Elçin itkisi - Afaq MƏSUD

 

Elçinlə bağlı ağır xəbəri Bakıdan xeyli uzaqlarda böyük sarsıntı içində aldım... və elə həmin dəqiqə də gözlərim qarşısında unudulmaz İlyas Əfəndiyev, uzun illər qonşuluq etdiyimiz Hüsü Hacıyev 19  ünvanlı məşhur Yazıçılar binası, axşamüstülər dama-dama köynəyində binanın 2-ci mərtəbəsindəki açıq eyvana çıxıb bizim badminton oyunumuza tamaşa edən gənc yazıçı Elçin canlandı... “Ölüm haqdır” deyirlər, “hər kəsin yazısı var” deyirlər... amma ölümlər var ki, bütöv bir millətin, xalqın mənəvi həyatında dərin çatlar açır, qəlblərdə sağalmaz yaralar yaradır... bizim Elçinin itkisi kimi...

Bu itki təkcə ədəbiyyatımızın, elmi, mədəni həyatımızın itkisi deyil. İtirdiyimizin dəyəri daha dərinlərdə - qəlbimizin, ruhumuzun tapındığı mübhəm ərazilərdədir... Sözün işığına sığındığımız, gücünə inandığımız səssiz ərazilərdə. Bu itki yaşadığımız amansız zaman kəsiyində barışmalı olduğumuz itkilərdən ən ağrılısı, ən sağalmazıdır - böyük ziyalı itkisi...

Elçin sözün əsl mənasında böyük ziyalı idi... Bədii sözün eşqi ilə yaşayan, yazıb-yaratmaqdan usanmayan böyük Söz Adamı idi. Fəaliyyəti, şəxsiyyəti, ləyaqəti və əməlləri ilə milli maarifçilik ənənələrimizi yaşadan fədakar qələm sahibi, parlaq Azərbaycan ziyalısı nümunəsi idi. Mənim üçün isə Elçin hər zaman uşaqlıq xatirələrimdə olduğu kimi - babamın yaxın dostu, əziz İlyas müəllimin yaraşıqlı, istedadlı, zəhmətkeş oğlu, sonradan sevimli yazıçıma və hər zaman diqqətini, qayğısını duyduğum yaxın dostuma çevrilən doğmamtək qalacaq...

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!