İsa HƏBİBBƏYLİ
Azərbaycan ədəbiyyatı özünün canlı klassikini itirdi. Ədəbi aləmdə, adətən yazıçı və şairlər dünyasını dəyişdikdən sonra onların klassikaya aid olub-olmadıqlarını müəyyən edirlər. Xalq yazıçısı Elçin bizim çox azsaylı elə yazıçılarımızdan biridir ki, o, sağlığında Azərbaycan ədəbiyyatının klassikləri sıralarında olduğunu isbat etmişdi. Heç tərəddüd etmədən demək olar ki, Elçin XX əsrin ikinci yarısında yaşayıb-yaratmış bir neçə nəsil yazıçı və şairlərin ən önündə gedən sənətkarlardan idi. "Altımışıncılar"ın ədəbiyyatı magistralda ədəbi hərəkat səviyyəsinə çatdırmaq baxımından Elçin əsas, aparıcı lokomotivlərdən biri olmuşdu. Elçin hələ yaradıcılığının sovet dövrü mərhələsində yaşadığı cəmiyyətin dəyişdirilməsinə təsir göstərə bilən ciddi bədii əsərlərin müəllifi olmuşdu. Azərbaycan cəmiyyətində sovet ideoloji təfəkküründən milli şüurun oyanışına keçidin formalaşmasında Elçin zamanı qabaqlamışdı. O, psixoloji xüsusiyyətlərə malik əsərləri ilə həyatın dərinliklərini, hətta çirkinliklərini və mürəkkəbliklərini göstərməklə oxucusunu gözəlliyə və gələcəyə çağırmışdır. Bu cəhətdən Azərbaycanın görkəmli xalq yazıçısı Elçini yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə rus və dünya ədəbiyyatının böyük simalarından olan Fyodor Dostoyevski ilə müqayisə etmək olar. Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanları Azərbaycan ədəbiyyatının milli özünəməxsusluğa malik "Cinayət və cəzası"dır. Əgər əsərləri xarici dillərə mükəmməl tərcümə edilərsə, Azərbaycan dünya ədəbiyyatına yeni tarixi dövrün fərqli bir Dostoyevski tipli yazıçısını qazandırmış ola bilər. Cəmiyyətşünaslıq və psixologizm baxımından Elçin mənsub olduğu xalqın və müasir dünyanın "gözünün açılması"na təsir göstərə bilən əsərləri ilk növbədə ölkəsinə, xalqına, ümumiyyətlə bəşəriyyətə xidmət göstərə bilmiş yazıçıdır. Təpədən-dırnağa qədər azərbaycançı olan Elçin məhdud regional baxışların çərçivəsini aşaraq, həm də bütövlükdə insanlığa aid olan yazıçı idi. Elçin dünyaşöhrətli böyük ingilis ədibi Uilyam Şekspir mövzusunda dram əsəri yazıb. Həmin əsəri Şekspirin vətənində, London şəhərində göstərmək məsuliyyəti və cəsarəti ortaya qoymuş görkəmli Azərbaycan yazıçısıdır. Elçin Azərbaycan səhnəsində "absurd teatr" adlı fərqli bir teatrın da yaradıcısıdır. Elçinin simasında Azərbaycan özünün yüksək intellektual yazıçısı və ictimai xadimi ilə vidalaşmışdır. Elçin qədər böyük mütaliə dairəsinə, geniş dünyagörüşünə malik olan yazıçı və şair göstərmək çətin olar. Dünya ədəbiyyatına dərindən bələd olan Elçin dünya yazıçıları səviyyəsində düşünməyi və yazmağı bacaran qüdrətli Azərbaycan yazıçısı idi. Fikrimcə, elmi-intellektual düşüncə Elçinin ədəbiyyat istedadının donoru olmaqla, onun cəmiyyəti və dünyanı qavramağa bələdçilik edən mükəmməl bədii əsərlər yazmasını şərtləndirmişdir. Ölkəni və dünyanı elmi-siyasi şəkildə qavramaqla bədii düha olaraq dərindən hiss etmək Elçinin əsərlərindəki dərinlik və müasirliyin açarıdır. "Mahmud və Məryəm"i, "Ölüm hökmü" və nəhayət, bütöv bir epoxanı əks etdirən "Baş" tarixi romanını intellektual baxış, bilik və hətta siyasi təcrübə olmadan, yalnız bədii istedadın hesabına yazmaq mümkün olmazdı. Elçin dünya baxışlarında intellektual olmaqla yazıçılıqda professionallıq nümayiş etdirməyin nadir və nəhəng təzahürlərindən idi.
