Qürbətdə yazılan vətən nəğməsi - Xəlil Rzanın şair və mücahid portreti

Türkiyədə yaşayan azərbaycanlı tədqiqatçı Mahirə Asker (Qayıbova) tərəfindən qələmə alınmış "İstiqlal Şairi Xəlil Rza Ulutürk" adlı əsər işıq üzü görüb. Azərbaycan poeziyasının mübarizə simvoluna çevrilmiş, türklük sevdalısı, istiqlal mücahidi Xəlil Rza Ulutürkün həyat və yaradıcılığına həsr olunmuş bu monoqrafiya, qardaş ölkədə bu mövzuya həsr edilən ilk elmi nəşr olmaq etibarı ilə xüsusilə əhəmiyyətlidir. Bu baxımdan, əsərin nəşri təkcə elmi deyil, eyni zamanda milli-mənəvi müstəvidə də mühüm və əlamətdar bir hadisə kimi qiymətləndirilməlidir.

Kitabın ön sözünün müəllifi - Xəlil Rza Ulutürk irsinin yorulmaz tədqiqatçısı, tanınmış ədəbiyyatşünas Əlizadə Əsgərli - şairi sadəcə bir ədib kimi deyil, həm də dövrünün vicdanı, azadlıq və milli kimlik mübarizəsinin poetik siması kimi təqdim edir. Onun vurğuladığı kimi, Xəlil Rzanın yaradıcılığında əksini tapan istiqlal, türklük, ana dili və ədalət anlayışları, onun bütöv və prinsipial şəxsiyyəti ilə tam vəhdət təşkil edir.

Dörd əsas fəsildən ibarət olan monoqrafiyanın birinci fəslində Xəlil Rzanın həyatı, təhsili, ədəbi fəaliyyəti və dövrün ədəbi mühitindəki yeri geniş şəkildə təqdim olunur. İkinci və üçüncü fəsillərdə isə onun şeirlərində yer alan fərdi (sevgi, təbiət, sənət) və ictimai (vətən, azadlıq, Güney Azərbaycan problemi, milli şüur) mövzular tematik sistemləndirmə və analitik yanaşma ilə təhlil olunur. Dördüncü fəsil isə Xəlil Rzanın poetik dili, ifadə tərzi və üslub xüsusiyyətlərini əhatə edir.

Əsərdə Xəlil Rza Ulutürkün sovet totalitarizmi ilə mübarizəsi, Lefortovo zindanında keçirdiyi məhbəs həyatı, milli azadlıq hərəkatındakı fəallığı və oğlu Təbrizin Qarabağda şəhid olması kimi taleyüklü epizodlar sənədlərə əsaslanaraq oxuculara təqdim edilir. Bu baxımdan, kitab həm tarixi yaddaşın qorunması, həm də milli kimliyin dərki baxımından mühüm bir mənbədir.

"İstiqlal Şairi Xəlil Rza Ulutürk" təkcə Azərbaycan oxucusu üçün deyil, eyni zamanda Türkiyədə yaşayan və təhsil alan gənc nəsil üçün də Xəlil Rzanın poetik irsini və mübarizə yolunu tanıtmaq baxımından əhəmiyyətli bir vəsaitdir. Bu nəşr, həm də Azərbaycan ədəbiyyatının Türkiyədə elmi əsaslarla təbliği yolunda atılmış mühüm addımlardan biridir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!