Elçin müəllimin unudulmaz təbəssümü - Sərvaz HÜSEYNOĞLU

 

Böyük oğluma Xalq yazıçısı, unudulmaz Elçinin adını qoymuşam.

Böyük sənətkar əlamətdar tədbirlər zamanı hər qarşılaşdığımızda özünəməxsus təbəssümlə soruşardı ki, adaşım necədi?

Rayonumuzun ucqar kəndində yaşayan 96 yaşlı atama poçtla "Ölüm hökmü" kitabını göndərmişdi. Ömrünün son günlərinəcən atam o kitabı xüsusi həssaslıqla yanına gələnlərə göstərib, dərin ehtiramla "İlyas Əfəndiyevin oğlu göndərib" - deyə o möhtəşəm kitabın qalın cildini ehmalca sığallayardı.

Ən ümidsiz günlərimdə bilirdim ki, bu böyük, başı özünə qarışmış şəhərdə qayğıkeş Elçin müəllim var.

Təsəllimdi ki, Elçin müəllimin əziz adı ədəbiyyat və əbədiyyət üfüqlərində daim yaşayacaq. Çağdaş ədəbi nəslin üstündə əbədi Elçin yaxşılığı var.

Unutmamalıyıq.

Elçin Əfəndiyev imzası böyük sabahlar üçün var olan imzadı. Səmimiyyət və yaxşılıq imzasıdı.

Evimdə əziz adı saatbasaat çəkilir. Hər dəfə o adı eşidəndə unudulmaz Elçin müəllimin xoş, özünəməxsus təbəssümü, yaxşılıqları gəlib gözlərim önündə durur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!