Ədəbiyyatın dan yeri - axirətin mübarək! - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Elçin mənə ədəbiyyatın yolunu tanıdan və sevdirən imza olub. Ona görə yaradıcılığının bütün tərəfləri haqda söz deməkdə çətinlik çəkməmişəm. Qələmindən çıxan mətnləri yalnız sənət faktı olaraq deyil, həm də milli məfkurə və amal adına yazılan əsərlər kimi qəbul edib onlara güvənmişəm. Ədəbi dövriyyəyə qatılan istənilən mətnin yaşama haqqı yalnız elmi-nəzəri, bədii-estetik məziyyətlərinin sanbalı ilə ölçülməməlidir, onlar həm də milli düşüncəyə təsir baxımından dəyər və sərvət olmalıdır, yaddaşa, ictimai əxlaqa, sosial tərəqqiyə xidmətin miqyası ilə tutum qazanmalıdır. Elçində bu meyar həmişə qorunub, şaxələnən yaradıcılığında müstəqil dövlət təfəkkürü və istiqlal təlimi ilə bağlı mətnlərlə, bütün zamanların millət, din, şəxsiyyət və milli "mən" anlayışına, bədii-estetik ideallarına xidmət edən əsərlərlə zamanı və yaddaşı ifadə edib, onu tarixi və estetik özünüdərkin faktına çevirə bilib.

 

***

Elçinin qələmindən çıxan hər mətni oxumuşam desəm, mübaliğə olmaz.  İlk oxuduğum vaxtdan təsirindən ayrılmadığım hekayə "Baladadaşın ilk məhəbbəti" idi. Əslində, bura Elçinin əksər hekayələrinin adını yaza bilərəm. "Şuşaya duman gəlib", "Beş dəqiqə və əbədiyyət", "Qatar. Pikasso. Latur. 1968.", "Talvar", "Bu dünyada qatarlar gedər" və s. Hələ tələbəlik illərindən sevdiyim bir hekayəsi vardı: "Bozluq içində iki nəfər". Bu mətnin təsiri ilə magistr mövzumu Elçinin hekayələrindən götürmüşdüm. "Nərdivanın birinci pilləsi"ndən başlayaraq bütün maraqlı hekayələrin təhlilini aparmışdım elmi işimdə. Unudulmaz Yaşar Qarayev diplom müdafiəsində mövzumla bağlı alovlu çıxışımı dinləyib sənədlərimi aspiranturaya təqdim etməyi ərz etmişdi o andaca. Sonrası da məlum... Bəzən bir an, bir təəssürat insan həyatında həlledici məqama çevrilir. "Bozluq içində iki nəfər" -  bu hekayədən başlanan yolçuluq bu günə qədər uzandı, onun müəllifi ilə eyni zamanın və ictimai-siyasi, ədəbi-tarixi proseslərin canlı iştirakçısına çevrilmək taleyini yaşadım. Həm də yeni mətnlərlə dolğunlaşan bir tərcümeyi-hala şahidlik edərək, bəzi əsərlərini hələ çap olunmazdan əvvəl mütaliə etmək şansını qazanaraq, zövqünü yaşayaraq...

 

***

Elçin əsərləri və tənqidi məqalələri ilə ədəbiyyat baxışımızın formalaşmasına, bədii-estetik düşüncə yolumuzun aydınlanmasına təsir göstərən yazıçılardan idi. Məncə, bütün gələn nəsillər üçün bu irs elə həmin missiyada olacaq. Elçin "Nəsr və tənqid" kitabında 40-60-cı illər Azərbaycan nəsrini geniş şəkildə təhlil edərək həmin dövrün ən yaxından araşdıran ədəbiyyatşünaslardan biri olub. Sovet dövründə qələmə aldığı hekayələri 60-cı illər nəsrində hadisə hesab olunub və bu gün də romantik təhkiyəsi ilə seçilərək maraqla oxunur. Əsərləri həm mövzu aktuallığı, həm də bədii dəyəri ilə diqqət çəkib.

