıvanda müəllim kimi fəaliyyətə başlayır. 90 yaşında dünyasını dəyişən Yavuz müəllim ömrünün sonuna qədər Naxçıvanda yaşayıb-yaradıb. Burada fəaliyyət göstərməklə elmlər namizədi, elmlər doktoru elmi dərəcələri və professor adı alan ilk ziyalıdır. 1964-cü ildə müdafiə etdiyi namizədlik dissertasiyası "M.S.Ordubadinin "Dumanlı Təbriz" romanı" mövzusundadır. Bu mövzu alimin gələcək elmi nailiyyətləri üçün uğurlu başlanğıc olur. Belə ki, Yavuz müəllim fərqli mövzulara müraciət etsə də, tədqiqatlarının mərkəzində ədəbi şəxsiyyət kimi Məmməd Səid Ordubadi, elmi problem kimi tarixi roman janrının inkişaf mərhələləri, forma-məzmun xüsusiyyətləri, təmsilçilərinin yazıçı fərdiyyəti, xalqımızın istiqlal mübarizəsi dayanır. Alimin yaradıcılığından bəhs edildiyi zaman ilk yada düşən mövzu tarixi roman olur. Akademik İsa Həbibbəyli yazır: "Azərbaycanda tarixi roman janrının inkişaf yolunun sistemli şəkildə öyrənilməsi və elmi-nəzəri tədqiqi Yavuz Axundlunun adı ilə bağlıdır."
1973-cü ildən "Azərbaycan tarixi romanı" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Doktorluq müdafiəsinə qədər (1983-cü ilə qədər) iki kitabı çap olunur. Yavuz müəllim Azərbaycan tarixi romanı mövzulu araşdırmalarını öz elmi fəaliyyətinin əsas süjet xəttinə çevirir, "Tarix və roman" (1988), "M.S.Ordubadi" (1997), "Tarixi roman yeni mərhələdə" (1998) kitabları və bütün bunların əsasında, yeni araşdırmalar da əlavə olunmaqla "Azərbaycan tarixi romanı: mərhələlər, problemlər" monoqrafiyası çap olunur.
"Azərbaycan tarixi romanı: mərhələlər, problemlər" monoqrafiyasının Ön sözündə professor Hüseyn Həşimli əsərin elmi məziyyətlərini, ədəbiyyatşünaslığımızdakı yerini belə səciyyələndirir: "...bu monoqrafiya Azərbaycan ədəbiyyatında tarixi roman janrının bütün inkişaf yolunu ardıcıllıqla araşdıran ilk tədqiqatdır, yəni burada həmin janrın bütün inkişaf yolu nəzəri-estetik və ədəbi-tarixi yöndə təhlil süzgəcindən keçirilmişdir." Müəllif özü də monoqrafiyanı 70 ilin ədəbiyyatına həsr olunmuş 40 illik tədqiqat kimi qiymətləndirir.
Beş fəsildən ibarət olan monoqrafiyada əvvəlcə tarixi roman janrının nəzəri parametrlərinə aydınlıq gətirilir, daha sonra Azərbaycan ədəbiyyatında keçdiyi mərhələlər, hər mərhələnin özünəməxsusluqları müəyyənləşdirilir.
Monoqrafiya Müstəqillik dövrünün elmi tədqiqatı olduğundan burada sovet hakimiyyəti illərində yazılan romanlar ideoloji təzyiq altında qalmadan təhlil edilir; Azərbaycan romanlarında tarixin dəyərləndirilməsi məsələlərinə yeni aspektdə diqqət yönəldilir və onların ideya-bədii xüsusiyyətləri araşdırılır.
Yavuz Axundlunun Azərbaycan tarixi romanlarının təşəkkül və inkişaf mərhələlərində əhəmiyyətli yer tutan əsas nümunələrinə müraciət etməsi bu monoqrafiyanın elmi istinad qaynağı kimi imkanlarını artırır.
Məmməd Səid Ordubadinin yaradıcılığını araşdırmaqla peşəkar elmi fəaliyyətə başlayan Yavuz müəllim üçün böyük sənətkar hər zaman öz doğmalığını qoruyub saxlamışdır. Bu səbəbdəndir ki, 2012-ci ildə M.S.Ordubadi haqda monoqrafiyanın yeni təkmilləşmiş variantını hazırlayıb çap etdirir.
