Epiloq əvəzi
Bu işıqlı insan, işıqlı duyğuların tərənnümçüsü olan şair haqqında qaranlıq bir axşamda yazmağa başladım… və bir də baxıb gördüm ki, axşamın üzünə işıq düşməyə başladı…
…Mən elə Əjdər Olu "İşıq" nəşriyyatında işlədiyi vaxtlardan tanımağa başladım. Yapışıqlı, ciddi görkəmi, ağayana davranışları, işıqlı çöhrəsi yaddaşıma hopub qaldı…
Onun yazdığı şeirlərdən də işıq süzülürdü. Adama elə gəlirdi ki, bu işıq seli bitib-tükənən deyil, bu gün də, sabah da o işıq misralardan boy göstərəcək, neçə-neçə ürəyə hopacaq, oxucu qəlbindən keçən "naqil"lərdə yenidən doğulacaq, hər yanı tutacaq bu işıq…
M.Araz yazırdı: "Yaxşı şeir, ümumiyyətlə, şeir onu oxuyanı müxtəlif cəhətlərə dartır. Özünə sual verirsən: bu yazı, bu şeir hansı dadı, hansı duzuyla yaxşıdır; o, ətrafı görə bilirmi? Görürsə, necə görür? Sözünün rəngi varmı? Əsrin, zamanın suallarına hansı poetik dillə cavab verir?
Yüngülcə gəzişmələr edib görürsən ki, Ə.Olun da şeirlərində bir işıq rəngi var, həm də bir rənglər silsiləsi… Bu işığın "izi"nə düşüb, insanın içini, göy üzünün sirrini, dağ havasının ətrini, hərdən ağzına "su" alıb susan dənizin ləpələrlə qırçınlanmış cazibəsini rahatca görmək olar.
Mənim xəyalımda göy meşə saxla,
Sənədsiz iri bir dənizin olsun.
Mənə bir ilahə göstər uzaqdan,
And yerim, təsəllim, təmizim olsun.…
Qanadlı duyğulardır, deyilmi?!
Ə.Olun yaradıcılığında diqqəti cəlb edən bir məqam da onun ayıq mövqeyi, vətəninə, doğma dilinə bağlılığıdır. Hansı janrda, hansı mövzuda yazır-yazsın. Əjdər çox səmimidir, elə həyatda olduğu kimi. Bu mənada Əjdər öz yazılarına çox oxşayır.
Ə.Olun yaradıcılığı bayağılılıqdan, ritorikadan çox uzaqdır, o, heç bir "izm"in cərəyanın ardınca düşmür. Ənənə ilə müasirliyin üzvi bir harmoniyasını yaradır, oxucunu necə deyərlər, dağa-dərəyə salmır, özünün sadə, oxunaqlı üslubunu yaradır.
Onun yaradıcılığındakı canlanma eyforik deyil, göz qamaşdıran zahiri parıltıdan əsər-əlamət yox, hər şey təbii, rəvan və ürəyəyatımlıdır:
Gördüm nimdaş buludların
Bir ucdan süzülməyini.
Quşların ordudan qabaq
Nizama düzülməyini.
Puşkin yazırdı: "Şair gərək Allah qədər gözəl olsun bu dünyada…" Fikrimcə, böyük rus şairi bir az ifrata varıb. Allah qədər gözəl olmağa nə ehtiyac? Şair elə insan qədər kamil, mükəmməl olsa, bəs etmirmi? O insan qədər ki, daxili iztirabları, mənəvi-əxlaqi parametrləri ilə əsl insan kodunu tamamlasın, heç bir gizli şifrəsi qalmasın, hər şey apaydın olsun. Əjdərin şeirlərindəki lirik "mən" məhz bu mənəvi və bədii məziyyətlərə cavab verən bir fərddir, yetkin, zəngin "dosye"si olan bir vətəndaşdır:
…Mənim dayaq nöqtəm öz içimdədir,
Hər zaman könlümdən arxayın oldum.…
Əjdərin şeirlərinin qəribə ritmi, ahəngi var, qafiyələr sistemi elə orijinaldır ki, elə bil yalnız onun üçün yazılıb: Əjdərin bədii idrakı həm irfani, həm insanidir, Allahla insan vəhdətdədir, həm də məntiqi bir vəhdətdə. Onun duyğular aləmi sanki vizualdır, hərçənd həm də əsrarəngiz və sirlidir:
Gir sınıq qapıdan, eh, nə desən də
Anlanaq qiyamət sorağı kimi.