Elçin nəsri üçün iki səciyyəvi məqamı hər zaman qeyd etmişəm. Biri budur ki, Elçinin əksər əsərlərinin məkan predmeti, sabit mövzu dairəsi və təsvir əhatəsi Bakı kəndlərindən, Abşeron torpaqlarından ibarət olub. Bu torpağın mühiti və məişəti konkretliyi, koloriti qabarıqlığı, insanları psixoloji nüfuz dərinliyi ilə elə dəqiq lövhələrlə canlandırılıb ki, ömründə bircə dəfə də olsun həmin torpaqlara ayağı dəyməyən şəxs o təsvirlərin izini tutub ünvanına yetişə bilər. "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça", "Bayraqdar", "Kaşşeyin taleyi" povestlərində, eləcə də bir sıra hekayələrində Abşeron mühiti ilə mənəvi qovuşmanın əyani təcəssümünü görmək çətin deyil. Digər məqam, Elçinin əksər əsərlərinin əsas predmetini təşkil edən tarixiliklə bağlılıq məsələsidir. Elçinin nəsrində əsas mövzuya çevrilmiş tarixilik onun ən qüvvətli əsərlərinin əsas ağırlıq mərkəzi sayılıb. Tarix bu əsərlərdə hara qədər görünə bilər, hansı səciyyəsi ilə funksionallıq kəsb edər kimi suallar Elçinin prozasında həmişə öz önəmini itirib və tarixdə olmuş hər hansı fakt elə bədii illüstrasiyada təqdim edilıb ki, daha çox bədii mətn olaraq yaşamaq səlahiyyəti qazanıb. "Ölüm hökmü" romanı 1937-ci il repressiyalarının mürəkkəbliyini, insan xarakterinin ziddiyyətlərini açmaq baxımından Azərbaycan ədəbiyyatının ən uğurlu nümunələrindəndir. "Mahmud və Məryəm" əsərindəki şərti-metarforik fonla müvazi verilən dərin  tarixi-fəlsəfi məzmun, müstəqillik dövründə yazdığı, tarixin yenidən interpretasiyasının əksi olan "Baş" romanında isə XIX əsr Azərbaycan gerçəklikləri və Çar Rusiyasının siyasətinin bədii şəkildə təsviri onun roman janrına qazandırdığı yeni mündəricə sayıla bilər. Əsərlərin strukturuna birbaşa zaman ünsürü kimi daxil olan retrospeksiya, zaman paralelləri, çoxqatlı məkan ölçüləri, biri digərini əvəzləyən surətlər polifoniyası, keçmiş zamanlar və məkanlar arasında əlaqələri yaratmağa xidmət edən metaforik çoxqatlılıq bu romanları müəyyənləşdirən əsas struktur vahidi kimi çıxış edir.

1990-cı illərin mürəkkəb və kataklik mühitində də Elçin ədəbiyyat meyarlarına sadiq qalan azsaylı yazıçılardan biri oldu. Həmin dövrdə qələmə aldığı "Məmməd Əmin Rəsulzadə" və "Nəriman Nərimanov" monoqrafiyaları mühacirət ədəbiyyatına yenidən dönüşdə, sovet epoxasının mürəkkəb proseslərinin aydınlaşdırılmasında mühüm rol oynadı. Daha sonra zaman çaşğınlığı və ziddiyyətləri içrə yazdığı "Sosrealizm bizə nə verdi", "Aqoniya, yoxsa təkamül" tədqiqatları! Yenə də zaman qarışıqlığına ayna tutan absurd pyesləri, Qarabağ nisgilli "Bayraqdar", "Qarabağ şikəstəsi", "Sarı gəlin" kimi mətnləri, tarixi səciyyəli "Baş" romanı. Povestləri, hekayələri, esseləri. Bir də müsahibələrində, ədəbi söhbətlərində yer alan saysız-hesabsız ədəbiyyat dərsləri, fikir və düşüncələri...

Elçin çağdaş ədəbiyyatla daim nəfəs alan, həm nasir, həm də tənqidçi postunu ləyaqətlə qoruyan yaradıcı şəxsiyyət idi. Yazıçı tənqidi deyilən anlayışın haqqını verən azlardan idi. Həm güclü elmi-nəzəri bazası, həm də rus və Avropa ədəbiyyatına yaxşı bələdliyi ona milli ədəbiyyatımızla bağla uğurlu paralellər aparmağa, prosesi sinxron, müvazi şəkildə dəyərləndirməyə imkan verirdi. Müsahibələrində və məqalələrində dünya ədəbiyyatından xəbərdar eruditliyi, eyni zamanda Azərbaycan ədəbiyyatının keçdiyi immanent inkişaf qanunauyğunluğuna yaxından bələdliyi ilə fərqlənirdi. 

