Almatıda "Az i Ya"nın 50 illik yubileyi təntənə ilə qeyd olunub

Tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edib

 

Mayın 27-də Almatı şəhərində YUNESKO-nun himayəsi altında fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi görkəmli qazax yazıçısı Oljas Süleymenovun "Az i Ya" əsərinin 50 illiyi ilə əlaqədar olaraq "Türk-slavyanşünaslığının doğuluşu" mövzusunda VII beynəlxalq konfrans keçirilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu konfrans barədə təəssüratlarını "Ədəbiyyat qəzeti"nin oxucuları ilə bölüşüb:

"Almatı Xalq Təsərrüfatı İnstitutunun böyük zalında təşkil olunmuş konfransda dünyanın bir çox ölkələrindən tanınmış alim, yazıçı və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycandan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, professor, filologiya elmləri doktoru Telman Vəlixanlı, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlilov və mən də iştirak edirdik.

Oljas Süleymenov zala daxil olanda tədbir iştirakçılarının isti reaksiyası, necə deyərlər, sürəkli alqışlar artıq əfsanəyə çevrilmiş bu böyük qazax şairinə, mütəfəkkirinə dərin hörmət və sevginin əlaməti idi.

İlk və əsas paneli Qazaxıstan Jurnalistika Akademiyasının prezidenti Saqımbay Kozıbəyov aparırdı.

Girişdə Tatarıstan Respublikasının sabiq prezidenti, hal-hazırda dövlət müşaviri Mintimer Şaymiyevin məktubu oxundu. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, TÜRKSOY-un prezidenti Sultan Rayevin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə müşaviri Mixail Şvıdkoyun, görkəmli tacik yazıçısı Timur Zülfüqarovun video-müraciətləri təqdim edildi.

Akademik Nizami Cəfərov ilk panel iclasında geniş və tədbir iştirakçılarının diqqətinə səbəb olan məruzə etdi. O bir çox diqqətçəkən məqamlarla yanaşı, eyni zamanda bu fikirləri də dedi: "Az i Ya"da öz əksini tapmış elə ideyalar var ki, müəllifin əvvəlki araşdırmalarının məhsuludur, ancaq elə müddəalar da var ki, burada - "Az i Ya"da əsası qoyulur, daha geniş izahatı isə müəllif sonrakı əsərlərində verir.

Əlbəttə, əlli il bundan əvvəl olduğu kimi, bu gün də "Az i Ya"nın müəyyən mülahizələri ilə mübahisə etmək olar, ancaq onun hər cür dialoq-müzakirəyə açıq olan elmi-intellektual (və metodoloji) "aura"sı hələ də öz sağlamlığını, təravətini itirməmişdir. Və bu, tək müəllifin yox, uğrunda mübarizə apardığı milli və ümumbəşəri ideyaların da qələbəsidir..."

Yeri gəlmişkən, həm akademik Nizami Cəfərovun, həm professor Telman Vəlixanlının "Az i Ya" ilə bağlı geniş məqalələri "Ədəbiyyat qəzeti"ndə dərc olunmuşdu.

İlk panelin sonunda mən Azərbaycan Yazıçılar Birliyinin katibliyi adından Oljas Süleymenova birliyin yeni təsis olunmuş və ilk "Məhəmməd Füzuli" medalını təqdim etdim. Təqdimat zamanı qısa çıxışımda dedim ki, biz hamımız "Manas", "Dədə Qorqud" və ya "Beovulf", "Odisseya" və s. kimi dastanların yubileylərinin qeyd olunmasına öyrəşmişik. Amma bu gün biz əfsanəvi, inqilabi, mahiyyəti və texnikası baxımından çoxqatlı kitabın yubileyini qeyd edirik. "Az i Ya" bir növ unikal elmi dastandır. Dedim ki, Oljas Süleymenova biz, eynən, öz klassiklərimizə - Anar, Elçin, İsa Hüseynov, Yusif və Vaqif Səmədoğlulara bəslədiyimiz isti münasibəti bəsləyirik. Bakıda, Azərbaycanda Oljas ağa hörmət və ehtiramlə anılır, sevilir. Onun Azərbaycanın, azərbaycanlıların çətin anlarındakı dəstəyini biz unutmuruq.

Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyev Oljas Süleymenova həmişə dərin ehtiramla yanaşıblar. Təqdim etdiyimiz medal da həmin hörmətin, sevginin əlamətidir.

Sonrakı paneldə professor Telman Vəlixanlı ""Az i Ya"da türk-slavyanşünaslığının qaynaqları", doktor Ağaverdi Xəlilov " "Az i Ya" Avrasiyanın təməl kitabı", Azər Turan "Türk Birliyinin Zəfərini müjdələyən "Az i Ya"" mövzularında çıxışlar etdilər, mən də ""Az i Ya": mütailə zamanı qeydlər" adlı bir çıxış etdim.

Tədbir zamanı Qazaxıstan Jurnalistika Akademiyasının təsis etdiyi "Oljas Süleymenov" medalı "Ən yaxşı publisist" nominasiyası üzrə Xalq yazıçısı Elmira Axundovaya verildi. Elmira xanım tədbirdə iştirak etmirdi deyə, medalı onun adından qəbul etmək mənə qismət oldu. Mən Elmira xanımı təbrik edirəm. Yeri gəlmişkən, Elmira xanım Qazaxıstan Jurnalistika Akademiyasının prezidenti Kozıbayevaya məktub ünvanlayıb. Həmin məktubda çox isti, səmimi minnətdarlıq dolu sözlər var. Elmira xanım yazır ki, türk dünyasının görkəmli oğlu Oljas Süleymenovla dostluğumdan qürur duyuram, o mənim "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı çoxcildlik publisistik epopeya üzərində işləyərkən həqiqi müəllimim, məsləhətçim və himayədarım olub...

Bir sözlə, "Az i Ya"nın yubileyi və bu yubileyə həsr olunmuş konfrans çox maraqlıydı, çox yaxşı təşkil olunmuşdu və fikrimcə, çox vacib konfrans idi.

Və maraqlı, vacib məqamlardan biri də nəşr edilmiş və konfrans iştirakçılarına paylanmış iki kitab - "Az i Ya"nın Oljas Süleymenovun əsərin üzləşdiyi çətinliklərdən bəhs edən Ön sözüylə yeni nəşri, bir də kitab ətrafındakı təqib və repressiv addımların xronologiyasından müfəssəl bəhs edən sənədlər toplusu - "Bəxtsiz təyinatlı sənədlər" kitabıydı.

Mən Oljas Süleymenovun köməkçisi və Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin xarici əlaqələr və elmi məsələlər üzrə direktor müavini cənab İqor Krupkoya, mərkəzin bizi səfər boyu müşayiət edən nümayəndəsi Səltənət xanıma göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə təşəkkür edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!