Mayın 31-də “Libraf” kitab mağazasının “Park Akademiya” filialında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Rəng mühəndisi” romanının təqdimatı və imza saatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, roman cəlbedici üslubu və texnikası ilə müəllifin yaradıcılığında yeni mərhələ kimi dəyərləndirilir.
“Qanun” Nəşrlər Evində işıq üzü görən əsərdə yazıçı xəyali bir məkanda baş verən milli azadlıq hərəkatı və onun nəticələri kontekstində siyasət-sənət münasibətlərinə bədii-estetik pəncərədən baxmağa çalışır.
Bəşəriyyətin xilası ideyası bu dəfə fərqli bir rakursdan dəyərləndirilir, ona bir az ironik, bir az da absurd münasibət göstərilir.
“Rəng mühəndisi” Şərif Ağayarın sayca altıncı romanıdır. Oxucular indiyədək onun “Haramı”, “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Ağ göl” və “Komandir” romanları ilə tanışdırlar. O, eyni zamanda, “Aftafalı antrakt” və “Arıların səssizliyi” hekayələr kitabının müəllifidir.
Təqdimat mərasimi və imza saatına giriş sərbəstdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!