Tarix-ədəbiyyat münasibətləri, dəyişən tarixlərdə ədəbiyyatın funksiya və missiyası Yavuz müəllimin tarixi romana aid olmayan araşdırmalarında da mühüm yer tutur. Bu, "Mühit və sənətkar", "İstiqlal şairləri", "Mənim ədəbi dünyam", "Ədəbi yaddaşdan səhifələr", "Əlimdədir hələ qələm", "İstiqlalın əzablı yolu", "Müəllimlərim və müəllim dostlarım", "Ədəbi portretlər" mövzulu kitablarında daha qabarıq görünür. Adıçəkilən hər bir kitab Azərbaycan ədəbiyyat tarixinin bu və ya digər səhifələrinə aydınlıq gətirmək mənasında ədəbiyyatşünaslığa xidmətdir.
Yavuz müəllimin tarixə baxışında millət və vətəndaşlıq duyğusu çox güclüdür. O, maarifpərvər ədəbiyyatşünasdır. Hər bir monoqrafiyası, məqaləsi xalqla təmsil olunan auditoriyaya ünvanlanıb; vətən, millət qarşısında müqəddəs borcu yerinə yetirməyə, adət-ənənələrimizi qoruyub yaşatmağa, milli kimliyimizi təbliğ və inkişaf etdirməyə çağırır oxucusunu. Onun yeni tədqiqatçılara da aşıladığı, hər şeydən öncə, bu keyfiyyətdir. Bu missiya onun bütün yaradıcılığı üçün xarakterikdir; "İstiqlal şairləri" monoqrafiyasının həsr olunduğu mövzu və problematika, onun bədii həlli yollarını araşdırıb dəyərləndirmə metodologiyası təkcə şairlərin yox, eyni zamanda müəllif, alim-ziyalı mövqeyinin üzə çıxmasına imkan verir. Kitabda ədəbiyyatın siyasi-ideoloji proseslərə təsir gücü, müstəqillik, azadlıq ideallarının yaranıb yayılmasındakı rolu, təlqin və tərbiyə funksiyası Xəlil Rza, Bəxtiyar Vahabzadə və Məmməd Arazın yaradıcılığı əsasında izah olunur.
Monoqrafiyada birbaşa istiqlal mövzulu, açıq tərənnüm xarakterli şeirlər araşdırılıb təqdim olunmur. Yavuz müəllim istiqlala həm cəmiyyətdə, həm də şairlərin yaradıcılığında dinamik bir proses kimi yanaşır. Müstəqilliyə gətirən yolun kəsə və qısa, rahat, hamar olmadığını şeirlərdəki misralarda, bəndlərdə atılan addımlar kimi izləyir.
Bəxtiyar Vahabzadənin lirik qəhrəmanları üçün hüzur fərdi istək və arzuların təmin olunmasından daha geniş tələbatlarla, daha doğrusu, yüksək ideallarla bağlıdır. Müəllif yazır: "Şairin lirik qəhrəmanı... üçün ömür yaşamaq, nəfəs almaq, evlənmək, oğul-uşaq sahibi olmaq kimi dar mənalara sığmır, ömrün mənası daha ali məqsədlərlə səciyyələndirilir." Öz şanlı tarixinə bağlı olan qəhrəman parçalanan, ayrı salınan Vətən, millət üçün yanıb qovrulur, daxili rahatlıq tapmır. Yavuz müəllim bu narahatlığı, yanğını göstərmək üçün Bəxtiyar Vahabzadənin yaradıcılığından xarakterik nümunələr seçir. Məsələn:
Yarım bu tayda qaldı,
Yarım o tayda qaldı.
Toyum burda çalındı,
Yarım o tayda qaldı.
Şairlə eyni yaşantını, duyğuları paylaşan oxucuya bu misraların ötürdüyü psixoloji təsiri düşünün ... Bu, eləcə də milli faciələrimizlə bağlı digər misralar, bəndlər, bütöv əsərlər hər biri oxucunu etiraza, üsyana çağırır.
