Azərbaycanın mədəniyyət və maarifçilik tarixində mühüm xidmətləri olan Mirzə Ələkbər Süleymanov haqqında kitab işıq üzü görüb.
“Mirzə Ələkbər Süleymanov – maarif fədaisi, teatr xadimi” adlı kitabın tərtibçisi Naxçıvan Muxtar Respublikasının sabiq mədəniyyət və turizm naziri Sarvan İbrahimov, arxiv sənədlərini rus dilindən Azərbaycan dilinə tərcümə edən Tünzalə Hüseynovadır.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində (Naxçıvan) çapdan çıxan kitabın ərsəyə gəlməsində pedaqoji elmləri doktoru, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü Hüseyn Əhmədovun “XIX əsr Azərbaycan məktəbi” kitabından, pedaqoji elmlər doktoru İbrahim Möllayevin “Naxçıvan teatrının salnaməsi”indən və elmi məqalələrindən, pedaqoji elmlər doktoru Vahid Rzayevin “Naxçıvanda məktəb və pedaqoji fikir: XIX əsr və XX əsrin əvvəlləri“, tarix elmləri doktoru Fəxrəddin Cəfərov və tədqiqatçı Zülfiyyə İsmayılovanın “Naxçıvanın məktəb tarixindən səhifələr” kitablarından istifadə olunub.
Arxiv sənədlərinin, tarixi fotoların da yer aldığı kitabda maarif fədaisi və teatr xadimi M.Ə.Süleymanov haqqında dövrü mətbuatda dərc edilən yazılar, o cümlədən Savalan Fərəcovun “Mədəniyyət” qəzetinin 18 yanvar 2016-cı il tarixli sayında çap olunan “Maarif fədaisi, teatr xadimi” sərlövhəli məqaləsi verilib.
Ələkbər Süleyman oğlu Süleymanov 1862-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. 1879–1882-cu illərdə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Sonra Şərur qəzasında yeni açılan Yengicə kənd məktəbinə müdir təyin olunur, həmçinin rus dilini tədris edir. 1890-cı ildən Cəlilkənd ikisinifli kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Məhəmməd bəy Qazıbəyov, Əbülqasım Sultanov, Rəhim Rəhimov, Kərim bəy Səfiyev və başqa tanınmış ziyalılarla çiyin-çiyinə çalışır. 1894-cü ildə Naxçıvan şəhərinə gələn M.Ə.Süleymanov görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” məktəbində rus dili fənnini tədris edir. 1914-cü ilədək məktəbin müdiri və müəllimi kimi fəaliyyət göstərdikdən sonra təqaüdə çıxır. Tanınmış ziyalı, maarif və teatr xadimi 1921-ci ildə Naxçıvan şəhərində vəfat edib.
Kitabda Mirzə Ələkbər Süleymanovun həyatı və fəaliyyəti araşdırılarkən XIX-XX əsrin əvvəllərində Naxçıvan təhsil tarixinə, eyni zamanda həmin dövr Azərbaycan təhsil tarixinə nəzər salınıb. Kitab geniş oxucu kütləsi üçün də maraqlı mənbədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!