Elçinə ağı - ANAR

ANAR

 

Mərdəkanda bağ evindəyəm. Məzuniyyətimin ilk günüdür. Telefon zəngi. Telefon dəstəyindən qulağımı ilan kimi çalan acı xəbər: Elçin Əfəndiyev vəfat edib.

Şok xəbər hafizəmizdə möcüzəvi bir sürətlə xatirələri canlandırır. Tələsdirilmiş kino kadrları kimi bütün ötənlər bir an içində gözümün önündən keçib gedir - 60 il birgə yaşanılmış ömrün səhifələri...

Azərbaycan rayonlarına, azad olunmuş Şuşaya birgə səfərlərimiz, Moskvada, Kislovodskda, Parisdə, İstanbulda, Ankarada keçən unudulmaz günlərimiz. Atamı, anamı itirdiyim ağır günlərimdə Elçini yanımda görməyim, İlyas müəllim rəhmətə gedəndə Elçinin yanında olmağım, Rəsul Rzayla İlyas Əfəndiyevin xoş münasibətlərindən başlayan, İlyas müəllimin anam Nigar Rəfibəyli haqqında son dərəcə səmimi yazısından keçən iki ailənin məhrəm ünsiyyəti, hər xoş məclisimizdə, balalarımzın, nəvələrimizin toylarında, nişanlarında, Elçinlə mənim, Nüşabə xanımla Zemfira xanımın yanaşı oturmağımız, qızlarımızın - Günayla Günelin mehriban dostluğu və daha nələr, nələr... Cavanlığımızda, demək olar ki, hər gün görüşürdük, son illərdə ayda iki-üç dəfə görüşüb nahar edirdik. Başqa heç kəslə bölüşə bilmədiyimiz məhrəm söhbətlərimizi unutumaq olarmı?

Və bu iki-üç saat ərzində hər yarım saatdan bir Günayın, Humayın, Aysunun Elçinə telefon zəngləri, Elçinin də həmişəki cavabları: - Anar əminlə oturub çay içirik - bütün bunlar və neçə-neçə başqa unudulmayacaqlar an içində gözümün qarşısından keçib gedir.

Əlbəttə, iki yazıçının əsas ünsiyyət səbəbi - ədəbiyyatdır. Hər yeni yazımızı, ilk növbədə, bir-birimizə oxuyardıq, ya oxumağa verərdik. Bütün bunların bir daha təkrar olunmayacağını düşünmək ağırdır. Çox ağır.

Vaxtilə Elçinə həsr etdiyim şeirdə belə misralar var:

 

Ömrün mənası nədir,

belə qısadır neçin?

Mən ki bunu bilmədim,

sən bilirmisən, Elçin?

 

Mən hələ də nə ömrün mənasını, nə belə uzun ola-ola belə qısa olmasının səbəbini anlaya bilmədim. Elçin bilirdisə, bu sirri özüylə apardı.

Ədəbiyyatımız böyük nasiri, dramaturqu, tənqidçini, ictimai-siyasi həyatımız mötəbər şəxsiyyəti, yaxınları qayğıkeş ailə başçısını, mən bizim nəsildən olan dostlarımdan sonuncusunu itirdim.

Bunu düşünmək və bu sözləri yazmaq ağırdır. Məntiqə görə bu vida sözlərini mənim haqqımda məndən beş yaş kiçik olan Elçin yazmalıydı. Amma Əcəlin öz izaholunmaz cədvəli var.

Riyakarlıq edib "itirdiyim dostlarımla, Elçinlə tezliklə görüşmək arzulayıram" demək istəmirəm.

Hər şeyə rəğmən yaşamaq istəyirəm. O sıradan qeyb etdiyim munis insanları, yaxınlarımı yaddaşımda, qəlbimdə, yazılarımda yaşatmaq üçün yaşamaq istəyirəm.

Əlvida, Elçin, əlvida, dostum, qardaşım.

 

3 avqust 2025


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!