Ramiz Duyğun vəfat edib

 

Amansız ölüm tanınmış şair və hərbi jurnalist Ramiz Duyğunu aramızdan apardı.

Ramiz Məmməd oğlu Məlikov 1938-ci il fevralın 10-da Sabirabad rayonunun Güləcühür kəndində anadan olub.

1956-cı ildə Şirvan şəhərində orta məktəbi bitirib həmin il Azərbaycan Tibb Universitetinə daxıl olub. 1962-ci ildə müalicə həkimi ixtisası üzrə SSRİ  silahlı qüvvələrinin zabit kadrları korpusunda 25 il müddətinə hərbi xidmətə göndərilib. Hərbi xidmətə Rostov şəhərində başlayıb, Belarus hərbi dairələrində davam etdirib.

1989-cu ildə tibb xidməti polkovniki rütbəsində ordu sıralarından tərxis edilib. SSRİ silahlı qüvvələrində xidmət etdiyi 27 il ərzində SSRİ  dövlətinin 15 təltifi, o cümlədən “SSRİ Silahlı Qüvvələri veteranı medalı və Sovet Müharibə Veteranları Komitəsinin Rəyasət heyəti tərəfindən “1941-1945-ci illərdə Qələbənin 35 illiyi” diplomu ilə mükafatlandırılıb. Vətənpərvərlik mövzusunda keçirilən ümumittifaq miqyaslı bir çox simpozium və konfransda iştirak edib.

1973-cü ildə xidmət yeri Bakı şəhərinə dəyişdirildikdən sonra hərbi jurnalistika ilə məşğul olub. Azərbaycan Dövlər Teleradio Komitəsinin Hərbi Vətənpərvərlik redaksiyasının “Hünər” proqramının aparıcı və müəlliflərindən biri kimi səmərəli fəaliyyət göstərib. Bu əməkdaşlıq 17 il fasiləsiz davam edib. 1978-1989-cu illərdə  Tibb Universitetinin xüsusi hazırlıq kafedrasında  müəllım, baş müəllım və şöbə rəisi vəzifələrində çalışıb. Hərbdən tərxis edildikdən sonra Azəbaycan Sovet Ensiklopediyası “Xatirə” redaksiyasında qrup rəhbrinin müavini, Azərbaycan Ziyalıları Demokratik İttifaqı Xeyiyyə Cəmiyyətinin sədri olub.

1990-cı ilin qanlı yanvar hadisələrindən sonra SSRİ DTK-sı tərəfindən həbs edilən Xalq şairi Xəlil Rza Ulutürkün Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaradılan Müdafiə Komitəsinin təşəbbüskarlarından və təşkilatçılarından biri,  Müdafiə  Komitəsinin katibi idi. Bu prosesin bütün mərhələlərində şairin ictimai vəkili və məhkəmə prosesində müdafiəçisi kimi iştirak edib. Müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına könüllü daxil olub. Müdafiə Nazirliyi informasiya və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1992-ci ilin fevral ayında Nazirliyin mətbu orqanı olan “Azərbaycan Ordusu” qəzetini yaradıb. O zamankı müdafiə nazirini və Silahlı Qüvvələrin Baş qərargah rəisini mətbuatda  tənqid etdiyinə görə, vəzifəsindən azad edilib və ehtiyata göndərilib. 1992-ci ilin iyulunda yenidən orduya çağırılıb.  Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunlarının mətbuat xidmətinin rəisi vəzifəsinə təyin edilib. Sərhəd qoşunlarının “Sərhəd” qəzetini yaradıb. İki il müddətində qəzetə baş redaktorluq edib. İki ildən sonra yenidən Tibb Universitetinə dəvət olunub. 1995-ci ilin fevralında Müdafiə Nazirliyinə hərbi xidmətə çağırılıb və Nazirliyin Hərbi Tədqiqatlar idarəsi rəisinin müavini vəzifəsinə təyin edilib. 1996-cı il mayın 23-də yenidən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsinə təyin  olunub.

Hərbi xidməti dövlətimiz tərəindən yüksək qiymətləndirilib. Dövlətimizin 10 medalı, o cümlədən “Azərbaycan Silahlı Qüvvələri veteranı” medalı ilə təltif edilib. 2006-cı ildə  “Azərbaycan bayrağı” ordeninə layiq görülüb.

Orta məktəb illərində şeir yazmağa başlayıb. “Yaşa, Azərbaycanım” adlı ilk mətbu şeiri 1959-cu ildə  “Gəncliyin səsi” almanaxına daxil  edilib. Bir müddət Azərbaycandan uzaqlarda xidmət etdiyindən dövri mətbuatda imzası az-az görünüb. Bakıya qayıtqıddan sonra “Vətən kimi şirin”, “Göy üzü  damar-damar”, “Haray, dünya”, “Sənə and içirik, Şuşa qalası”, “Silkələn torpağım, püskür torpağım”, “Təki Vətən yaşasın”, “Məni döyüşə burax”, “Qalibiyyət dastanı” kimi şeirlər və poemalardan ibarət kitabları nəşr edilib. Tərcümə sahəsində də fəaliyyət göstərib. Ukrayna yazıçısı Tutıkın “Onlar başqa cürə ola bilməzdilər”, L.Borodetski və R.Zeynalovun “416-cı Taqanroq diviziyası” sənədli povestlərini tərcümə edib. Ramiz Duyğunun tərcüməsində  görkəmli rus şairi Robret Rojdestvenskinin “İntizar” poeması Azərbaycan Dövlət Televiziyasında monotamaşa şəklində göstərilib. “Əbədiyyətdən gələn məktub” mənzum pyesi əsasında televiziyada eyni adlı tamaşa təqdim olunub. Cəmşid    Naxçıvanski adına Hərbi liseyin yaradılmasnıın 15 illiyi münasibətilə yazdığı ssenari əsasında Azərbaycan Dövlət Kinostudiyasında “Ağ atlı oğlan nağılı” adlı iki hissəli tədris filmi çəkilib. “Xarı bülbül” adlı pyesi Qusar Dövlət Ləzgi Teatrının repertuarına daxil edilib.

Tanınmış şair, publisist, səmimi insan, qələm yoldaşımız Ramiz Duyğunun işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!