AYB Mətbuat xidmətindən

 

"Yeni Müsavat" qəzetinin N117 (8727) 10 iyul 2025-ci il tarixli buraxılışında Azərbaycan Yazıçılar Birliyinə, onun çoxsaylı üzvlərinə qarşı təhqir dolu yazı dərc edilib. Yazının müəllifi qəzetin köşə yazarı Zamin Hacıdır. Növbəti dəfə faktları təhrif edən Zamin Hacı guya AYB-nin üzvü, gənc şair Həsən Kürün ölüm xəbərinə biganəlik göstərdiyimizə görə bizə irad tutur. Halbuki, Yazıçılar Birliyi heç bir üzvünə qarşı heç vaxt biganə olmayıb. Həsən Kürün ölüm xəbərini ilk paylaşanlardan və rəhmət diləyənlərdən biri Yazıçılar Birliyi olub. Allah yenə də rəhmət eləsin. İlk dəfə deyil ki, bu köşə yazarı kiminsə ölümündən AYB-yə qarşı təxribat yaratmaq üçün istifadə edir. Bu isə çox böyük şərəfsizlikdir. "Yaşılbaş şair" adlı məqalədə "demensiyalı qocalar", "herontofil yaltaqlar təşkilatı" kimi jurnalist etikasına, nüfuzlu bir qəzetə yaraşmayan ifadələr işlənilib. Əlbəttə, bu təhqir dolu ifadəyə görə müəllifi məhkəməyə verə bilərdik. Ancaq Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində həmişəki kimi humanist davranmanı üstün tutduq. Təkrar edirik, bu, Zamin Hacının və "Yeni Müsavat"ın Yazıçılar Birliyi ilə bağlı ilk belə təxribatı deyil. Hər gün köşə yazısı yazmağa boyun olmuş müəllif mövzu tapmayan kimi Yazıçılar Birliyinə sataşmaqla diqqət çəkməyə çalışır. Zamin Hacı harada işlədiyini, qəzetin illər əvvəlki mövqeyi ilə bugünki mövqeyini götür-qoy etsə, bu ifadələri başqaları haqqında işlətməkdən çəkinər. Azərbaycan Yazıçılar Birliyi olaraq yazı müəllifinə sonuncu xəbərdarlığı edirik. Növbəti dəfə belə səviyyəsiz, təhqir dolu yazılara dözməyəcək, məhkəməyə müraciət edəcəyik.

P.S. Bu da yazı müəllifinin günahdan betər üzrxahlığı. Rəşad Məcidə göndərdiyi SMS-dən:

Razıyam, bir az barıt çox olub. Əslində belə yazıları sevmirəm. Bir az o gəncin ölümü emosiyalarımı oyatdı. Sizin mövqeyinizi nöqtə-vergülünə toxunmadan dərc edə bilərəm köşəmdə.

 

***

Rəşad bəy, yazdığım kimi, emosiyaya qapıldığımı etiraf edirəm. Kütləvi istehsalda bəzən brak da olur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!