Ədəbiyyatımızda uzun müddət Cənub mövzusu mübarizə ruhunu qoruyub saxlayan mərkəzi cəbhə funksiyasını yerinə yetirib. O, təkcə cənub həsrətini yox, siyasi-tarixi mənada bütün itirdiklərimizin ağırlığını üstündə daşıyan ana xəttə çevrilib. Bəxtiyar Vahabzadə öz daxili yanğısını və ictimai çağırışlarını bu mövzuda ustalıqla ifadə edə bilib. Yavuz müəllim şairin yaradıcılığında "cənub"un açdığı və aşdığı sərhədləri diqqətlə izləyir və onu istiqlala doğru irəliləyişlərdən biri kimi qiymətləndirir.
Bəxtiyar Vahabzadə yaradıcılığını araşdırarkən Yavuz müəllimin irəli sürdüyü başqa bir tezis də son dərəcə maraqlıdır. O, şairin yaradıcılığında siyasi lirikanın mühüm yeri olduğunu vurğulayır, eyni zamanda sovet dövrünün tələb etdiyi siyasilikdən fərqli xarakter daşıdığını qeyd edir. "...şair bu səpkili (siyasi lirika - T.M.) şeirlərində cəmiyyətin eybəcərliklərinə, doğma dilimizin sıxışdırılmasına, tariximizin açıq-aşkar təhrif edilməsinə öz cəsarətli münasibətini bildirmişdir."
B.Vahabzadənin geniş oxucu kütləsi üçün məlum olan "Gülüstan" poemasından başqa, 1963-cü ildə Qırğızıstanın, 1964-cü ildə Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiklərinin bayram elətdirilməsinə qarşı yazdığı şeirlərə istinad edən Yavuz müəllim istiqlalın ədəbiyyatla açılan cığırlarına diqqət yönəldir. Aşağıdakı nümunələr təkcə B.Vahabzadənin yox, əsarətə qul olmaq istəməyən, azadlıq aşiqi bütün ziyalıların, eyni zamanda onları təqdirlə təhlil edən Yavuz Axundlunun üsyanıdır. Bəxtiyar Vahabzadə yazır:
Tapdamaq olarmı haqqı bu qədər?
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə bayram elətdirirlər
Tarixdə ən böyük faciəmizi.
Bəxtiyar Vahabzadəni Azərbaycan yox, işğalda olan bütün türk yurdları və xalqları düşündürür. Yavuz müəllim şairin 1961-ci ildə Yaltada istirahət edərkən yazdığı şeirə istinadən mübarizəsindəki dönməzliyi, ardıcıllığı göstərir:
Krım, Yalta, Qızıldaş. Bir xalqın ata yurdu,
O xalqa yad, ay Allah, gəlməyə vətən oldu.
Şairin Qarabağı bizə yadlaşdırmaq planlarına qaldırdığı üsyan dolu misraları da Yavuz müəllim tədqiqatında xatırladır.
Yavuz Axundlu istiqlala dəvət, istiqlal əhval-ruhiyyəsini Bəxtiyar Vahabzadənin xalqı öz vəziyyəti ilə barışmamağa, səbir etməməyə çağırdığı şeirlərində də göstərir.
Sovet dövründə şair istiqlal ruhunu həm də ana dilinə həsr etdiyi şeirlərində nümayiş etdirir. Yavuz müəllim bu şeirlər üzərində də ayrıca dayanır.
Azərbaycanın müstəqillik əldə etməsindən və 90-cı ilin qanlı Yanvar hadisələrindən sonra Bəxtiyar Vahabzadənin mübariz səsi yeni bir rəng qazanır. Yavuz müəllim istiqlal şairinin istiqlal dövründəki yaradıcılığı üzərində də ayrıca dayanır. Bu illərdə Azərbaycanın gərgin tarixi şəraitində vəziyyətdən çıxış yolu kimi türk birliyi idealını daha da inkişaf etdirən şairin bir el ağsaqqalı kimi səsləndirdiyi fikirləri təqdirlə qarşılayır Yavuz Axundlu.
Bəxtiyar Vahabzadədə olduğu kimi, Xəlil Rza yaradıcılığında da istiqlal idealını Yavuz Axundlu başlanğıcdan izləyir və ondakı dinamikliyi, ardıcıllığı üzə çıxarıb təqdim edir. Hələ 60-cı illərin başlanğıcından özünü azadlıq aşiqi kimi tanıdan Xəlil Rzanın Azərbaycanın problemlərini başqa məkanların üzərinə köçürməklə çatdırdığını yazan Yavuz Axundlu şairin əsas mövzusunun doğma Vətən olduğunu vurğulayır, ona görə də şeirlərində Vətən və vətəndaşlıq şüurunun hər şeydən öndə gəldiyini qeyd edir. Qəhrəmanlıq motivlərini, döyüş ruhunu Xəlil Rza şeirinin spesifik xüsusiyyətlərindən biri kimi qiymətləndirən tədqiqatçı, bunun nəsillərə aşılanan istiqlal ruhuna xidmət etdiyini bildirir.