Xalq yazıçısı Elçin özünəməxsus siyasi baxışlara malik olan ictimai xadim idi. İntellektuallıq, yüksək bədii istedad siyasi düşüncə və təcrübə ilə birləşərək Elçin səviyyəsində bir şəxsiyyəti yetişdirmişdir. Elçin sözün əsl mənasında yazıçı-mütəfəkkirdir. O, yazıçılıqla yanaşı, Azərbaycan parlamentinin deputatı, Baş nazirin müavini, Xaricdə yaşayan həmvətənlərimizlə əlaqə - "Vətən" cəmiyyətinin sədri olaraq siyasətin də çətin və mürəkkəb sınaqlarından şərəflə keçmişdir. Elçin ədəbiyyatda olduğu kimi, ictimai-siyasi fəaliyyətində də Azərbaycançılıq idealına xidmətin nümunəsi idi. Elçinin bədii əsərlərini XX əsr Azərbaycan cəmiyyətinin ədəbiyyat vasitəsilə ifadə edilmiş ictimai-siyasi traktatları kimi də qəbul etmək mümkündür.
Xalq yazıçısı Elçinin dünyasını dəyişməsi Azərbaycan elmi ictimaiyyəti üçün də böyük itkidir. Elçin cavanlıq yaşlarından ömrünün sonlarına qədər yazıçılıqla paralel olaraq tənqid və ədəbiyyatşünaslıqla da fəal surətdə məşğul olmuşdur. O, 1970-ci ildə "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, 1997-ci ildə isə "Ədəbiyyatda tarix və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir; filologiya elmləri doktoru, professor idi. Bu rəsmi elmi adlar və elmi dərəcələr bir yana, Elçin son yarım əsrdən artıq bir dövrdə ölkəmizin ən sanballı və nüfuzlu ədəbiyyat tənqidçisi olaraq qəbul edilirdi. Ədəbi tənqidin vəziyyəti və vəzifələri haqqında da ən ciddi və elmi sözü, demək olar ki, çox vaxt Elçin müəllim demişdir. Bu baxımdan Elçin Azərbaycan ədəbi tənqidinin atası funksiyasını ləyaqətlə yerinə yetirmişdir. Elçindən sonra bu missiyanı görəsən, kim və hansı səviyyədə yerinə yetirə biləcəkdir?!.
Dostları üçün isə Elçinin dünyasını dəyişməsi dərin mənəvi münasibətlərdə əvəzolunmaz bir boşluq yaradıb. Müasir Azərbaycan ədəbiyyatının görkəmli yazıçıları olan Elçinlə xalq yazıçısı Anarın dostluğu şəxsi münasibətlərdəki çoxillik dostluğun sınaqlarından çıxmış etibarı ilə birlikdə, həm də ədəbi-ictimai mühitdə ədəbiyyatı, ədəbi simaların adlarını qarşıya çıxan haqsız-lüzumsuz təhdidlərdən və tənqidlərdən qorumaqda vahid mövqe nümayiş etdirməyin əyani nümunəsi idi. Ədəbi mübarizələrdə bərkimiş bu sədaqətli dostluq XX əsrin əvvəllərindəki Mirzə Cəlil Məmmədquluzadə ilə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidlə Abdulla Şaiqin, Səməd Vurğunla Yusif Məmmədəliyevin və Osman Sarıvəllinin dostluqları kimi təkcə ədəbiyyatımızın yox, ədəbi fikrimizin də qoşa qanadı missiyasını məsuliyyətlə və şərəflə yerinə yetirməyin, ədəbiyyat vasitəsilə cəmiyyəti qabağa aparmaq uğrunda mübarizənin rəmzi idi.
