Zəngəzur dəhlizi və qürurun kədəri - Qəşəm NƏCƏFZADƏ

Tanınmış ədəbiyyatşünas, tərcüməçi, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynliyə...

 

Seyfəddin Hüseynlini hər dəfə dinləyəndə - səsinin qalxıb-enən qanadlarında qədim bir zəngulənin - vaxtı ilə dağlardan arana, geniş bir çölə sərilən, sakitləşən ritmlərini hiss eləyirəm və mən həmişə insanı, xüsusən də, qələm adamlarını səsi ilə, səsinin quruluşu ilə, açıq saitlərin atılıb-düşməsi ilə tanıyıram. Demək, zəngulə arana enmişdir və aram-aram dünyanın kələ-kötürlü işləri, ağlı-qaralı rəngləri ilə çulğalaşıb yaşayırdı.

Bu qarabəniz oğlanın sinəsini irəli verib, əllərini çənəsində çarpazlayıb fikrin ləngərinə uyğun səsinin şəlalələnməsi bizim ədəbiyyatın neməti idi, onun sözlə nəfəs alması, xüsusən, tərcümə işi ilə davamlı məşğul olması səsinin, zənguləsinin müdrikləşməsi prosesində ilk dəfə fikrimi diksindirən cümləsində "Mən çox kədərliyəm və həm də qürurluyam" deməsində artıq qürurun kədərini dərindən hiss elədim və iki qardaş tabutu M. Füzulinin şah beyti kimi qarşımızda idi. Tabut önündə ilk dəfə ağlayan ədəbiyyatı gördüm. Zəngulənin göz yaşları vardı, qürurun kədəri bizi yandırırdı. Ötən ilin dekabrından göylərdə bir təyyarə zənguləmiz də vardı. Zəngulə zənguləyə qarışırdı.

Mən həmişə elə bilmişəm ki, ədəbiyyat dünyanı xilas edəcək, atılan topları, açılan güllələri susduracaq. Rus-Ukrayna, İran-İsrail müharibəsi olan dünyada, elə bil, heç ədəbiyyat yox imiş, indiyə kimi bir dənə şeir də yazılmayıbmış, bir nəğmə belə bəstələnməyibmiş. Quşların uçduğu göylərdə raketlər uçur, təyyarələr vurulur. Bu da əsrlər boyu əl açdığımız göylərin taleyi! Demək, mən aldanmışam, şeirin, ədəbiyyatın gücü yoxmuş insanı xilas eləməyə. Yox, mən bunu yandım dedim, ədəbiyyat mübarizə apardığı yerlərdə şeir oxunmur, dünya iki hissəyə parçalanır: Ədəbiyyat və nəğmələr, iqtisadiyyat və müharibələr... Dartışırlar... günahlı, günahsız insanlar ölür, səslər şəlalələşir, zəngulələr şahə qalxır.

Seyfəddin Hüseynlinin ötən il nəfis şəkildə çapdan çıxmış "Tərcümə təcrübələri" kitabı stolumun üstündədir. Amerika, Argentina, Rusiya, Çin, Fransa, İngiltərə, İsrail, İtaliya, Ukrayna, Yaponiya, Suriya və başqa ölkələrin yazıçılarından etdiyi tərcümələrdən barıt qoxusu gəlmir, çiçək ətri gəlir, bəs bu güllələr harda doğulur, harda əkilir, bilmirəm. Böyük Rəsul Rza deyirdi, "Mən istəyirəm güllər açılsın, güllələr açılmasın, amanlı, ya amansız. Mən istəyirəm buludlar ağlasın, körpələr ağlamasın, analı, ya anasız". Böyük ustadın bu fəryadını eşidən oldumu, bir güllə susdumu, bir barıt torbası nəmlədimi? Əsla yox, güllələr daha da doğdu, törədi. Nazim Hikmət demiş: "Ürəklərin qulaqları kardı, kar".

Seyfəddinin etdiyi tərcümələri öz səsilə oxuyuram və mənə elə gəlir ki, bu yazını da onun səsi ilə yazıram. Zərif zəngulə axışı, ləngər, səsinə uyğun gözlərin öz həlqəsində çırpınması, üzdə kədər toxunuşu...Qürurun kədəri.

Mən şəkilləri çox sevirəm. Son həftənin şəkillərində ən çox Seyfəddin vardı, yanında Rəşad, Aqil Abbas, Səlim və dostları... Şəkil şeirdən, hekayədən daha çox oxunur, məncə. Yadıma Vaqif Bayatlı Odərin aşağıdakı misraları düşür:

 

Ölsək, ayaq üstə basdırın bizi,

Bu yurdun dərdləri ağlana bilməz.

Dünyanın dərdləri qurtarmayınca,

Şairin gözləri bağlana bilməz.

 

Seyfəddinin hava limanında ("qardaşlarını" gözləyərkən) baxışları, çarəsizliyi və lap uzaqlara baxmağı məni kövrəldir, ağladır. Nə səs ata bilirəm, nə də zəng edə bilirəm. Elə bilirəm, nəyisə öyrənə bilsəm, hər şey gerçək olacaq. Qoy elə belə, hər şey yalan kimi qalsın. Ancaq indi tabutları görəndə...Bunun əvəzi idimi Seyfəddinin rus dilindən etdiyi tərcümələr? Rus şairlərinin, yazıçıların əsərlərinin dilimizə çevirməyinin mükafatı idimi, iki qardaş tabutu? Hanı Rus ədəbiyyatı, hanı Puşkin, Lermontov, Dostoyevski? Hanı, hanı, hanı ədəbiyyat? Ağlımdan qulağıma bir səs gəlir: onlar da kiminsə gülləsi ilə ölüblər.

Və hamının səsində bir zəngulə qalıb, yarı pəsdən, yarı da zildən.

Seyfəddin, bir şeyi bilirəm, səsin tərcüməsi yoxdur, o bütün dünyada oxunur, sənin qardaş harayın bütün dillərdə zəngulədir. Xanın, Yaqubun, Arifin zənguləsi kimi. Sözün bəzən səhv başa düşüləcəyinə inanıram, amma səs heç vaxt adamı aldatmır. Sənin səsin heç vaxt yadımdan çıxmaz.

Seyfəddin, görəsən, bizdən nəyin heyfini çıxırlar?! Qarabağda doyunca nəfəs alırıq, onunmu heyfini? Zəngəzur dəhlizində addımlarımızın vüsalınımı? Səbirli, dözümlü olduğumuza görəmi? Nəyi nə vaxt edəcəyimizi bildiyimizə görəmi? Bir tabut altında birləşməyimizi bacardığımıza görəmi?

Seyfəddin, sənin kədərin xalqımızın kədəridir, dünyada baş verən siyasi iqlimin kədəridir. Və inanıram, sən Zəngəzur dəhlizində ilk addımlayanlardan olacaqsan. Və inan, hamımızın çiynində bir tabut var, bəlkə də çiyinlərimiz tabut daşımaq üçündü, aparırıq torpağın altına, biz gələnəcən torpağı qızdırsınlar, biz də gedəcəyik torpağın altına, torpağın üstünü qorumaq üçün...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!