Sərvaz Hüseynoğlunun yeni kitabı təqdim olundu

 

İyunun 4-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-publisist Sərvaz Hüseynoğlunun şair Fəxrəddin Teyyubun yaradıcılığını müxtəlif yönlərdən incələyən "Yaşıl xatirədir ömrün hər günü" kitabının təqdimat mərasimi keçirildi.

Fəxrəddin Teyyubun 75 illik yubileyinin də qeyd olunduğu tədbiri AYB-nin katibi Səlim Babullaoğlu açaraq təqdim olunan kitabın məziyyətlərindən, eyni zamanda, Fəxrəddin Teyyubun yaradıcılığı və səmimi, qayğıkeş təbiəti haqqında xoş ürək sözlərini dilə gətirdi.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli çıxış edərək bildirdi ki, Sərvaz Hüseynoğlunun yaradıcılıq imkanları ilə yaxşı tanışdı. O, bədii sözün iç dünyasını yaxşı duyur. Əsas odur ki, əsl sənəti duyur. Onun təbliğinə böyük əmək sərf edir.

Vurğulandı ki, Sərvaz Hüseynoğlunun Fəxrəddin Teyyubun yaradıcılığını müxtəlif yönlərdən incələyən "Yaşıl xatirədir ömrün hər günü" adlı kitabı elmi-publisistik və bədii üslubun qovşağında qələmə alınıb. Kitabda Fəxrəddin Teyyubun poetik imkanları, özünəməxsus ifadə tərzi yetərincə incələnib. Ən əsası, Sərvaz Hüseynoğlu qələm dostunun yaradıcılığından seçmələri olduqca pünhan sevgi unudulmazlığı, eşqin ölməzliyi fonunda təhlilə cəlb edib. Gətirilən nümunələri sevən bir qəlbin səmimi etirafları izləyir. Bu, ədəbi araşdırma təcrübəsində bir ilkdir. Və hər iki müəllifin duyğusal düşüncələrinin bənzərsiz, iç-içə uzantılarıyla həmahəngdir.

Tədbirdə filologiya elmləri doktorları Vaqif Yusifli, İslam Sadıq, Tahir Taisoğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru, folklorşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Adil Cəmil, filologiya elmləri üzrə fəlsəfə doktoru Loğman Rəşidzadə, şair və yazıçılardan Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Təranə Dəmir, Yusif Nəğməkar, İbrahim İlyaslı, Kənan Hacı, Kamran Nəzərli və başqaları çıxış edərək təqdim olunan kitabla bağlı təəssüratlarını bölüşdülər.

Çıxış edənlər, eyni zamanda, Fəxrəddin Teyyubun özünəməxsus yaradıcılığından, poetik dünyasından ətraflı söz açdılar.

Vurğulandı ki, təqdim olunan kitabda söhbət olduqca səmimi, kövrək, yaşanmış duyğulara vəfalı poeziya, yaradıcılıq faktından, eyni dərəcədə də bu yaradıcılığa kövrək, heyranlıqla izlənən münasibətdən gedir.

Sözügedən kitabın müəllifi Sərvaz Hüseynoğlu vurğuladı ki, Fəxrəddin Teyyubun yaradıcılığı mənə imkan verdi ki, illər boyu ismi pünhan olan bir könül dostuma olan əbədiyaşar duyğularımı Fəxrəddin Teyyubun poetik düşüncələri boyunca ifadə etdim. Bu, həm də daxili, ruhi bir etiraf, təmizlənmə məqamıdır. Bu kitab mənim, Fəxrəddin Teyyubun və o ismi pünhanın birgə kitabıdır. Əbədi var olan bir eşqin kitabıdır... Fəxrəddin Teyyubun yaradıcılığı o aləmdən gəlir. Yəni, ürəyə yatır, ruhu oxşayır, düşüncəni sarır. Yəni, gözəl olanlardandır. Bu yazılanlar Fəxrəddin Teyyubun, onun şair imkanları haqqında deyilənlərin obrazlı, təvəzökarlıqdan uzaq olsa da, mükəmməl təsdiqidir.

Sonda Fəxrəddin Teyyub çıxış edərək tədbirin keçirilməsinə yaratdığı şəraitə görə AYB rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlıq etdi, yeni şeirlərini oxudu.

 

Aynur Hətəmova

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!