Yavuz müəllim Xəlil Rzanı müasir Azərbaycan poeziyasında siyasi lirikanın ən gözəl nümunələrini yaradan şair kimi dəyərləndirir.
Xəlil Rzanın siyasi ovqatlı şeirləri içərisində Qarabağ uğrunda mübarizə önəmli yer tutur. Qarabağın azadlığını Vətənin istiqlalının çətin, lakin aşılması vacib olan zirvəsi kimi dəyərləndirən şair xalqı bu yolda ölüm-dirim mübarizəsinə çağırır. Yavuz müəllim X.Rzanın Qarabağ mübarizəsinə çağırış, haray səciyyəli şeirlərindən bəhs edərkən yazır: "Bu şeirlər od, alov kimiydi, şimşək kimi çaxırdı, şair sanki qızmış bir pələngi xatırladırdı. O, açıq-açığına xalqı silaha sarılmağa çağırırdı."
Yavuz Axundlu Xəlil Rzanın siyasi lirikasında Lefortovo şeirlərinin də mühüm yeri olduğunu göstərir. "Bu şeirlərdə qəzəb, kin, hiddətlə yanaşı, səbir, dözüm, təmkin də var. Lakin hər bir şeirdə şairin məqsədi, amalı Azərbaycan uğrunda döyünən ürəyinin çırpıntısını eşidirsən." Alim Xəlil Rzanın həbsxanada yazdığı gündəliyini, şeirlərini təhlil edib, orada əks olunan azadlıq və mübarizə ruhunu yüksək qiymətləndirir, "Əlvida, Azərbaycan" poemasındakı yenilməzlikdə özünün, bütün işıqlı ziyalıların ürək döyüntüləri və çağırışını hiss edir.
Xəlil Rzanın Vətən yolunda oğlunu qurban verdikdən sonra yaşadığı yanğıların misralarda əksini diqqətə çatdıran Yavuz müəllim, şair üçün oğlu Təbrizin müqəddəs yurd məkanlarımız kimi and yerinə çevrilməsini, istiqlal uğrunda ən qiymətli varlığını qurban verməsini də onun qəhrəmanlığı və yenilməz ruhu ilə əlaqələndirib təqdir edir. Xəlil Rzanın aşağıdakı misralarına istinad edən alim onun yaşantılarına şərik olur:
And olsun Araza, balam Təbrizə,
Bir an susmayacaq bu mübarizə.
Heç bir düşmənimə, hətta özümə
Zərrəcə güzəştə getməyəcəyəm!
Yavuz Axundlu Xəlil Rzanın tərcüməçilik fəaliyyətinə də diqqət çəkməklə istiqlal şairinin necə beynəlmiləl, insanlığa sevgi dolu bir ziyalı olduğunu göstərir. Şair bir çox xalqların ədəbiyyatlarından tərcümələr etmişdir. Ancaq türk xalqlarının ədəbiyyatından tərcümələr onun yaradıcılığında özgə bir yer tuturdu. Yavuz müəllim bunu şairin məfkurəsi və əqidəsi ilə əlaqələndirir.