Mənim Elçin müəllimlə münasibətlərimin də uzun bir tarixçəsi vardır. Belə ki, mən 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə aspiranturasına qəbul olunduqda ilk tanıdığım adamlardan biri həmin şöbənin böyük elmi işçisi Elçin Əfəndiyev olub. Onda Elçin artıq namizədlik dissertasiyasını müdafiə etmişdi. Görkəmli rejissor və böyük sənətşünas Mehdi Məmmədovun rəsmi opponent kimi onun haqqındakı rəyini "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirməsi hadisə hesab olunmuşdu. Çünki çox müstəsna hallarda opponent rəyi mətbuata çıxarılırdı. Mehdi Məmmədovun dissertasiyasında Elçin Əfəndiyevin elmlər doktorluğu dissertasiyalarının yüksək tələblərə cavab verən problemlərin qaldırılıb həll olunduğunu qeyd etməsi cavan yazıçı Elçinin həm də istedadlı bir elm adamı olduğunu cəmiyyətə bəyan etmişdi. Mənim namizədlik dissertasiyamın mövzusu o zaman Akademiyanın müxbir üzvü olan Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi Ədəbiyyat nəzəriyyəsi şöbəsinin iclasında müəyyən edilərkən, Elçinin dediyi fikirlər indiki kimi yadımdadır. Şöbənin əməkdaşlarından hərəsi mövzuya dair hansı ədəbiyyatları oxuyub öyrənməyi, nələrə daha çox diqqət yetirmək haqqında təkliflər səsləndirdikləri həmin iclasda dissertasiya mövzumun "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" kimi müəyyənləşdirildiyini nəzərə alan Elçin, diqqətimi həmin illərdə SSRİ miqyasında ədəbiyyat nəzəriyyəsi sahəsində dəbdə olan bir məsələyə yönəltmişdi. Dövrün ədəbiyyat nəzəriyyəsində (bir çox hallarda indi də) sənətkarlıq məsələlərindən bəhs edilərkən populyarlıq naminə yazıçı və şairin poetikası formatında tədqiqatlar aparmağa meyil edirdilər. Aleksandr Çudakovun "Çexovun poetikası" monoqrafiyasının geniş səs saldığı, populyarlaşdığı o illərdə ədəbiyyat nəzəriyyəsində mövcud baxış bu modelə üstünlük verməyi tələb edirdi. Elçinin tövsiyəsi isə bunun əksinə idi. O, Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Arif Hacıyev kimi nüfuzlu ədəbiyyat nəzəriyyəçiləri qarşısında bildirirdi ki, ədəbi şəxsiyyətin poetikası yox, ömür yolu, dünyagörüşü, xidmətləri, kitabları ola bilər. Poetika yazıçının şəxsiyyətinə deyil, yaradıcılığının, onun əsərlərinin özünəməxsusluğuna, sənətkarlıq xüsusiyyətlərinə aid olan məsələdir. Yazıçının poetikası anlayışı elmi cəhətdən düzgün olmadığı kimi, həm də istər-istəməz tədqiqatçıdan sənətkarın həyatı və yaradıcılığı haqqında yazmağı tələb edir ki, bu hal mövzunu ədəbiyyat nəzəriyyəsindən uzaqlaşdırır.
Ədəbiyyat nəzəriyyəsi sahəsində kütləvi axına qarşı vaxtilə deyilmiş bu fikirlər nəinki o zaman üçün, bu gün də obyektiv elmi gerçəklik kimi ədəbiyyat nəzəriyyəsi baxımından öz əhəmiyyətini saxlayır. Azərbaycan ədəbiyyatında hekayə axını müşahidə olunanda da Elçin bir tərəfdən, Abşeron motivləri üstündə köklənmiş "Balaqədeşin ilk məhəbbəti" silsiləsindən olan unudulmaz hekayələrini, yaxud yalnız özünəməxsus olan bənzərsiz "Gümüşü, narıncı, məxməri" üslubunda qələmə alınmış hekayələrini cəmiyyətə təqdim etməklə əsl hekayənin necə olmasını canlı örnəklərlə göstərməklə hekayə axınının səmtini ən yaxşı hekayəyə doğru yönəltmişdi. İkinci tərəfdən isə, Elçin elmi şəkildə hekayə axınının mahiyyətini açıb göstərən və yalnız "axını" tənqid etməklə yox, çıxış yollarını müəyyən etməklə də "axına qarşı" olmağın fərqli nümunəsini təqdim etmişdir. Azərbaycan ədəbiyyatında roman bumu yaşananda da hər iki cəbhədə, həm bədii yaradıcılıq sahəsində və həm də ədəbi tənqiddə ən nüfuzlu yazıçı-tənqidçi sözünü Elçin demişdi. Elçin uzun illər "mürtəce burjua ziyalıları" adlandırılaraq tənqid olunan Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi mütəfəkkirlər haqqında obyektiv həqiqəti ilk deyənlərdən biri idi. Keçid dövründə bu görkəmli ziyalılar Azərbaycanın digər yazıçılarına və mütəfəkkirlərinə qarşı qoyulanda da Elçin "birini ucaltmaq o birini alçaltmağın hesabına olmamalıdır" - deyərək bu kortəbii kütləvi axına qarşı çıxmış, ədəbi-ictimai fikrin istiqamətini dəyişməyə nail ola bilmişdir. Yaxud sovet ədəbiyyatının əsas yaradıcılıq metodu olan sosialist realizmi ədəbiyyatına yalnız birtərəfli münasibət dalğasının qarşısında da Elçin dayanmışdı. "Sosializm bizə nə verdi?" adlı elmi əsərində o, bu vahid yaradıcılıq metodunun mənfi cəhətlərini göstərməklə bərabər sovet dövründə yaşayıb-yaratmış bütün sənətkarların üzərindən eyni dərəcədə qara xətt çəkməyin əleyhinə çıxmışdır. O, tənqid etmək naminə tənqidçi olmağın da əleyhinə idi.
