AzTV - Xalqın mənəviyyat çırağı - Ziyad Səmədzadə

Televiziya mənsub olduğu millətin mənəviyyat güzgüsüdür. Gərək bu güzgünün önünü müqəddəs ideallarımızı, ən ülvi əxlaqi keyfiyyətlərimizi, ən halal arzularımızı, ən bakirə duyğu-düşüncələrimizi, ən möhtəşəm əməllərimizi tərənnüm edən verilişlərimizlə bəzəyək.

Nə yaxşı ki, Azərbaycan televiziyası bu inkaredilməz həqiqətə daim sadiqdir. Yurdumuza gələn qonaqlar bu əlvan, konül oxşayan, estetik cazibə gücünə malik olan vitrinə heyranlıqla, məhəbbətlə, ehtiramla tamaşa etməklə Vətənimiz haqqında, onun vətəndaşları haqqında, millətin dövlətçiliyimizə müqəddəs yanaşması barədə qənaətə gəlir.

Azərbaycan televiziyası və radiosu daim dövlətçiliyimizə şərafət çırağı tutur. Ölkəmizin, xalqımızın varlığının mövcudluğu geniş dünyaya ilk növbədə məhz televiziya və radio pəncərəsindən açılır. Azərbaycan televiziya və radiosu müstəqilliyimizin sadiq qoruyucusu kimi ordumuza bərabər gücə-qüdrətə qadirdir.

Azərbaycan televiziyası və radiosu çağdaş Azərbaycan dilinin ən namuslu qoruyucusu, ən etibarlı keşikçisidir. Cəsarətlə deyirəm ki, dilimizin paklığı, ülviyyəti, şirinliyi, dadı-ləzzəti, lətafəti Azərbaycan televiziysı və radiosundakı qədər heç bir ideoloji qurumda qorunmur.

Azərbaycan televiziyası və radiosu bu dildə danışan milyonlarla insanın müəllimidir. Hansısa sözün, hansısa kəlmənin, hansısa ifadənin necə səslənməsi barədə mübahisə düşəndə anlaşılmazlığa mütləq Azərbaycan televiziyasının ekranından, Azərbaycan radiosunun dalğalarından səlis, dəqiq, tutumlu cavab tapmaq mümkündür.

Azərbaycan televizayası və radiosu Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin müqəddəs keşikçisi və təbliğçisidir.

Azərbaycan televiziyası və radiosu dünyanın beş qitəsinin beşində də şölələnən milli mənəviyyat çırağımızdır.

Mənim söylədiklərim uzun illərin təcrübəsi əsasında gəlinən qənaətdir. Azərbaycan radiosu ilə 1950-ci ildən ünsiyyətdəyəm. Hələ tələbə olanda "Gənclik" redaksiyasına məqalələr yazırdım. Azərbaycan televiziyası ilə 1958-ci ildən bağlıyam. Tələbə ola-ola televiziyanın keçirdiyi müsabiqədə qalib gəlmişəm, qonaq dəvət olunmuşam. Elə o vaxtdan da televiziyanın sehrli aləmi məni ram edib və indiyənədək həmin sehrin sirli-cazibəli məftunluq dairəsindəyəm. Günki bu gün də Azərbaycan televiziyası və radiosu özünün ideal missiyasını şərəflə, ləyaqətlə yerinə yetirir. Çoxsaylı televiziya kanalları, radio dalğaları içərisində Azərbaycan televiziyası və radiosu müqəddəsliyini daim uca tutur. Onun böyük kollektivində, adi işıqçıdan tutmuş şirkət rəhbərinədək, peşəyə, sənətə vurğunluq, televiziya və radioya bağlılıq heyranlıq doğurur. Burada işindən, yaradıcılığından ləzzət almayan, dövlətçiliyimizin əbədi keşikçisi olan qurumda işləməkdən qürur duymayan işçi inanmıram ki, tapılsın.

Azərbaycan televiziya və radiosunun inkişafı, yeni-yeni texnologiyalarla təchizatı daim ölkə Prezidenti cənab İlham Əliyevin, birinci vitse prezident, Heydər Əliyev fondunun sədri, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur.

Azərbaycan radiosunun 92, televiziyasının 62 yaşı tamam olur. İlk baxışda bu iki rəqəm quru, soyuq, adi, bəlkə də ötəri təsir bağışlayar. Amma di gəl ki, Azərbaycan radiosu öz verilişlərində, öz yaradıcılıq qayəsində xalqımızın indi içində yaşadığı 2018-ci ildən də çox qədimlə bağlı olan mədəniyyətmizin salnaməsini yaradıb. Radio verilişləri ilə biz yüz-yüz illərin işığında musiqimizin əzəmətini duyuruq, Nizami, Nəsimi, Xaqani, Füzulu, Mirzə Fətəli, Seyid Əzim, Sabir, Cavid, Vurğun irsinin salnaməsinin ilmə-ilmə əbədiyyət xalçasına toxunmasının şahidi oluruq.

Azərbaycan televiziyası 62 ildə yüzlərlə 62 ilə bərabər olan sənət xəzinəsinə lentlərdə əbədiyyət qazandırıb. Xalqımızın keçdiyi rəşadətli, qəhrəmanlıq dolu, həmçinin ziddiyyətli, burulğanlı tarixi yolun salnaməsini məhz Azərbaycan televiziyası əbədiləşdirib. Cəsarətlə deyə bilərəm ki, min ildə müxtəlif vasitələrlə xalqa verilən maarifçilik işığından daha artığını Azərbaycan televiziyası 62 ildə  millətimizə bəxş edib.