"İstiqlal şairləri" monoqrafiyasının üçüncü fəsli xalq şairi Məmməd Araza həsr olunub. Yavuz müəllim həyat faktlarına istinadən göstərir ki, haqqında söz açdığı digər istiqlal şairləri kimi, Məmməd Araz da sovet rejiminin tüğyan etdiyi zamanlardan istiqlalçı, mübariz davranışı ilə ideologiyanın təqiblərinə məruz qalmış, sağlamlığı ağır zərbə almış, lakin öz ideallarına sədaqətini itirməmişdir. Müqəddəs dəyərləri, ailə, cəmiyyət davranış normalarında milliliyi təlqin edəndə, Arazı Vətənin köksündə açılan "şırım"a, "Qıratın yalmanı"na, "nənənin ipəkliyi"nə, "babanın sərtliyi"nə bənzədib onsuz yaşaya bilməyəcəyini söyləyəndə, "vətən daşı" olmağı "vətəndaş"lığın ilkin yaşantısı kimi təbliğ edəndə: yaradıcılıq yolunun ilk mərhələlərində, istiqlal toxumu səpirdi Məmməd Araz. Yavuz Axundlu Məmməd Araz yaradıcılığında istiqlal əqidəsinin keçdiyi təlatümlü yolu son dərəcə diqqətlə izləyir, şeirlərin yazıldığı dövrdə oyatdığı həyəcanı oxucuya yenidən yaşadır. Azərbaycanın parçalanmasının, işğala məruz qalıb müstəqilliyini itirməsinin səbəblərini yalnız xarici yox, həm də daxili amillərdə arayan şair, xalqı laqeydlikdən, etinasızlıqdan xilas olub birləşməyə, itirdiklərimizi yenidən qazanmağa səsləyir. "Məndən ötdü, qardaşıma dəydi..." şeirindəki haraya, çağırışa diqqət yönəldən Yavuz müəllim, Məmməd Araza qoşulub Azərbaycanın nə qədər qiymətli, müqəddəs bir məkan olmasını vurğulayır, şairin misralarına istinadla onu təqdir edir:
Azərbaycan - mayası nur, qayəsi nur ki ...
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə, ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər!
Məmməd Arazın Nizamini, Füzulini, Xətaini, Vaqifi, Sabiri şeirlərində hörmət və məhəbbətlə yad etməsi, özünü onların yolunda irəliləyən söz, fikir mübarizi kimi görməsi şairin yaradıcılıq missiyasına aydınlıq gətirir. Monoqrafiyada adıçəkilən hər bir mütəfəkkirin sözü qarşısında şairin duyduğu yaşantılara aydınlıq gətirən Yavuz Axundlu Məmməd Arazın bu dahi şəxsiyyətlər içində daha çox Xətaiyə bağlılığını vurğulayır. "...Məmməd Araz Xətayini öz dahi sələfi hesab edir:
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi."
Yavuz müəllim, haqlı olaraq Məmməd Araz poeziyasının əsas məzmun xüsusiyyətinin vətəndaş yanğısı olduğunu göstərir. Bu yanğı onun gülə, çiçəyə, daşa, qayaya, çaya, tarixə ... yazılan bütün şeirlərindən boylanır və nəhayət, Qarabağ hadisələrindən sonra gur tonqala çevrilib ətrafa şölə, səs-səda salır. O, yenə də bütün xalqa, cəmiyyətə müraciət edir, onları sarsıntıdan qurtulub mübarizəyə, döyüşə səsləyir. Yavuz Axundlu Məmməd Arazın bu dönəm şeirlərində millətə müraciətləri üzərində ayrıca dayanır. Şair sanki bu şeirlərdə oyanan, kükrəyən ruh idi, öz uğultusuna yatanları oyadırdı. "Ata millət, ana millət ağlama!", "Ayağa dur, Azərbaycan!", "Vətən çağırır!" şeirlərinə istinadən alim Məmməd Arazdakı mübariz ovqatın xalqın mübarizə ruhuna təsirindən, səfərbərliyə çağırışın gücündən, bununla da SÖZ-ün isiqlalın əldə olunmasındakı rolundan bəhs edir.
Üç böyük şairin yaradıcılığı timsalında istiqlala gedən yolu və istiqlal əhval-ruhiyyəsini izləyən tədqiqatçının mövzunu son dərəcə rəğbət, səmimi münasibət və vətəndaşlıq borcu ilə yazdığı müşahidə olunur. İstiqlal şairlərinin mübariz obrazını yaradan alim onların fonunda özünün ağsaqqal, müdrik, maarifpərvər simasını da canlandırır. Yavuz müəllim ədəbiyyat tarixinə aid bir çox monoqrafiya və məqalə müəllifidir. Onların hər biri öz elmi məziyyətləri ilə ədəbiyyatşünaslığımızı zənginləşdirir. Lakin tarixi romanlar və istiqlal şairləri haqda yazdığı əsərlər ədəbiyyatşünaslıq tariximizin qiymətli inciləri sırasına daxildir. Bu əsərlərdə Yavuz Axundlunun özünün bir şəxsiyyət kimi obrazı kamilləşib tamamlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!