Səni haqq gətirib yellər əsəndə,
Sapsarı bir Quran varağı kimi.
"Allah evi" şeirindən
Poeziya heyrətdən yaranır, - ilahi, ruhani heyrətdən. "Heyrət, ey büt, surətin gördükdə lal eylər məni…" - deyirdi ustad Füzuli Bağdadi. Bu ilahi heyrət poeziyanın iliyi, mayası, cövhəri kimi dəyərləndirilib müdam. Böyük poeziya həm də Allahın, ilahi varlığın dərk olunmasına xidmət edib. Kainatın mistik qatları, mübhəm layları ilahi poeziyanın qarşısında pərdə-pərdə açılır. Pərdə qalxır, nə qədər əsrarəngizliklərin, ruhani-irfani cazibələrin şahidi olursan.
Ədəbiyyat bəzən illüzon, utopik xoşbəxtliklər vəd etsə də, hər halda vizual ahəngi və cazibədarlığı da könül oxşayır. "Heç bir insanın ömrü Bodlerin bir misrasına dəymir" deyəndə yanılmırdı dahi Akutaqava…
Həyat kimi ölüm də poeziyanın əbədi mövzularındandır. Qədim Zenbüddist fəlsəfəsində belə bir deyim var: "Bizim həyatımız uzun ölümümüzdə qısa fasilədir".
Yaradıcılıq sanki bir az da öz gücünü ölümdən alır. Həyat insanın nazını çəkməyə bilər, insan ölümün nazını mütləq çəksin gərək.
Əjdər Ol ölümdən, qəmdən, əzabdan necə deyərlər, həyatın kölgəli üzündən yazanda da özünəməxsusdur, bayağı sızıltı, mərsiyə üslubu, tabut lirikası onun qələmindən uzaqdır. Onun əzabı da alicənabdır:
Əzabı mən elə gözəl çəkirəm,
Çəkdiyim əzabdan heç kəs usanmır.
Və ya:
Mənə gələn zərbə özümə dəyib,
Onu qardaşıma ötürməmişəm.
Bircə bayrağım var, döyüş bayrağı,
Yanımca ağ bayraq götürməmişəm.…
Noralis yazırdı: "Yazdığın şeir sənə yox, sən yazdığın şeirə məxsussan". Dəqiq ifadədir. Hər şairi yazdığı şeirdən soruşub tanımaq olur.
Hər şairin içini-çölünü, daxili mahiyyətini, mənəvi-psixoloji çırpıntılarını yazdığı misralar nişan verir.
Elə Əjdər Olu da tanımaq, onun daxili aləminə nüfuz etmək üçün uzaqlar gərək deyil, bir neçə şeirinin "içi"nə girmək bəs edir.
Əjdər Ol gələcəkdə yaşayan şairdir. Onun şeirlərində hazırcavab bir ümid, qətiyyət, parlaq bir işıq var. Onun hətta kədərli şeirləri də pessimist deyil. Xoş sabahlara, işıqlı gələcəyə, zərif duyğularla qol-boyun olmağa çağırışdı bu şeirlər…
Poeziya "fikirlərin bədii oyunu" (Kant) olsa da, ancaq həm də oyunbazıq, gəlişigözəllik deyil, fikrimizcə, hətta modern, avanqard şeirdə də real ilmələr, canlı ornamentlər olmalı. Poeziya adlanan bu füsunkar "Xalı" dəbdən düşməsin deyə…
…Ə.Olun hər şeri bir ümid ağacıdır, bir işıq çələngidir. Bu ümid, bu işıq doğulur, boy atır, qocalır, ancaq ölmür, hər dəfə yeni görkəmdə, yeni biçimdə, yeni ovqatda boy göstərir.
Azalmasın, sozalmasın işığın, şair!
Bu ümiddən, bu işıqdan muğayat ol… Sənin, mənim, onun, yerin, göyün ruhi firavanlığı üçün o işığa ehtiyac var:
Mənim gücüm çatmır, qoru ilahi,
Qoru, qoru mənim sevdiklərimi.
Yarıt uşaqları barı, ilahi,
Qoru evlərini, evciklərini…
…Tanrı qorusun, sənin İşıq səltənətini də qorusun, şair!".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!