Ədəbiyyat Fondu Şuşada Anarın yeni kitabını təqdim edib

Şuşada Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin təşkilatçılığı ilə təşkil edilmiş  Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Azərbaycan Ədəbiyyat Fondu Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimat mərasimini keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatında, Fondun layihəsi olaraq nəşr edilmiş “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabı Azərbaycan ədəbiyyatına 7 xalq şairi və yazıçısı bəxş etmiş iki ailənin – Səməd Vurğun və Rəsul Rza ailəsinin üzvləri, onların amansız Stalin repressiyası, növbəti kommunist diktaturası buxovları şəraitində fəaliyyətlərinə işıq tutur, ədəbiyyat tariximiz barədə çox unikal bir nəşr olaraq diqqət çəkir.

Nəfis tərtibatlı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub. Bu nəşr onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun, ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatıldığı tədbiri Ədəbiyyat Fondunun baş direktoru Varis açaraq Vaqif Poeziya Günlərinin ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğuladı. Bildirdi ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.

Kitaba Anarla müsahibəsi daxil edilmiş yazıçı, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək bildiriblər ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş nəhəng şəxsiyyətlərdir.

Natiqlər vurğulayıblar ki, Anar bu əsəri ilə həm tarixi faktları sənətkarlıqla təqdim edib, həm də ədəbi nəsillər arasında görünməz, lakin möhkəm bir bağ yaradıb.

Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müxtəlif illərdə və müxtəlif ədəbi üsullarda yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.

Diqqətə çatdırılıb ki, kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.

Daha sonra Xalq yazıçısı Anar çıxış edərək kitabın yazılma səbəblərini aşkarlayıb, illər boyu Səməd Vurğun və Rəsul Rza ailələri barədə yaranmış əsassız miflərin, tənqidlərin real faktlarla, sənəd və dəlillərlə vurulmasının ədəbiyyat tariximiz üçün necə vacib olduğunu vurğulayıb, kitabın məhz Şuşada, Məhz Vaqif poeziya günləri çərçivəsində təqdim edilməsini isə sevindirici bir hadisə olmasını qeyd edib. Axı Rəsul Rza ailəsi Şuşa ilə tarixən bağlı olublar, Səməd Vurğun isə Molla Pənah Vaqiflə eyni kənddə - Qazax mahalının Yuxarı Salahlı kəndində doğulublar.

Qeyd edək ki, 608 səhifəlik bu kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.

Kitaba “Ön söz”ü akademik Nizami Cəfərov yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir.

Qeyd edək ki, kitabın çapına “Qazax Xeyriyyə” İctimai Birliyi maliyyə dəstəyi göstərmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!