Beləliklə, görkəmli yazıçı-tənqidçi Elçin əsl vətəndaş ziyalı kimi ümumi kütləvi baxışlara dərin, əsaslandırılmış tənqidçi münasibəti bəsləməklə Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin, geniş mənada ictimai fikrimizin sağlam məcrada irəliyə doğru inkişaf etdirilməsi uğrunda ardıcıl olaraq mübarizə aparmışdır. O, daşıdığı yüksək rəsmi vəzifələrin nüfuzundan Azərbaycan ədəbiyyatının və elmi ictimai fikrin xeyrinə istifadə edərək, vətəndaş ziyalı-mütəfəkkir missiyasını həyata keçirmişdir.
Elçin dostluqda da "axın"ın tərəfdarı deyildi. Son illərdə qədim dostu Anarla bizim üçlükdə, bəzən dördlükdə olan dost süfrəsi ətrafındakı ədəbiyyat və həyat haqqındakı unudulmaz söhbətlərimizə əlavə kimlərinsə qarışmasına iclas kimi baxırdı. Növbəti görüşümüz iyul ayında olmalı idi. Xəstələnməyi haqqında məlumatlı idik. Zəngləşirdik, "indi vəziyyətim yaxşıdır", - dedi. Özünəməxsus yumorla əlavə etdi ki, evdəki "generallar" hələ ki şəhərə çıxmağa icazə vermirlər. Anar müəllim zəng vuranda ona da səhhətinin yaxşı olduğunu deyibmiş. İndi yadıma düşür ki, Elçin müəllim son hekayələrindən birində "Əcəldən qaçmaq olmaz" qənaətini yekun fikir kimi ümumiləşdirmişdi. Hekayə haqqında fikrimi soruşanda yarızarafat: - Sonluq mistik realizmin ifadəsidir, - demişdim. - Siz isə neorealist yazıçısınız. Əslində isə hekayənin dəyəri Elçin müəllimin uzun illərdən sonra Abşeron mövzusuna yenidən qayıdıb cavanlıq dövründəki yaradıcılıq şövqü ilə kiçik bir novellada bu dəfə təkcə Balaqədeşin yox, Abşeron koloritli bütün təbəqələrin bənzərsiz obrazını yaradıb ümumiləşdirməsində idi. Sanki yaxın taleyindən xəbərdar imiş kimi, Azərbaycan hekayəçiliyinin şedevrlərindən olan "Balaqədeşin ilk məhəbbəti" silsiləsini tamamlamışdı...
Nə isə... Zəngləşdiyimiz vaxtdan on-on beş gün keçməmiş xalq yazıçısı Anar sədaqətli dostu, ədəbi mübarizələrdə birgə addımladıqları, görkəmli yazıçı Elçin haqqında vida sözü deməli, mən isə vida məqaləsi yazmalı oldum...
Heyhat, bu dünyadan Elçin keçdi!..
Bəli, məhz keçdi, "köçdü" sözü ona aid deyildir. O, ədəbiyyatda və həyatda dərin izlər salaraq, sanki "burdan bir atlı keçdi" kimi, həyatda və ədəbiyyatda dərin izlər qoyaraq, yaxud da özünün yazdığı şəkildə sonuncu dayanacağı olmayan, gələcəyi mənalandıran əbədbiyyət qatarları kimi keçdi. Əsərləri və idealları diləklərə, xatirəsi isə ürəklərə köçdü...
4 avqust 2025-ci il
İstanbul
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!