Mən bir iqtisadçı kimi deyə bilərəm ki, Azərbayçanın iqtisadi yüksəlişi, bu istiqamətdə görülən möhtəşəm işlər, həyata keçirilən dünya əhəmiyyətli islahatlar barədə ən doğru, ən ətraflı məlumatı Azərbaycan televiziyası və radiosu verilir. Kənd təsərrüfatımızda gedən vüsətli yeniliklər barədə məlumatları da məhz AzTV-dən alırıq.

Xalqın mənəviyyatını qorunması, milli əxlaqi dəyərlərin paklğının saxlanması üçün AzTV nəhəng işlər görür. İncəsənətimizin elə bir sahəsi yoxdur ki, Azərbacan televiziya və radiosunda işıqlandırılmasın. Bu qurumun onlarla verilişi var ki, onların adlarını çəkmək və gördükləri maraqlı işləri xatırlatsaq, bir neçə qəzet səhifəsinə sığmaz. Ona görə də hansısa verilişi xüsusi qeyd etməyə ehtiyac duymuram. Gördüklərimizin, eşitdiklərimizin hamısı bir-birindən məzmunlu, bir-birindən mənalı, bir-birindən dolğundur.

Azərbaycan dünya siyasətində günü-gündən özünəlayiq möhtəşəm yer tututr. Ölkəmiz buna ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident cənab İlham Əliyevin bu ənənəni qətiyyətlə davam etdirməsi ilə nail olub. Milyonlarla soydaşlarımıza bu qələbələrdən, bu nailiyyətlərdən ilkin xəbər verən məhz Azərbaycan televiziya və radiosudur.

Yuxarıda yazdığım kimi, mənim radio və televiziya ilə ünsiyyətim 60 ilə yaxındır. Bu illərdə həm dəyişməz qanunlar formalaşıb, həm də çox-çox şeylər, münasibətlər, reallıqlar dəyişib. Monolit əzəmətli dəyişməzlik Azərbaycan dövlətçiliyinin və Azərbaycan dilinin müqəddəsliyini göz-bəbəyi kimi qorumaqdır. Bu gün bu ənənə daha inamla və qətiyyyətlə davam etdirilir.

Mən işimlə və millət vəkilliyimlə bağlı ölkəmizə gələn rəsmi qonaqlarla söhbətlər edirəm. Rəsmi görüşlərdən sonrakı söhbətlərimizdə onlar Azərbaycanın siyasi-iqtisadi gücündən, vətənimizin günü-gündən çiçəklənməsindən fərəhlə danışırlar. Onu da qeyd edirlər ki, Azərbaycan Respublikasına səfər etməmişdən əvvəl onun barəsində müəyyən məlumat almaq üçün tərcüməçilər vasitəsilə AzTV-nin verilişlərinə baxırıq. Bu gözəlliyi, bu füsunkarlığı öz gözlərimizlə görmək üçün Azərbaycana böyük həvəslə gəlirik.

Bax, Azərbaycan televiziya və radiosunun təbliğat qüdrəti budur!

Son 12 ildə AzTV-də yüksəlişə doğru çox dəyişikliklər olub. Burada dünyanın ən öncül texnikaları ilə təchiz olunan "İdman Azərbaycan" və "Mədəniyyət" kanalları açılıb. Dünyanın ən məhşur idman yarışları "İdman Azərbaycan" kanalı ilə translyasiya olunur. Ən əsası isə odur ki, bu kanal öz verilişlərini ödənişsiz yayımlayır. "Mədəniyyət" kanalı təkcə Azərbaycanı əhatə etmir. Dünyanın ən məşhur muzeyləri, teatrları, musiqi kollektivləri, sənət korifeyləri, geniş mənada mədəniyyət xəbərləri barədə bu kanalda gözəl-gözəl verilişlər olur.

Təbii ki, hər bir dövlət müəssisəsinin, yaxud özəl qurumun işlərinin qaydasında getməsi ilk növbədə rəhbərliyin peşəkarlığı, idarəçilik bacarığı və kollektivin işgüzarlıq əzmi ilə bağlıdır. AzTV-nin kollektivinin peşəkarlığı göz qabağındadır. Bunu ekrandan görürük, radio dalğalarından eşidirik. AzTV-nin yeniləşmə ritmini, quruculuq və yaradıcılıq əzəmətini görmək üçün son illərdə yeni televiziya korpusunun istifadəyə verildiyini xatırlamaq kifayətdir. Təkcə bu korpusun texniki avadanlığının sayı, keyfiyyəti, sahəsi, işıq cihazları, çəkiliş kameraları, idarə pultları, iş otaqlarının rahatlığı əvvəlki ildəkilərdən qat-qat artıqdır, çoxdur, yaxşıdır.

Azərbaycan televiziyası və radiosu fasiləsiz işləyir. Eyni zamanda çox ciddi, məqsədyönlü proqram, fundamental konsepsiya əsasında işləyir. Uzaq Şərqlə, Amerika ilə bizim vaxt fərqimiz 10-12 saatdır. Buna görə də xaricdə yaşayan soydaşlarımızın daim Azərbaycanla, dilimizlə, musiqimizlə, digər mənəvi dəyərlərimizlə təmasda olmaları üçün gecə proqramları xüsusi prinsiplə qurulur.

Azərbaycan televiziya və radiosu xalqımızın mənəviyyat çırağıdır. Ona görə də bu kollektivdə işləmək hər bir işçiyə qürur və şərəf verir.

Ziyad Səmədzadə
akademik, millət vəkili

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!