Amma bütün bunlarla yanaşı, onu fərqli edən bir mühüm cəhət də var. O, çağdaş ədəbiyyatla nəfəs alırdı, ondan gedən bütün təmayül və yenilikçi meyilləri zamanında duyub dəyərləndirməyə çalışırdı. Ədəbi prosesi yaxından izləyir, istedadlı gənc yazıçıların yaradıcılığına daim qiymət verir, onların işıqlı cəhətlərini vurğulamağı özünə borc bilirdi. Ədəbiyyata yenicə addımlayanlar üçün bu dəyər həyatın özü qədər əhəmiyyətli idi.

 

***

Onun nəsrində insan duyğularını təbiət hadisələri əsasında mənalandıran hekayələri ayrıca proses idi mənə görə. Cazibəsindən, estetik aurasından qopmadığım "Tut Budağı, Ərik Budağı və Sarı Bülbül" hekayəsini mənə göndərəndən sonra fikrimi soruşmuşdu. Söhbət əsnasında, "Nağıl niyə? Bu ki, gözəl bir eşq hekayətidir", - demişdim. Gülmüşdü telefonda. "Bəs nahaq yerə mətnə Şekspirin "Romeo və Cülyetta"sından Knyazın bu fikrini epiqraf seçməmişəm ki "...yoxdu dünyada bundan da qəmli dastan"!

Elçin bu məsum mövzunu hekayəsində  orijinal bədii texnika, alleqoriyanın mətnaltı deyimi ilə ifadə edir, dərindəki mətləb, sevgi hisslərinin gizli anlamı məhz alleqoriyanın dili ilə təcəssüm tapırdı. Sevginin hakim kəsildiyi ruhun çarpışmalarını, həsrət və gözəllik duyğusunu açmaq üçün müəllif maraqlı bədii priyom-üslub kimi məhz alleqoriyadan ustalıqla yararlanır, duyğuları ağaclar üzərinə köçürməklə orijinal bədii interpretasiyada təqdim edirdi.

Bugünün nəzərlərindən baxanda bir daha yəqin olur, sanki Elçinin nəsrində  həyatın panoram lövhələri, sosial mənzərələri, həyatın iztirabları, tarixin gedişatı, xalq taleyi kimi ali məqamların ifadəsi bütöv bir Obrazda təmərküzləşib və abtraksiya olunub. Ona görə onun mətnlərindəki əksər obrazlar bizə tanış görünür, sanki yazıçı bütün Missiya məqsədli məsələləri bir Obraza həvalə və etibar edib.

Adətən həyatı idrakda, mənəvi əhval və ovqatda müəyyən mərhələlər var ki, yazıçı ömrün hansısa məqamında addım-addım onlara yetir. Elçində isə belə bir hərəkət sxemi yoxdur, çünki yaradıcılığı əvvəldən dünya, "mən" və varlıq deyilən aləmin qütbündə qərar tutmuşdu. Onun hər mətni mənəvi və əxlaqi evolyusiyaya qatılan, həyatı, varlığı bütün mahiyyəti ilə göstərən bədii-fəlsəfi spektr idi.

 

***

"Mən məmur deyiləm, yazıçıyam", - demişdi müsahibələrinin birində. Bir də yaradıcılıq sirri ilə bağlı verilən suala cavabında "saat beşdən doqquza qədər olan zaman kəsiminin özünə aid olduğunu" vurğulamışdı. Demək, bütün yazdığı mətnlər məhz bu zaman aralığında doğulub Elçin müəllimin! Bəlkə ona görə həyata, dünyaya dan yerinin işığından baxıb... Baxa bilib hər halda, buna nail olub... Ona görə ədəbiyyatın, sənətin nə olduğunu azacıq anlayan insan üçün Elçin həmişə məmur yox, yazıçı statusu daşıyıb. Şəxsən mən Elçini həmişə yazıçı kimi görmüşəm. Yazıçı Elçinin sözünün mötəbərliyinə inanmışam. Bu inamı mənə onun çoxyönlü yaradıcılığının siqləti aşılayıb. Əsərlərinə səpələdiyi müsbət ideallar isə onu üfüq xəttinə, ədəbiyyatın dan yerinə çevirməyi çoxdan bacarıb. Ona görə dünənimizdə və bugünümüzdə olduğu kimi ədəbi fikir həyatımızın gələcəyində də Elçin faktı olacaqdır!

Ədəbiyyatın dan yeri! Axirətin mübarək!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!